“The Times” nəşrinin məlumatına görə, ötən həftə Almaniyadan gələn kiçik nümayəndə heyəti Bakıda Rusiya Prezidenti Vladimir Putinin ətrafına daxil olan bir neçə şəxslə qapalı görüş keçirib. Bildirilib ki, nümayəndə heyətində Almaniyanın keçmiş kansleri Angela Merkelin dövründə Federal Kansler İdarəsinin rəhbəri olmuş Ronald Pofalla və Brandenburg əyalətinin sabiq baş naziri Matias Platsek yer alıb. Görüş Bakıdakı “Four Seasons” otelində baş tutub.
Rusiya tərəfini isə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev, eləcə də dövlət enerji konserni "Qazprom"un Direktorlar Şurasının sədri Viktor Zubkov təmsil edib. Almaniyanın Avropa müttəfiqləri isə Bakıda keçirilən görüşlə bağlı narahatlığını ifadə ediblər. “Bakıda belə bir görüşün keçirilməsi barədə "Tayms" qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq”.
Bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında görüşlə bağlı suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib: “Tayms” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda, iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”.
Bəs niyə məhz Bakı və niyə rəsmi Bakıdan xəbərsiz?
Təhlükəsizlik eksperti İlham İsmayılın sözlərinə görə, Azərbaycan prezidentinin də dediyi kimi, ölkəmizə gələn şəxslərin keçmiş məmurlar olmasına diqqət yetirmək lazımdır: "Onlar bu gün vəzifədə olan şəxslər deyil. Keçmiş məmurların bir araya gəlməsi göstərir ki, məsələnin rəsmi şəkildə həllini bir tərəf istəyib, bir tərəf isə istəməyib. Məncə, istəməyən tərəf Almaniyadır. Çünki kansler Mertz Rusiya ilə əlaqələr qurmağın əleyhinədir".

İ. İsmayıl xatırladıb ki, görüşdə keçmiş kansler Merkelin administrasiyasından iştirak edənlərin olması təsadüfi deyil: "Xanım Merkelin Putinlə münasibətlərinin yaxşı olduğunu nəzərə almaq lazımdır. Güman edirəm ki, bu görüşdə Berlinin Kiyevə xüsusi yardımları, Almaniyanın raket və dron istehsalında işğala məruz qalan ölkəyə verdiyi dəstək müzakirə olunub. Çünki bu dəstək Rusiyanı narahat edir. Ona görə Almaniyaya birbaşa rəsmi xəbərdarlıq etmək istəməyiblər və köhnə əlaqələr vasitəsi ilə öz istəklərini çatdırmaq qərarına gəliblər".
Ekspertin fikrincə, Bakı görüş üçün ən uyğun yer seçilib: " Nəzərə alaq ki, rusiyalılar üçün Avropaya çıxış indi çox çətinləşib".
İ. İsmayıl hesab edir ki, bu görüşün əsas məramı Rusiyanın Almaniyaya çatdırmaq istədiyi mesajlar olub: "Burada Azərbaycanın təhlükəsizliyi üçün hər hansı qorxu yoxdur. Eyni zamanda, diplomatik qalmaqal da görmürəm. Sadəcə, bu məsələdən rəsmilər xəbərsiz olub. Mertz də bildirib ki, belə bir səfərdən məlumatı olmayıb. Çünki qeyri-rəsmi şəxslər görüşüb. Azərbaycana isə hər gün yüzlərlə insan daxil olur. Əgər rəsmi şəxslər gəlsəydi, daha çox diqqət çəkərdi. Bundan başqa, görüş Bakıdakı səfirlikdə keçirilməyib. Əks təqdirdə, Almaniya səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə məlumat verərdi. Çünki bir daha deyirəm, kansler Mertz belə bir görüşün olmasında maraqlı deyiı. Görünür, Rusiya müzakirə aparmağa istəkli olub. Son dövrlər xəbərlər yayılır ki, Rusiya 2030-cu ilədək Almaniyaya hücum edəcək. Görünür, Rusiyadan olanlar həmin görüşdə deyiblər ki, Moskvanın belə bir planı yoxdur. Ona görə Almaniyadan Ukraynaya yardımları dayandırmağı yarıhədə, yarıxəbərdarlıq kimi çatdırmaq istəyiblər".
Emil Salamoğlu
Musavat.com






