Rəsmi statistika göstərir ki, artıq bağlanan hər iki nikahdan biri boşanma ilə nəticələnir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tendensiya təkcə ailə münasibətlərinin deyil, həm də ölkənin sosial-demoqrafik gələcəyinin ciddi siqnalıdır.
Bəs ailələri dağıdan əsas səbəblər hansılardır və gənclər niyə evlilikdən uzaq dururlar?
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a danışıb.
O qeyd edib ki 21-ci əsrdə dünyada müşahidə olunan ailə dəyərlərinin aşınması artıq Azərbaycanda da açıq şəkildə hiss olunur. Onun sözlərinə görə, müstəqillik dövründə boşanmaların davamlı artması bunun ən ciddi göstəricilərindən biridir:
"Bu gün ailə qurmaq istəməyən, karyerasını ailə həyatından üstün tutan qadınların, eyni zamanda müxtəlif səbəblərlə evliliyi daim təxirə salan, xaricə üz tutan və ya "sabah, birisi gün evlənəcəyəm" düşüncəsi ilə uzun illər subay qalan gənclərin sayı nəzərəçarpacaq dərəcədə artır. Bu tendensiya bütövlükdə Azərbaycan cəmiyyətinin sosial əsaslarına təsir göstərən ciddi problemlər yaradır. Son illərin rəsmi statistikası göstərir ki, nikahların sayı ilə boşanmalar arasındakı fərq getdikcə azalır. Məsələn, son beş ay ərzində təxminən 15 min nikah qeydə alınıbsa, bunun qarşılığında 8 minə yaxın boşanma baş verib. Bu isə yalnız rəsmi statistikadır. Halbuki, rəsmi nikahı davam etsə də, faktiki olaraq ayrı yaşayan, ailədaxili münaqişələrlə üzləşən, paralel münasibətlər quran minlərlə ailə mövcuddur və onların heç biri statistikada əksini tapmır".
Ekspert bildirib ki, Azərbaycanda son illər rəsmi qeydiyyatdan keçmədən birgə yaşayanların, dini nikaha üstünlük verənlərin, ikinci və ya üçüncü ailə münasibətlərini qeyri-rəsmi formada quranların da sayı artmaqdadır:
"Bu münasibətlərlə bağlı isə demək olar ki, heç bir rəsmi statistika aparılmır. Halbuki, bu sahədə hüquqi boşluqların aradan qaldırılması vacibdir. Dini və ya faktiki nikah münasibətlərində dünyaya gələn uşaqların hüquqlarının qorunması, aliment və valideyn məsuliyyəti ilə bağlı Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklərin edilməsi zəruridir. Münasibətlər başa çatdıqda uşaqların həm maddi təminatı, həm də valideyn qayğısı qanunvericiliklə daha effektiv şəkildə təmin olunmalıdır".

Aydın Xan Əbilov boşanmaların artma səbəbindən də danışıb:
"Burada iqtisadi çətinliklər, mənzil problemi, işsizlik, sosial gərginlik, pandemiyanın yaratdığı ağır nəticələr, eləcə də ailə institutunun möhkəmləndirilməsi istiqamətində sistemli işlərin yetərli olmaması mühüm rol oynayır. Bundan başqa, narkotik, sintetik və yarımsintetik maddələrin istifadəsinin genişlənməsi, internet və sosial şəbəkələrin mənfi təsirləri, qumar və lotereya vasitəsilə qısa zamanda varlanmaq düşüncəsi, stress və psixoloji problemlər də ailələrin dağılmasına ciddi təsir göstərən amillərdəndir. Müşahidələr göstərir ki, gənclərin bir hissəsi artıq ailə məsuliyyətini üzərinə götürmək istəmir. Bir çoxları daha çox maddi rifah, əyləncə, rahat həyat tərzi və səyahət arzusunu ailə qurmaqdan üstün tutur. "Həyata bir dəfə gəlirəm, gəzim, rahat yaşayım" düşüncəsi ailə institutuna marağı zəiflədir, evlilik və valideynlik məsuliyyətini isə arxa plana keçirir.
Digər mühüm problem gənc ailələrə dövlət və cəmiyyət tərəfindən kifayət qədər dəstəyin göstərilməməsidir. Ailə quran iki gənci ilk növbədə mənzil, məişət, gündəlik yaşayış xərcləri, gələcəkdə övladın qidalanması, sağlamlığı və təhsili ilə bağlı böyük maliyyə yükü gözləyir. Bu isə ailə qurmaq istəyən gənclərdə ciddi tərəddüdlər yaradır. Bəzən ailələr sevgi hissi ilə deyil, valideynlərin və qohumların təzyiqi, yaxud sosial stereotiplər nəticəsində qurulur. Toy mərasimlərinə çəkilən böyük xərclərin "geri qaytarılması" düşüncəsi ilə tələsik verilən qərarlar bir neçə ay sonra boşanma ilə nəticələnir. Belə hallarda tərəflərin xarakter uyğunluğu, psixoloji vəziyyəti, sağlamlığı və ailə həyatına hazırlığı lazımi səviyyədə nəzərə alınmır.
Ailə münasibətlərində qarşılıqlı məsuliyyət də mühüm rol oynayır. Məişət həyatına hazır olmayan, ailədaxili münasibətləri düzgün qura bilməyən, böyüklərə hörmət etməyən qadınlarla yanaşı, ailənin maddi təminatını üzərinə götürə bilməyən, işləmək istəməyən və ya peşə bacarığı olmayan kişilər də boşanmaların artmasına təsir göstərən əsas amillərdəndir".

Ekspert həmçinin vurğulayıb ki, boşanmalarla bağlı statistik məlumatlar açıqlansa da, onların səbəbləri dərin şəkildə araşdırılmır:
"Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də müxtəlif ictimai qurumlar fəaliyyət göstərsələr də, onların gördüyü işlərin real ailə problemlərinin həllinə nə dərəcədə təsir etdiyi ciddi şəkildə qiymətləndirilməlidir.
Eyni zamanda dövlətin gənc ailələrə maliyyə, ipoteka və sosial dəstək mexanizmləri də kifayət qədər əlçatan deyil. İpoteka almaq üçün yüksək maaş, rəsmi iş yeri və əlavə maliyyə təminatı tələb olunur. Universiteti yeni bitirmiş, iş təcrübəsi olmayan gənclərin isə bu şərtləri ödəməsi əksər hallarda mümkün olmur.
Bu problemlər bəzən başqa mənfi meyillərin də yaranmasına səbəb olur. Xarici ölkə vətəndaşları ilə ailə quran qadınların sayının artması, aliment öhdəliyindən yayınmaq üçün ölkəni tərk edən kişilər, ailə məsuliyyətindən yayınmaq məqsədilə müxtəlif bəhanələr gətirən şəxslər də cəmiyyətdə müşahidə olunan mənfi tendensiyalardandır.
Sağlamlıq problemləri də ailələrin davamlılığına təsir edən mühüm amillərdəndir. Qeyri-sağlam qidalanma, fast-food məhsullarından, energetik içkilərdən həddindən artıq istifadə gənclərin sağlamlığını zəiflədir, sonradan həzm, ürək-damar və reproduktiv sağlamlıq problemlərinə səbəb olur. Bu isə ailədaxili münasibətlərə və övlad sahibi olmaq imkanlarına da mənfi təsir göstərir. Bütün bu amillər Azərbaycanda boşanmaların artmasına təsir edən əsas səbəblər sırasındadır".
Xalidə Gəray
Musavat.com






