Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirməyə hazırlaşır. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda açıqladığı kimi, ölkəmiz Avropa İttifaqının daha bir neçə üzv dövləti ilə qaz ixracına başlamaq, mövcud tərəfdaşlarla isə tədarük həcmini artırmaq barədə danışıqlar aparır. Eyni zamanda, qaz hasilatının artırılması və bərpa olunan enerji hesabına ixrac potensialının genişləndirilməsi planlaşdırılır. Lakin bu planların reallaşması üçün qaz nəqli infrastrukturunun genişləndirilməsi vacib sayılır və bu istiqamətdə Avropa İttifaqının "Yaşıl Gündəliyi" çərçivəsində fosil yanacaq layihələrinin maliyyələşdirilməsinə marağın azalması əsas maneələrdən biri kimi göstərilir.
Bəs Azərbaycanın yeni bazarlara çıxışı ölkə iqtisadiyyatına hansı üstünlükləri qazandıra bilər? Avropanın yaşıl enerji siyasəti Azərbaycan qazının gələcəyinə hansı təsirləri göstərəcək?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Prezident çox maraqlı və doğru məqamlara toxunub, burada iki fərqli istiqamət var. Birincisi, Azərbaycan qazının yeni bazarlara çıxması ölkəmiz üçün çox müsbət bir haldır. Təbii ki, biz qaz ixrac edirik və nə qədər çox ölkəyə qaz satsaq, məhsulumuzu realizə etmək bizim üçün bir o qədər asanlaşar. Eyni zamanda ixracımızın yalnız bir və ya iki bazardan asılılığı azalar. İxracın diversifikasiya olunması gəlirlərin də dayanıqlı olmasını təmin edir. Yəni hansısa bir istiqamətdə problem yarandıqda, bu, bizim ümumi ixracımıza ciddi təsir göstərmir.
Digər tərəfdən, Avropanın Azərbaycanın enerji ehtiyatları ilə bağlı etirafından sonra ölkəmiz strateji tərəfdaş kimi öz mövqeyində durub və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Burada ikinci vacib Prezidentin toxunduğu infrastruktur məsələsidir. Çünki vaxtilə Azərbaycandan qaz ixrac etmək üçün ölkəmiz layihə dəyəri 40 milyard dollara yaxın olan Cənub Qaz Dəhlizi layihəsini uğurla tamamladı. Hətta o vaxt bu dəhlizin sonuncu seqmenti olan TAP-ın (Trans-Adriatik Boru Kəməri) çəkilişi ilə bağlı – ümumiyyətlə, Cənub Qaz Dəhlizi layihəsi icra edilərkən – bəzi Avropa ölkələri Azərbaycanda bu qədər qaz ehtiyatının olmadığını iddia edirdilər. Lakin Prezidentin qətiyyətli mövqeyi sayəsində Azərbaycan bu prosesi uğurla başa vurdu. Bununla da Avropa ölkələrinə sübut olundu ki, Azərbaycanın həm kəmərləri dolduracaq qədər qaz ehtiyatı var, həm də ölkəmiz bu nəhəng layihəni təkbaşına icra etmək iqtidarındadır.
İndi əgər biz qaz hasilatımızın həcmini artırsaq, Prezidentin də çox doğru qeyd etdiyi kimi, qazı sürətlə, yəni daha qısa müddətdə hasil etmək mümkündür, yoxsa bu proses daha uzun zaman alacaq. Digər tərəfdən, qazı saxlamaq üçün lazım olan infrastruktur olduqca bahalıdır. Yeni qaz anbarlarının yaradılması praktiki olaraq böyük maliyyə vəsaiti tələb edir. Məhz bu səbəbdən qaz yalnız ixrac olunacaq həcmdə hasil edilir.

Yalnız hasilatı artırmaqla biz Cənub Qaz Dəhlizi vasitəsilə daha çox qaz ixrac edə bilmərik. Çünki mövcud kəmərlərin də müəyyən ötürücülük imkanları var. Hazırda TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) illik ötürücülük gücü 16 milyard kubmetr, TAP-ınkı isə 10 milyard kubmetrdir. TANAP-ın gücünü iki dəfə artıraraq 32 milyard kubmetrə, TAP-ın gücünü isə maksimum 20 milyard kubmetrə çatdırmaq mümkündür. Hazırda TAP-ın ötürücülük gücünün 13 milyard kubmetr ətrafına çatdırılmasından söhbət gedir. Lakin ora nə qədər texnoloji avadanlıqlar tətbiq etsək də, nə qədər kompressor stansiyaları qursaq və modernizasiya işləri aparsaq da, hər bir borunun dözə biləcəyi maksimum təzyiq və yük həddi var.
Məhz bu səbəbdən cənab Prezident yeni infrastrukturun yaradılmasının vacibliyini qeyd edirdi ki, bu da böyük vəsait tələb edən bir işdir. Hesab edirəm ki, gələcəkdə Türkmənistan qazının da Trans-Xəzər layihəsi vasitəsilə Azərbaycan üzərindən ixrac edilməsi üçün ölkəmizdən keçən yeni bir qaz kəmərinin çəkilməsinə ehtiyac yaranacaq. Mütləq şəkildə bir gün Azərbaycan üzərindən belə bir layihəyə start veriləcək. Bunun bir il, yoxsa beş il sonra baş verəcəyini dəqiq deyə bilmərəm, amma bu gün tək Azərbaycanın deyil, Avropanın da, Mərkəzi Asiya respublikalarının, xüsusən də Türkmənistanın buna ehtiyacı var. Çünki Azərbaycan burada tranzit ölkə kimi çıxış edəcək, satan tərəf Türkmənistan, alan tərəf isə Avropa olacaqdır. Eyni zamanda, Azərbaycan öz hasilat həcmini də artıra bilər, lakin bunun üçün bizə əlavə boru kəmərləri lazımdır. Yəni bu məsələyə mütləq kompleks səviyyədə baxılmalıdır".
İqtisadçı alternativ enerji mənbələri ilə yeniliklərdən də danışıb: “Dövlət başçısı alternativ enerji strategiyası üzrə əldə olunan uğurlu fəaliyyəti xüsusi qeyd edib ki, bu da təbii və danılmaz bir faktdır. Alternativ enerji strategiyası uğurla inkişaf etdikcə, avtomatik olaraq Azərbaycanda elektrik enerjisinin istehsalına yönəldilən daxili qaz həcmlərinə qənaət edilmiş olur. Qənaət olunan həmin qaz isə öz növbəsində avtomatik olaraq ixrac üçün əlavə və mümkün bir ehtiyata çevrilir.
Bu kontekstdən yanaşsaq, ölkənin alternativ enerji strategiyası həm də birbaşa qaz ixracının artırılmasına xidmət edir. Lakin bununla belə, məsələ yenə də gəlib eyni nöqtəyə – infrastruktura, yəni yeni boru kəmərlərinin yaradılması zərurətinə çıxır”.
Afaq Mirayiq,
Musavat.com






