Böyük Britaniyanın tanınmış jurnalist-politoloqu Neil Vatson Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Musavat.com-a danışıb.
Vatson Azərbaycan mediasının keçdiyi tarixi yol və bu gün regiondakı rolu ilə bağlı qeyd edib:
"Əvvəlki illərdə işğaldan azad edilmiş Şuşada keçirilən Beynəlxalq Media Konfransı çərçivəsində Milli Mətbuat Gününü qeyd etmək mənim üçün böyük şərəf idi. Həmin tədbirdə Azərbaycanın ilk qəzetlərinin nümayiş olunduğu sərgi də təşkil edilmişdi. Azərbaycan 151 il əvvəl azad mətbuatın yaradılması ilə Şərqdə öncül ölkəyə çevrildi. İlk redaktor Həsən bəy Zərdabi Azərbaycan maarifçilik dövründə Qərb ideyalarını mənimsəmiş və onları milli mətbuatın formalaşmasına tətbiq etmiş görkəmli ziyalı idi".

Neil Vatsonun sözlərinə görə, Azərbaycan mediası bu gün də ölkənin mütərəqqi düşüncə tərzini əks etdirir, baxışlarında azadlığı və müxtəlifliyi ilə seçilir:
"Azərbaycan mediası bu gün də müasir dövrdə ölkənin mütərəqqi düşüncə tərzinin əksidir və baxışlarında azadlığı, müxtəlifliyi ilə seçilir. O, regionda özünəməxsus yer tutur və xüsusilə Azərbaycanın azad edilmiş ərazilər üzərindəki tarixi hüquqlarının, eləcə də vahid və harmonik Cənubi Qafqazın formalaşdırılmasındakı rolunun beynəlxalq ictimaiyyət tərəfindən daha yaxşı anlaşılmasına mühüm töhfə verir. Azərbaycan mediası və jurnalistləri örnəkdir. Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərinə ən səmimi təbriklərimi çatdırıram".
Xalidə Gəray
Musavat.com






