İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı tarixçi alimdən Xameneyinin ali müşavirinə tutarlı cavab

2778 26.07.2023 09:40 Siyasət A A

“1918-ci ilə qədər Ermənistan dövləti olmayıb, var idisə, paytaxtı hansı şəhər idi..”

“İran-Ermənistan əlaqələri Əhəmənilər və Parfiya dövründən başlayır”. Bu sözləri Əli Xameneyinin ali müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalədə bildirib (Axar.az).

Ermənistanın İran üçün xüsusi və strateji əhəmiyyətə malik olduğunu yazan ali müşavir Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın ikiyə bölünməsi, İranla Ermənistan arasında olan sərhədin bağlanmasının planlaşdırıldığını iddia edib: “Dəhliz açıldıqdan sonra biz on beş ölkə ilə deyil, on dörd ölkə ilə qonşu olacağıq və İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə azad rabitəsi zərər görəcək. Bölgədə istənilən növ sərhəd dəyişikliyi uzunmüddətli gərginliyə səbəb olacaq və sərhədlərdə xarici ölkələrin olması ciddi narahatlıq doğuracaq”.

Göründüyü kimi, İranın Zəngəzur dəhlizi xofu bitmir, Tehran hələ də Ermənistanın üzərində əsir. Halbuki heç bir ərazi dəyişikliyindən söhbət getmir. Rəsmi Bakı dəfələrlə Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Azərbaycanın sülh müqaviləsi imzalamaq üçün irəli sürdüyü 5 məlum baza prinsipinin qayəsində də elə iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanıması durur.  Xomeneyinin ali müşavirinin yazısında isə Bakıya qarşı yenə xəfif, sətiraltı təhdidlər var. Digər tərəfdən, fars-erməni dostluğunun az qala, “daş dövrü”nə getdiyini iddia edən Vilayəti doyasıyla hansısa qədim “Ermənistana” işarə edir. Halbuki indiki Ermənistan bütünlüklə Türk torpaqlarında təşəkkül tapıb.  

Tarixçilərdən gözləntilərimiz - Deputat Anar İskəndərli aydınlıq gətirdi

Anar İsgəndərli

Millət vəkili, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərli mövzu ilə bağlı “Yeni Müsavat”a qeyd etdi ki, nə İran, nə də Ermənistan Cənubi Qafqazda ilk erməni dövlətinin nə zaman və hansı xalqın torpağında qurulduğu barədə suala cavab vermək istəməzlər: “1918-ci ilə qədər Ermənistan dövləti olmayıb. Var idisə, paytaxtı hansı şəhər idi? 1828-ci il martın 20-də Çar Rusiyası tərəfindən Naxçıvan və İrəvan xanlıqları ərazisində erməni vilayəti yaradıldı. İran tarixçiləri bunu çox yaxşı bilir, lakin dilə gətirmirlər. Bu gün erməni tarixçiləri də Əhəmənilər, Parfiyadan danışırlar, lakin bu danışıqlar heç bir elmi mənbəyə əsaslanmır. Ermənilər hər zaman istədiklərinə "göz yaşları" sayəsində nail olmağa çalışıblar. Görünən odur ki, “böyük Ermənistan” xəyalı puç olub.

Məlumdur ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda buna ilk etiraz İrandan gəlmişdi. İran dövləti notasında Azərbaycan dövlətinin adı ilə bağlı sual vermişdi. Təbii ki, özgə ərazidə elan olunan cümhuriyyət də İranla münasibətləri səmimi saxlamaq üçün mübahisəli heç nə olmadığını, söhbətin Qafqaz Azərbaycanından getdiyini bildirdi.  Bununla da məsələnin müzakirəsi tamamlandı. Paris Sülh Konfransında da İran yeni dövlətin yaranması ilə əlaqədar etiraz etmişdi, “bura İran ərazisidir, vaxtilə Çar Rusiyası İranla müharibədə qalib gəlib və müstəqil Azərbaycan xanlıqlarını işğal edib” və s. kimi fikirlər səslənib. Paris Sülh Konfransında İngiltərənin tələbi ilə İranın etirazları sonlandırıldı, hətta İran konfransdan uzaqlaşdırıldı.

Tarixin sonrakı mərhələlərində İran Azərbaycanın mövcudiyyətini anladı, böyük dövlətlərin Azərbaycanı tanıdığını qəbul etdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı, martın 20-də isə İran Azərbaycanı de-fakto və de-yure tanıyan ilk dövlət oldu. Sonrakı mərhələlərdə çox sayda müqavilə imzalandı, konsulluqlar açıldı. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra İran tərəfdən həm tarixçilərin, həm siyasətçilərin, həm də dövlət adamlarının Azərbaycanla bağlı müəyyən fikirləri oldu, lakin bu iki qonşu dövlət arasında münasibətləri səmimi etmirdi, əksinə, kəskinləşdirirdi. 44 günlük Vətən müharibəsi İranın Azərbaycana qarşı münasibətini üzə çıxardı. İran Azərbaycana qarşı səmimi olduğunu bəyan etsə də, faktlar əksini sübut etdi. İran nəinki qonşu kimi, hətta ərazisində yaşayan milyonlarla azərbaycanlının maraqlarını müdafiə etmək əvəzinə, Ermənistanı müdafiə etdi, Ermənistanın müharibədə məğlub olmaması üçün əlindən gələni etdi. Orada yaşayanlar həm dil, həm də din qardaşlarımızdır. Odur ki, İranın münasibəti ona hörmət qazandırmadı, çünki Ermənistan işğalçı dövlətdir. Üstəlik, Ermənistan işğal etdiyi 20 faiz Azərbaycan torpaqlarında tarixi, dini, dini abidələri təhqir etmişdi".

A.İsgəndərli Zəngəzur dəhlizi məsələsində İran və Fransanın Ermənistandan daha çox narahat olduğuna diqqət çəkdi: “Azərbaycan dövlətinin siyasətində hər bir qonşu dövlətə səmimi, dostluq, hətta qardaşlıq münasibəti var. Qarabağ ermənilərinin taleyi və s. məsələlər isə Azərbaycanın daxili işidir. Azərbaycan əleyhinə danışan İran dövlət xadimləri, parlament nümayəndələri qəhrəman olduqlarını düşünürlər. İran və Fransa haqq işimizə mane olmaq üçün mümkün olan hər şeyi edir, lakin bu əbəsdir. Azərbaycanın haqqını tanıyan dövlətlər var. Ermənilərin törətdikləri göz önündədir. İşğal etdikləri ərazidə bir tikili belə qalmayıb. Dünya Ermənistanı necə müdafiə edə bilər? Odur ki, İran Ermənistanı müdafiə etdikdə hörmət qazanmır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR