“İqtisadiyyatımız hərbi hücumlardan sonra ölkənin əsas döyüş meydanına çevrilib”.
Bunu İran Prezidenti Məsud Pezeşkian Məhkəmə Hakimiyyəti Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İran tammiqyaslı müharibə ilə üz-üzədir: “İqtisadi təzyiqin artması və insanların dolanışıq şəraitinin pisləşməsi ictimai narazılığı gücləndirə və xalqın dəstəyini zəiflədə bilər”.
İranın azərbaycanlı prezidentinin yuxarıdakı sözləri əslində necə oxunmalıdır? Pezeşkian nəyə işarə vurur və ismarışı kimədir?

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahin oğlu Musavat.com-a danışıb: “İran Prezidenti müharibədən əvvəl də İran iqtisadiyyatının ciddi problemlərlə üzləşdiyini bildirirdi. Məsud Pezeşkian paytaxtın Tehrandan ona görə başqa şəhərə köçürülməsini təklif edirdi ki, şəhəri su ilə təmin etmək getdikcə çətinləşirdi.
İllərdir neft və qaz satışından milyardlarla dollar qazanan İran paytaxta su gətirəcək boru xətləri çəkmədi. Digər tərəfdən Tehranın havası dünyanın ən çirklənmiş paytaxlarından biri hesab edilir. Davamlı müharibələr və Tehran ətrafında yerləşən hərbi və sənaye mərkəzlərinə endirilən hava zərbələri paytaxtda vəziyyəti daha da mürəkkəbləşdirib. Ötən ilin sonunda Tehranda dükan sahibləri dinc yürüşə başladılar. Çünki insanların alıcılıq qabiliyyəti azaldığından və artan inflyasiya sahibkarları çıxılmaz vəziyyətə sürükləmişdi. Onlar aldıqları malları sata bilmir və bununla zərər edirdilər. Ancaq sahibkarların problemləri həll olunmaq əvəzinə rejim qəddar üsullara əl atdı, yürüşlər genişləndi və insanlara atəş açıldı, xeyli günahsız insan öldürüldü. Bir müddət sonra İsrail və ABŞ İrana qarşı müharibəyə başladı və qarşıdurma bu gün də davam edir”.
Politoloqun fikrincə, əgər İrandakı rejim iqtisadi problemləri müharibədən əvvəl həll edə bilmədisə, müharibə dönəmində və sonra heç həll edə bilməyəcək: “Ona görə də Məsud Pezeşkian indidən “iqtisadi təzyiqin artması və insanların dolanışıq şəraitinin pisləşməsi ictimai narazılığı gücləndirə və xalqın dəstəyini zəiflədə bilər” açıqlamasıyla özünü sığortalamaq istəyir. Onun bu mesajı ABŞ-la qarşdurmayı davam etidrmək istəyən mühafizəkarlara və SEPAH generallarına yönəlib.
Ancaq bu mesajın nəticə verəcəyini söyləmək mümkün deyil. Mühafizəkarları və SEPAH generallarını ölkə iqtisadiyyatının taleyi və insanların sosial problemləri maraqlandırmır. Bütün hallada bu prosesin sonu elə Məsud Pezeşkianın söylədiyi kimi olacaq”.

Beynəlxalq münasibətlər üzrə politoloq Şəhla Cəlilzadə isə qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın çıxışı və iqtisadi təzyiqlərin artması fonunda əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi nəticəsində narazılığın yüksəlməsi ilə bağlı səsləndirdiyi fikirlər tamamilə reallığı əks etdirir: “Yəni o, xalqını aldatmır. Prezident müharibənin artıq yaratdığı, eləcə də bundan sonrakı mərhələlərdə yaradacağı iqtisadi fəsadlar barədə cəmiyyəti açıq şəkildə məlumatlandırır. Bununla yanaşı, onun çıxışı hər zaman milli birliyin qorunmasına çağırış xarakteri daşıyır. Bu isə müharibə şəraitində olan dövlət başçıları üçün xarakterik yanaşmadır. Genişmiqyaslı müharibələr zamanı dövlət rəhbərləri adətən bu cür motivasiyaedici çıxışlar edirlər. Məqsəd xalqı ruhdan salmamaq, milli birliyi qorumaq və qələbəyə kökləməkdir”.
Şəhla Clilzadə həmçinin vurğulayıb ki, İranda iqtisadi vəziyyət uzun müddətdir yaxşı deyil, xüsusilə də sosial-iqtisadi problemlər bir neçə dəfə əhalinin kütləvi etirazlarına səbəb olub: “Eyni zamanda məlumdur ki, Donald Tramp həmin etirazları müəyyən mənada dövlət çevrilişi istiqamətinə yönəltməyə çalışırdı. Bu baxımdan Prezident Məsud Pezeşkianın çıxışı məhz milli birliyin qorunmasının vacibliyinə hesablanmış müraciət kimi qiymətləndirilə bilər.
Ümumilikdə, 28 fevraldan sonra baş verən hadisələr İran iqtisadiyyatına çox ciddi zərbə vurub və bu, danılmaz faktdır. Hesablamalara görə, ölkə iqtisadiyyatına ən azı 270 milyard dollardan artıq ziyan dəyib ki, bu da ümumi daxili məhsulunun təxminən 45 faizindən çoxuna bərabərdir. Üstəlik, bunlar əvvəlki dövr üçün açıqlanmış rəqəmlərdir. Qarşıdakı mərhələdə bu göstəricinin daha da artacağı istisna edilmir”.
Politoloqun fikrincə, İranın strateji imkanlarının məhdudlaşdırılması, xüsusilə də ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi blokada taktikası nəticəsində ölkənin ticarət imkanlarının azalması qarşıdakı dövrdə Tehranın üzləşəcəyi iqtisadi çətinlikləri daha da dərinləşdirəcək:
“Lakin görünən odur ki, İran bu vəziyyətə alternativ yollar tapmağa çalışır və müəyyən nəticələr də əldə edir. Xüsusilə ticarət marşrutlarının Xəzər dənizi istiqamətinə yönləndirilməsi, Rusiya üzərindən Çin və digər bazarlara çıxış imkanlarının genişləndirilməsi bunun nümunəsidir. Bu baxımdan Çin və Rusiyanın İrana dəstəyi davam etdiyi müddətdə Tehran iqtisadi təzyiqlərə, eləcə də hərbi-strateji məhdudiyyətlərə tab gətirmək imkanını müəyyən qədər qoruyub saxlaya bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, İran mövcud olduğu gündən etibarən uzun illərdir beynəlxalq sanksiyalar şəraitində yaşayan dövlətdir.
17 iyun tarixli memorandumdan sonra Donald Tramp administrasiyası İranın neft ixracına tətbiq olunan bəzi məhdudiyyətləri qismən yumşaltmışdı. Lakin bu vəziyyət cəmi bir ay davam etdi və İran yenidən qlobal sanksiyalar rejimi ilə üz-üzə qaldı. Bu iqtisadi təzyiqlər, ticarət imkanlarının məhdudlaşdırılması və digər tədbirlər əslində İranın hərbi imkanlarını zəiflətməyə və uzunmüddətli müharibə aparmaq potensialını azaltmağa hesablanıb. Bununla belə, qeyd etdiyim kimi, İran artıq sanksiyalar altında yaşamağa uyğunlaşmış ölkədir. Eyni zamanda, Rusiya və Çindən dəstək aldığı, alternativ iqtisadi marşrutlar yaratdığı və regional proksi qüvvələrinin dəstəyini qoruduğu müddətdə müharibəni uzatmaq, hətta qlobal miqyasda yeni təzyiq alətləri formalaşdırmaq imkanına malikdir.
Xüsusilə nəzərə alsaq ki, İran limanlara və ABŞ-ın hərbi bazalarına zərbələr endirmək imkanını nümayiş etdirir. Əgər Bab əl-Məndəb boğazında husilərin daha fəal şəkildə hərəkətə keçməsi nəticəsində həmin bölgədəki limanların fəaliyyəti məhdudlaşdırılarsa, bu, Hörmüz boğazında yaranmış vəziyyətə bənzər yeni geosiyasi və iqtisadi böhranın formalaşması demək olacaq. Belə bir ssenari isə dünya iqtisadiyyatı üçün əlavə yük və yeni təzyiq dalğası yaradacaq. Bu da İranın çəkindirmə imkanlarını artıran mühüm amillərdən biri kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, İran-ABŞ qarşıdurmasının yeni mərhələsi fonunda dünya iqtisadiyyatını yenidən təlatümlü bir dövr gözləyir. Lakin bu prosesin ən ağır sosial və iqtisadi yükünü, şübhəsiz ki, ilk növbədə İran xalqı daşımalı olacaq”.
Xalidə Gəray,
Musavat.com






