Bağdadda İranın ali dini lideri Ayətullah Əli Xameneinin vəfatı ilə bağlı yayılan xəbərlər fonunda kütləvi aksiyalar başlayıb.
Musavat.com xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində Həşd əş-Şəbiyə bağlı qüvvələr və şiə məzhəbinin nümayəndələri küçələrə axışaraq şüarlar səsləndirir, yürüşlər təşkil edirlər. Təhlükəsizlik qüvvələri şəhərin bir sıra hissələrində nəzarəti gücləndirib.
Məlum olduğu kimi, “Həşd əş-Şəbi” rəsmi olaraq İraq dövlət strukturuna daxildir. Bununla yanaşı, qurum daxilindəki əsas fraksiyaların bir hissəsi uzun illər İslam İnqilabı Keşikçiləri Korpusu – Qüds Qüvvələri ilə sıx əlaqələr saxlayıb. Bu əlaqələr xüsusilə İraqda öldürülən Qasım Süleymaninin dövründə daha da güclü olub.
İdeoloji baxımdan Xamenei ilə bağlılıq “Həşd əş-Şəbi” daxilində açıq şəkildə ifadə olunub və müxtəlif çıxışlarda vurğulanıb. Hazırda Bağdadda vəziyyət gərgin olaraq qalır, hadisələrin inkişafı diqqətlə izlənilir.
Musavat.com






