Ermənistan Hindistan istehsalı olan "Astra" sinif "hava-hava" raketlərinin alınması ilə bağlı danışıqları yekun mərhələyə çatdırıb. Bu barədə Hindistanın BusinessLine nəşri məlumat yayıb. Məlumata görə, Hindistanın "Astra" raketlərinə maraq göstərən ən azı altı ölkə var və onların sırasında Ermənistan da yer alır. Nəşrin mənbələrinin bildirdiyinə əsasən, İrəvan bu raketlərin Rusiya istehsalı olan Su-30SM qırıcılarına inteqrasiyası ilə bağlı Yeni Dehli ilə danışıqların irəli mərhələsindədir. Bu, son illər Hindistan və Ermənistan arasında genişlənən hərbi-texniki əməkdaşlığın növbəti mərhələsi kimi qiymətləndirilir (Modern.az).

"Astra Mk-1" raketi Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanıb, Bharat Dynamics Limited (BDL) şirkəti tərəfindən istehsal olunur. Raket 4,5 Max sürətə çatır və 110 kilometrədək məsafədə hədəfləri vurmaq imkanına malikdir. Bundan başqa, Hindistan artıq 200-240 kilometr mənzilli "Astra Mk-2" versiyasını da sınaqdan keçirib. Hazırda 300 kilometrdən çox uçuş məsafəsinə malik olması nəzərdə tutulan "Astra Mk-3" raketi üzərində işlər davam etdirilir.
Qeyd edək ki, Ermənistan rəhbərliyi son dövrlər regionda sülh gündəliyini dəstəklədiyini sözdə bəyan etsə də, paralel surətdə hərbi arsenalını genişləndirmək istiqamətində addımlarını davam etdirir. Son illərdə İrəvanın müxtəlif ölkələrdən yeni silah və hərbi texnika alması, o cümlədən Hindistanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməsi bu siyasətin davam etdiyini göstərir.
Ermənistan hücum silahlarını kimə hücum etmək üçün alır?
Hərbi ekspert Ramil Məmmədli Ermənistanın müharibədən sonra silah arsenalını yeniləməsini belə izah edir: "Paşinyan çıxışlarında həmişə deyir ki, 44 günlük müharibədə məğlub olan Sərkisyanın, Köçəryanın, Ohanyanın ordusu və silahlarıdır. Həmçinin Rusiyanın verdiyi silahlara istehza edərək bunu vurğulayır. Hətta müharibədən az sonra qeyd etmişdi ki, Rusiyanın verdiyi "İskəndər" və digər texnikalar yararsız çıxdı, partlamadı. Bu məsələ Moskva ilə İrəvan arasında qalmaqala səbəb olmuşdu. İndi isə Ermənistan yeni ordu quruculuğuna keçdiyini, Fransa, Hindistan, Yunanıstan kimi ölkələrdən müasir silahlar aldığını bəyan edir. Xatırladım ki, postmüharibə dövründə ilk dəfə, yəni mayın 28-də İrəvanda hərbi parad da keçirilib. Təbii ki, bütün bu addımlar - yeni silahlar alınması, parad, Qərb ölkələri ilə birgə hərbi təlimlər - ilk növbədə daxili auditoriyaya hesablanıb. Paşinyan xalqa göstərir ki, məğlub olan keçmiş "Qarabağ klanı"na aid ordu idi və indi yenisi qurulmaqdadır. ABŞ hərbçiləri ilə birgə təlimləri də bura əlavə etsək, demək olar ki, Ermənistan Rusiya və KTMT-dən tamamilə uzaqlaşdığını demək istəyir".

Onun fikrincə, Ermənistanın hücum silahları alması o demək deyil ki, yaxın gələcəkdə müharibə gözlənilir: "Azərbaycan da öz silah arsenalını genişləndirir. Hər bir ölkə öz hərbi potensialını gücləndirməyə çalışır. Sadəcə, Qərbin Ermənistana dəstəyi onu həvəsləndirir. Ermənilər revanş arzularını boğmayıblar və hələ də ümidlə yaşayırlar. Onlara elə gəlir ki, nə vaxtsa yenidən Qarabağa qayıtmaq, əraziləri ələ keçirmək imkanı ola bilər. Amma puç xəyallardır, boş xülyalarla özlərini aldadırlar. Onlar Hindistandan deyil, hansı ölkədən hücum silahları alır-alsınlar, Azərbaycan Ordusu 44 günlük müharibədəki dövründən qat-qat güclüdür, bizə qalib gələ bilməzlər. Üstəlik, Şuşa bəyannaməsi var və istənilən təhdidə Türkiyə ordusu müdaxilə edə bilər. Eyni zamanda, Pakistan kimi qüdrətli dövlət müttəfiqimizdir. Bir sözlə, bu silahların alınması yuxarıda sadaladığım amillərlə əlaqədardır və Paşinyan da xalqı bu yolla inandırmağa çalışır".
Emil Salamoğlu
Musavat.com






