İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-nin qeydiyyatı da ləğv edilir? - Nazirlikdən imtina, Kərimlidən hədə

1453 22.07.2023 09:40 Siyasət A A

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yenidən qeydiyyata alınması ilə bağlı müraciətinə imtina cavabını verib. Bu barədə "Turan"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

Onun sözlərinə görə, partiya təşkilatın 5315 üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Eyni zamanda Ədliyyə Nazirliyindən verilən cavabda bildirilir ki, partiyanın siyahısında 5138 nəfərin adı var. “Sonra Ədliyyə Nazirliyi qeyd edir ki, guya 2497 nəfərin barəsində məlumatlar düzgün göstərilməyib və buna görə də dəqiqləşdirmə aparılmalıdır”, - Kərimli deyib.

Partiya sədrinin dediyinə görə, Ədliyyə Nazirliyindən gələn məktubda göstərilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısından 119 nəfər digər partiyaların üzvüdür, 59 nəfərin adı isə təkrar göstərilib. Bundan əlavə, nazirlik 609 nəfərin Xalq Cəbhəsi Partiyasının üzvü olmadığını bildirib.

“Bütün bu iradlar qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub. Ədliyyə Nazirliyinin göndərdiyi məktubdakı "çatışmazlıqlar" qeyri-dəqiq və mücərrəd xarakterlidir", - Kərimli qeyd edib. O hesab edir ki, Ədliyyə Nazirliyi Xalq Cəbhəsi Partiyasının üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir.

“Bizim bilməyə haqqımız var ki, reyestrə daxil edilmiş partiya üzvlərindən konkret kimlər digər partiyaların üzvü hesab olunub, konkret kimlər Xalq Cəbhəsi Partiyasının üzvü olmadığını Ədliyyə Nazirliyinə deyib, hansı partiya üzvlərinin adı reyestrdə təkrarlanıb”, - partiya sədri söyləyib.

Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə məktub göndərib detallı və əsaslandırılmış cavab verilməsini istəyəcək. “Bütün bəhanələri kəsməyə hazırıq. İstəyirlər, partiya üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini də toplayıb təqdim edək nazirliyə. İstəyirlər, birbaşa toplaşaq nazirliyin qarşısına”, - Kərimli bildirib və əlavə edib ki, partiyanın hüquqlarını bərpa etmək üçün bütün hüquqi yollardan istifadə edəcəklər.

Xəyal Bəşirov: "Bu cür şəxslərlə dövlətin idarə edilməsi həqiqətən də  təhlükəlidir" » Newscenter.az

Xəyal Bəşirov: “AXCP-nin problemlərlə üzləşməsi qanunvericiliyin tələblərindən irəli gəlir”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: ""Siyasi partiyalar haqqında" Qanun qəbul edilərkən ictimai müzakirələr aparıldı. Yeni qanun qəbul edilənə qədər siyasi partiyalarla görüşlər keçirildi. Nəticədə qanundan bir sıra müddəa çıxarıldı. Artıq yeni tələblərə riayət edilməsi ilə bağlı məsələlər gündəmə gəlib. Məlumdur ki, üzvlük sayı ilə bağlı tələbə cavab verməyən partiyalar özünü buraxdı.

Təbii ki, 10 milyon əhalisi olan ölkədə siyasi ambisiyaları olan partiyanın 5 min üzvü yoxdursa, fəaliyyət göstərməsi qeyri-ciddi səslənir. AXCP-nin problemlərlə üzləşməsi qanunvericiliyin tələblərindən irəli gəlir. Siyahıda adları qeyd olunan şəxslərin bir qismi partiyanın rəsmi olaraq üzvü deyil, yaxud digər partiyaların üzvü olan şəxslərdir. Ola bilər ki, sonradan başqa partiyalara müraciət ediblər. Bu isə hər bir vətəndaşın konstitusion hüququdur. Vətəndaşların bu hüquqdan məhrum edilməsi qanunaziddir.

Düşünürəm ki, bu məsələni siyasiləşdirməyə, qloballaşdırmağa ehtiyac yoxdur. Bu sırf hüquqi prosedurdur. Bildiyim qədəri ilə AXCP sədri Əli Kərimli ixtisasca hüquqşünasdır. Odur ki, onun hüquqi prosedurlara riayət etməsi çətin olmamalıdır. Əgər məsələni müxtəlif istiqamətlərə yönləndirmək iddiaları varsa, bu, ajiotaj yaratmaq, cəmiyyətin, eyni zamanda beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıyır. Əgər onların həqiqətən yüz minlərlə üzvü varsa, yeni qanun onlar üçün münbit şərait yaradır".

X.Bəşirov hesab edir ki, Avropa Məhkəməsinə müraciət etmək hədəfə dolayı yollarla nail olmaq, hətta bəzi məqamlarda nail ola bilməyəcəyini anlayaraq bu yola əl atmaq cəhdidir: “Əgər məhkəməyə müraciət olunacaqsa, məhkəmə də prosedurlara riayət olunması ilə bağlı sübutları tələb edəcək. Əgər sübutlar varsa, yerli qanunvericilik çərçivəsində də tədbir görmək olar. Avropa Məhkəməsinə getməkdənsə, vaxt itirməkdənsə, qeydiyyatı aparan qurumun qanunamüvafiq tələbinə riayət etsinlər”. 

Hikmət Babaoğlu: Bu gün BQXK qaçaqmalçılıqla məşğuldur

Hikmət Babaoğlu: “Siyasi partiyalar yeni hədəflər müəyyənləşdirməlidir”

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, hazırda ölkəmizdə aparılan siyasi islahatlar yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdadır. Millət vəkili 1 il öncə yeni qanunun ümumi siyasi konsensus kontekstində qəbul edildiyini xatırlatdı: “İndiki mərhələdə siyasi partiyaların fəaliyyəti üçün sırf hüquqi əsaslarla tələb olunan prosedurlar yerinə yetirilir. Hesab edirəm ki, bu proses başa çatmadan şərh vermək doğru olmaz. Ədliyyə Nazirliyinin məlumatına görə, 27 partiya qeydiyyat üçün müraciət edib. Bəzi partiyaların təqdim etdiyi məlumatlarda çatışmazlıqlar olduğu üçün onlara bildirişlər göndərilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Bütün hallarda bu mərhələ keçilməlidir.

Azərbaycanın siyasi sistemi 90-cı illərin əvvəllərində formalaşıb. O zaman şərtlər fərqli idi, siyasi sistemin yetkinliyi indiki dövrlə müqayisə ediləcək səviyyədə deyildi. Siyasi partiyaların fəaliyyəti üzərində təzyiq yaradan Qarabağ problemi siyasi sistemin formalaşmasına ciddi təsir göstərirdi. Artıq bu proseslər geridə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni çağırışlar yaranıb. Siyasi sistemin yenidən təşkilatlanması sosial sifarişə çevrilib. "Siyasi partiyalar haqqında" Qanunun qəbulu da bu zərurətlə bağlıdır. Bundan sonra partiyalar da öz fəaliyyətində yeni çağırışları, ölkəmizdə və dünyada baş verən  dərin siyasi hətta hərbi prosesləri nəzərə alaraq yeni hədəflər müəyyənləşdirməli və yeni fəaliyyət istiqamətləri təyin etməlidirlər. Hüquqi qeydiyyat mərhələsi başa çatdıqdan sonra bu məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaq olar".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR