İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar

842 22.07.2026 13:10 Son xəbər A A

Ermənistanda kənd təsərrüfatı istehsalçılarının narazılığı artır. Ararat vilayətində fermerlər məhsullarını sata bilmədiklərinə görə İrəvan–Yerəsx beynəlxalq avtomobil yolunu bağlayıblar. Eyni zamanda İrəvanda balıqçılıq təsərrüfatlarının nümayəndələri hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbi ixrac problemlərinin həll edilməsidir.


Picture background

Musavat.com-un “Vzqlyad” nəşrinə istinadən verdiyi məlumatına görə, Ararat vilayətində onlarla fermer tonlarla pomidor və xiyarın anbarlarda qaldığını bildirir. Onların sözlərinə görə, emal müəssisələri məhsulu qəbul etmir, ixrac kanallarının bağlanması isə vəziyyəti daha da ağırlaşdırıb. İrəvanda keçirilən digər aksiyada isə balıqçılıq təsərrüfatlarının nümayəndələri iqtisadiyyat naziri Gevorq Papoyanın Ermənistan balıq məhsullarının Avropa İttifaqı bazarına çıxışı ilə bağlı açıqlamalarına etiraz ediblər. Sahibkarlar bildirirlər ki, kağız üzərində imkan yaransa da, praktikada Avropa bazarı Ermənistan istehsalçıları üçün hələ də əlçatmazdır.

Balıqçılar Birliyinin rəhbəri Qor Qriqoryanın sözlərinə görə, hazırda təsərrüfatlarda 15 ton canlı balıq satılmadan qalıb. Bundan əlavə, Rusiya sərhədindən geri qaytarılan məhsullar soyuducu anbarlarda saxlanılır və onların qısa müddətdə Avropa bazarında satılması mümkün görünmür.
Rusiyalı politoloq İvan Lizan nəşrə deyib ki, Ermənistanın kənd təsərrüfatında yaranmış böhran təsadüfi iqtisadi problem deyil, son illərdə İrəvanın xarici siyasətdə seçdiyi kursun məntiqi nəticəsidir. Onun fikrincə, Nikol Paşinyan hökuməti Avropa İttifaqı ilə yaxınlaşmanı prioritet elan edərkən istehsalçılarda Rusiya bazarının asanlıqla Avropa ilə əvəz olunacağı barədə gözləntilər formalaşdırdı. Lakin praktika göstərdi ki, Avropa bazarına çıxış siyasi bəyanatlarla deyil, sərt fitosanitar standartlar, sertifikatlaşdırma, logistika və uzunmüddətli kommersiya əlaqələri ilə müəyyən olunur.


Picture background

Politoloqun sözlərinə görə, Rusiya uzun illər Ermənistan məhsullarının əsas alıcısı olub və bu bazar ətrafında bütün ixrac infrastrukturu formalaşıb. Bu səbəbdən Moskvanın tətbiq etdiyi məhdudiyyətlər Ermənistan iqtisadiyyatına dərhal təsir göstərdi. Lizan hesab edir ki, Rusiya bazarı itirilərkən alternativ bazarlar hələ formalaşmayıb və nəticədə zərbəni ilk növbədə fermerlər, balıqçılar və kiçik sahibkarlar alırlar. Onun fikrincə, hökumət geosiyasi prioritetləri dəyişsə də, iqtisadi riskləri düzgün hesablamayıb və bunun nəticəsində kənd təsərrüfatı sektoru ciddi böhranla üzləşib. Nəticədə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin 21,5 faiz azaldığı bildirilir. Bu fonda Avropa İttifaqı Ermənistan mallarının böyük hissəsinə tətbiq olunan gömrük rüsumlarının ləğvi imkanlarını müzakirə edir, ABŞ bazarına çıxış məsələsi də gündəmdədir. Lakin istehsalçılar hesab edirlər ki, bu perspektivlər qısamüddətli dövrdə itirilmiş Rusiya bazarını əvəz edə bilməz.

Ekspert həmçinin qeyd edir ki, Paşinyan hökuməti hazırda yaranmış vəziyyəti Rusiyanın siyasi təzyiqi kimi təqdim etməyə çalışacaq. Ancaq Lizanın qənaətincə, bu izah fermerləri qane etmir. Çünki onların əsas problemi geosiyasət deyil, satılmayan məhsul, artan borclar və gündən-günə böyüyən maliyyə itkiləridir.


Picture background

Digər rusiyalı politoloq Nikolay Silayev isə məsələyə daha çox iqtisadi baxımdan yanaşır. Silayev bildirir ki, Avropa bazarına daxil olmaq üçün məhsulun keyfiyyət standartlarının uyğunlaşdırılması, yeni sertifikatların alınması, logistika marşrutlarının qurulması, marketinq strategiyasının hazırlanması və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin yaradılması lazımdır. Bu proses aylarla deyil, illərlə davam edir. Xüsusilə tez xarab olan pomidor, xiyar, balıq və digər kənd təsərrüfatı məhsulları üçün belə gecikmələr istehsalçılar üçün böyük maliyyə itkisi deməkdir. Silayev hesab edir ki, Ermənistanın ixracatçıları hazırda iki bazar arasında qalıb: ənənəvi Rusiya bazarı əvvəlki kimi açıq deyil, Qərb bazarları isə hələ Ermənistan məhsullarını qəbul etməyə hazır vəziyyətə gəlməyib.
Ekspertlərin ümumi qənaətinə görə, hazırda Ermənistanda baş verən fermer və balıqçı etirazları təkcə kənd təsərrüfatı sektorunda yaranmış böhranın deyil, həm də ölkənin geosiyasi seçimlərinin iqtisadi nəticələrinin ilk genişmiqyaslı sosial təzahürü kimi qiymətləndirilə bilər. Bu səbəbdən etirazların yaxın aylarda daha da genişlənməsi ehtimalı istisna edilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR