Britaniyanın nüfuzlu Bloomsbury Intelligence and Security Institute (BISI) yeni hesabatında diqqətçəkən iddia ilə çıxış edib.
Musavat.com xəbər verir ki, mərkəzin analitikləri orta perspektivdə İbrahim sazişlərinə qoşulmağa real namizədin məhz Azərbaycan olduğunu bildirirlər. Hesabatda qeyd olunur ki, Bakının belə bir addımı təkcə diplomatik yox, həm də mədəni-strateji məna daşıya bilər.
Analitiklər vurğulayırlar ki, Azərbaycan qərar verdiyi halda prosesdə güclü türk aspekti ön plana çıxacaq. Bakı və Astananın ortaq türk kimliyi üzərində əməkdaşlığı genişləndirməsi fonunda İbrahim sazişləri çərçivəsində paralel addımların atılması Türk dünyasının regional gücünə yeni dinamika gətirə bilər.
BISI əlavə edir ki, Azərbaycanın qoşulması İbrahim sazişlərinin coğrafiyasını və mahiyyətini də dəyişdirə bilər. Bu halda format yalnız Yaxın Şərq normallaşma mexanizmi olaraq qalmayacaq, postregional diplomatik platformaya çevriləcək. Hesabatda diqqətə çatdırılır ki, Bakı prosesə daxil olacağı təqdirdə sazişlər daha geniş əhatəli, müxtəlif bölgələr üçün uyğun əməkdaşlıq alətinə çevrilə bilər. Analitiklərin fikrincə, bu addım həm İbrahim sazişlərinə universallıq qazandırar, həm də onları yeni bir geosiyasi model kimi təqdim edər.
Bölgədə dəyişən güc balansı, Azərbaycan–İsrail tərəfdaşlığının son illər daha yüksək mərhələyə qədəm qoyması, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin genişlənməsi və Qafqazda yeni diplomatik düzənin formalaşması fonunda BISI-nin irəli sürdüyü bu iddia regional dinamikanı daha da artırıb. Hesabat qeyd edir ki, Azərbaycanın atacağı istənilən addım regionun gələcək diplomatik arxitekturasına təsir göstərə biləcək strateji hadisə kimi qiymətləndirilməlidir.
Musavat.com






