İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın böyük dostuna haqsız cəza - Xanın hakimiyyətə dönüşü mümkündürmü...

1027 08.08.2023 15:03 Siyasət A A

Pakistanın keçmiş Baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan üç il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, keçmiş hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmə həmçinin onu 100 min rupi (1209 dollar) məbləğində cərimələyib. Polis Lahorda həbs edilən Pakistanın keçmiş Baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanı helikopterlə İslamabada aparacaq. Bildirilir ki, Xanın vəkilləri onun həbsinin qanuniliyinə etiraz etmək üçün artıq Lahor Ali Məhkəməsinə müraciət ediblər.

Qeyd edək ki, partiya sədrinə qarşı dələduzluq və əcnəbi liderlərdən qeyri-qanuni hədiyyə satışı əməliyyatları ilə bağlı ittihamlar ötən il istintaq orqanlarının tələbi ilə irəli sürülüb. İmran Xan Azərbaycanın sadiq və böyük dostudur. 44 günlük müharibə zamanı Pakistanın baş naziri postunu tutub və qələbəmiz üçün gərəkən köməyi edib. Onun müstəqil siyasət apardığı üçün ABŞ-nin sifarişi ilə hakimiyyətdən uzaqlaşlırıldığı ilə bağlı oturuşmuş rəy var. Bəs İmran Xanın hakimiyyətə dönüşü mümkünmü? Həbs cəzası nə dərəcədə əngəl ola bilər?

Bəhruz Məhərrəmov: Fransanın Korsikada yerli dili qadağan etməsi insanlıq  əleyhinə cinayәtdir

Bəhruz Məhərrəmov: “Ölkələrimiz arasında əlaqələrin təməlində yalnız İmran Xan tandemi dayanmır”

Deputat Bəhruz Məhərrəmov bu həbsdən üzüldüyünü dilə gətirsə də, Pakistan qanunlarına qarışmağın beynəlxalq hüquq normalarına da zidd olduğunu söylədi: “Prezident İlham Əliyevin ötən il noyabrın 25-də Bakıda, ADA Universitetində ”Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda da ifadə etdiyi kimi, “İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”. Xüsusən Pakistanın keçmiş Baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi davamlı dəstək bizim üçün çox dəyərlidir və heç şübhəsiz ki, o, Azərbaycanın böyük dostudur. Lakin eyni zamanda da unutmamalıyıq ki, ölkələrimiz arasında əlaqələrin təməlində yalnız İmran Xan tandemi dayanmır. Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmuş, ölkələrimiz arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub. Həmin dövrdən bəri isə Pakistanda Azərbaycanla münasibətləri gərgin olan, yaxud Azərbaycana münasibətdə uyğunsuz xətt yürüdən bir iqtidar hakimiyyətdə olmayıb. Yəni Azərbaycana münasibət Pakistanda ayrı-ayrı iqtidarların seçimi yox, bütövlükdə Pakistan dövlətinin xarici siyasət strategiyasının vacib tərkib hissəsidir.  Bu il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, “Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir. Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq”.

Əlbəttə, bu mənada Azərbaycan xalqı İmran Xanı həmişə sevgi və ehtiramla xatırlayacaq. Lakin Pakistanın daxili işlərinə qarışmaq, Pakistan məhkəmələrinin qərarlarına münasibət bildirmək nə beynəlxalq hüquqa, nə də ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin xarakterinə uyğun olmaz. Bizim əlaqələrimiz Pakistanda hansısa siyasi partiya, yaxud liderin adına bağlı deyil. Yalnız son bir ilin xronologiyasına baxsaq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İmran Xandan sonra hakimiyyətə gələn Baş nazir Məhəmməd Şahbaz Şəriflə sentyabrın 16-da Səmərqənddə, oktyabrın 12-də Astanada görüşləri olub. Cənab Şərif bu il iyunun 15-də Azərbaycana rəsmi səfər edib, iyunun 29-da liderlər arasında arasında telefon söhbəti olub. Yəni hakimiyyət dəyişikliyi Pakistanın daxili məsələsidir və bizim münasibətlərə heç bir formada təsir etmir. İmran Xanın hakimiyyətə dönüşü mümkündürmü, yaxud onun barəsində məhkəmə hökmü onun iqtidara qayıtmasına mane ola bilərmi? Bu suallara cavabı zaman özü verəcək. Pakistan tarixində bu suallara cavab vermək üçün kafi sayda analoji nümunələr var. Bizim indiki halda Pakistana münasibətdə əsas məqsədimiz strateji müttəfiqlik münasibətlərinin yüksələn xətt üzrə inkişafını təmin etməkdir".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “Qədirbilən Azərbaycan xalqı olaraq biz bunu heç vaxt unutmamalıyıq”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli İmran Xanın yenidən hakimiyyətə qayıtma şanslarını heç də istisna etmir: “Əsrlərlə Hindistana müsəlmanlar sahib olublar. Dehli sultanlığı, Böyük Moğollar və s. İngilislər, nəhəng Hindistan yarımadasına Ost-Hind şirkəti adıyla gəlib yavaş -yavaş bu torpaqları istila etməyə başladılar. Əvvəl müsəlman hökmdarı böyük Moğol imperatoru adından Hindistanı idarə etməyə başlayan britaniyalılar sonradan Hindistanı rəsmi müstəmləkələri elan etdilər. İndis maxaradjaları bir-bir britaniyalılara təslim olurdular. Müsəlman knyazları isə əksinə, ciddi müqavimət göstərməyə başladılar. Müsəlmanlar olan əraziləri tam almaq üçün avropalılara 10 illər lazım oldu. İkinci dünya savaşından sonra nəhəng Hindistan yarımadası iki yerə bölündü. Əsrlərdir Hindistana hökmranlıq edən müsəlmanları böyük vətənlərindən ayırıb şimali-qərbdə Pakistan adlı dövlət qurmağa imkan verdilər. Üstəlik, müsəlman Kəşmiri də indus knyazın rəhbərliyi altına verdilər. İndiyə qədər Kəşmir uğrunda Pakistan və Hindistan arasında mübarizə gedir. Üstəlik, Hindistanın özündə də 200 milyondan çox müsəlman yaşayır. Bütün bunlar hiyləgər ingilis ağlı tərəfindən ona görə edildi ki, bir daha müsəlmanlar heç vaxt Hindistan kimi nəhəng bir yerdə söz sahibi olmasın. Əslində Hindistan yarımadasının iki yerə bölünməsi müsəlmanların yox, induslar və müstəmləkəçilərin maraqlarına cavab verirdi. Kəşmir isə Pakistan və Hindistan arasında keçmiş metropoliya Britaniya tərəfindən daim müdaxilə üçün süni yaradılmış problemdir. Məsələn, rusların Qarabağ da etdiyini, anqlo-sakslar bir əsrə yaxın Kəşmir və Fələstində edirlər. Bütün bunları Pakistan haqqında qısa məlumatım olduğu üçün dedim. Pakistan Azərbaycanın həmişə dostu və qardaşı olub. Təsadüfi deyil ki, Pakistan Ermənistanı tanımayan dünyada 3 dövlətdən biridir. Digər ikisi isə qardaş Türkiyə ilə qardaş Səudiyyə Ərəbistandır. İkinci Qarabağ müharibəsində də qardaş Pakistan yanımızda oldu. Bunda Pakistanın ovaxtkı Baş naziri İmran xanın da böyük əməyi oldu. Qədirbilən Azərbaycan xalqı olaraq biz bunu heç vaxt unutmamalıyıq. İmran xan, Ərdoğanın da dostudur. Ərdoğanın dostunun əvvəl hakimiyyətdən edilməsi, sonra da həbsxanaya atılması heç də Türkiyənin maraqlarına cavab vermir. Mərhum Məhəmməd Mursinin həbsindən sonra Türkiyə Misiri itirdi. İmran xanın həbsindən sonra digər böyük müsəlman dövləti Pakistanı da itirə bilər. Rəsmi Ankara bu məsələyə görə İslamabada təsir etməyi bacarmalıdır. Düzdür, Mursidən fərqli olaraq İmran xanın vəziyyəti o qədər acınacaqlı deyil. Pakistanın əvvəlki rəhbəri, general Pərviz Müşərrəf də istefasından sonra Türkiyəyə mühacirət edib. Əks halda onu da həbs edəcəkdirlər. Pakistan tarixində hakimiyyətdən həbsxanaya, mühacirətə və əksinə marşrut etmək nümunələri var. Ona görə düşünürəm ki, ana müxalifət lideri İmran xanın da indiki düşdüyü durumda belə siyasi iqtidara qayıtmaq şansları kifayət qədər var”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR