İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi Tiflisdə hakimiyyəti dəyişmək istəyir, yoxsa…

869 27.06.2022 22:39 Gündəm A A

Natiq Cəfərli: "Küçədən hakimiyyəti dəyişmək çətindir"

Mahir Dərziyev: ""Gürcü Arzusu" hakimiyyətdən gedərsə, onun alternativi yoxdur"

İyunun 20-dən Tiflisdə parlament binası qarşısında Gürcüstanın Avropa kursuna dəstək üçün irimiqyaslı aksiyalar (Xalq hərəkatı adlanır) başlayıb. Mitinqə toplaşan minlərlə insanın məqsədi gürcü xalqının Avropaya, Avropa dəyərlərinə sədaqətini nümayiş etdirməkdir.

Amma Avropa İttifaqı Şurası Gürcüstanın müəyyən edilmiş prioritetləri yerinə yetirən kimi ona namizəd statusu veriləcəyi şərti qoyub. Söhbət Avropa Komissiyasının Gürcüstanın müraciətinə dair rəyində əvvəllər qeyd etdiyi 12 şərtdən gedir.
Avropa İttifaqı Şurası bu şərtlər yerinə yetirməyənə qədər Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsini qərara alıb. Hökumət başçısı İrakli Qaribaşvili qərarı uğur adlandırsa da, müxalifətdən sərt təpkilər var.
“Xəcalət” (“Utanc”) gənclər təşkilatının öncüllük etdiyi aksiyalarda hökumətin bir həftə ərzində istefaya getməsi və ölkədə yeni texnokratik Nazirlər Kabinetinin yaradılması tələbini irəli sürüblər. Əks halda, iqtidarı müddətsiz etiraz aksiyalarına başlayacaqları ilə hədələyiblər. Ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” ın lideri Nika Meliada yeni hökumətin formalaşdırılmasını istəyir. Eyni zamanda, partiya sədri təklif edib ki, yeni hökumətdə indi fəaliyyət göstərən siyasətçilər təmsil olunmasın.
"Milli barışıq hökumətində fəal siyasətçilər və vətəndaş cəmiyyətinin nümayəndələri olmamalıdır. Yeni hökumətin üzvləri müəyyən bir sahədə tanınmış, beynəlxalq səviyyədə tanınan və yüksək ictimai reputasiyaya malik şəxslər olmalıdır" - deyə, Melia əlavə edib.

Qeyd edək ki, hökumət legitim işləyə bilməsi üçün Gürcüstan parlamentinin etimadını almalıdır. Bu gün Gürcüstan parlamentində isə hakim qüvvə “Gürcü Arzusu” çoxluğa malikdir. Bəs, o halda, aksiyalar hökumətin istefası ilə nəticələnə bilərmi? Avropa Birliyi Gürcüstanı qapı arxasında saxlamaqla Rusiyaya loyal münasibət bəsləyən, sanksiyalara qoşulmayan İvanaşviliyə bağlı hakim “Gürcü Arzusu”nu hakimiyətdən uzaqlaşdırmaq istəyirmi?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Əslən Gürcüstandan olan REAL funksioneri, iqtisadçı ekspert Natiq Cəfərli məsələyə bu cür şərh verdi: "Gürcüstanda siyasi hadisələr həmişə dinamik olub. Son seçkilərdə də həm Tiflisin meri, həm də digər ərazilərin meri seçkilərində iqtidar və müxalifət düşərgələri arasında çox böyük yarışma var idi. Parlamentdə indiki hökumət üstünlük qazansa da, müxalifətin də kifayət qədər böyük həcmdə yerləri var idi. Son zamanlar Gürcüstanın turizm üstündə qurulmuş iqtisadiyyatını nəzərə alsaq, son iki ildə pandemiya səbəbindən Gürcüstan iqtisadiyyatında ciddi təlatümlər oldu. İşsizlik yarandı, turizm gəlirləri azaldı, larinin dəyərdən düşməsini gördük. Yəni iqtisadi vəziyyət də çətinləşdi, həm də əhalinin bir qismi Gürcüstanın Avropa seçiminin Avropa Birliyi tərəfindən şərtlərə bağlandığını nəzərə alaraq aksiyalara başladı. Düşünmürəm ki, orada hansısa bir ciddi, küçədən başlayan proseslə dəyişikliklər olsun. Seçki institutu olan ölkələrdə küçədən hakimiyyəti dəyişmək çətindir. Bu, demək olar ki, mümkün deyil. Gürcüstanda da artıq seçki institutu formalaşıb. Amma növbədənkənar parlament seçkiləri ehtimalı var. Əgər doğrudan da müxalifətlə iqtidar arasında gərginlik artarsa parlamentin buraxılması və növbədənkənar seçkilərinin olması mümkündür. Ona görə də, yaxın zamanlarda proseslərin hansı yöndə inkişaf edəcəyinə baxmaq lazımdır. Ola bilər ki, payız aylarında növbədənkənar parlament seçkiləri baş tutsun".

Azərbaycanlılarla svanların qarşıdurmasında erməni izi...

"Gürcü Arzusu"nun parlamentdəki sabiq deputatı Mahir Dərziyev gedən proseslərdən qəti narahat deyil: "Bu gün Gürcüstanda nələr baş verir? Müxalifət öz vəzifəsini yerinə yetirir. Hədəfləri hakimiyyətə gəlməkdir. Bu illər ərzində Gürcüstan müxalifətinin yeganə məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək olub. Bunlar da təbii prosesdir. Hakimiyyət uğrunda mübarizədə müxalifət də öz rolunu yerinə yetirməlidir. Amma müxalifət ölkədə ictimai-siyasi sabitliyi pozmağa, destruktiv proseslərə rəvac verməyə bir növ çalışıb. Bu düşərgənin mitinqlərinə 30-40 mindən artıq insan qatılmayıb. Gürcüstan miqyasında isə bu heç də böyük rəqəm deyil. Zamanında 80-100 minlik aksiyalar keçirilib. İndi isə az etirazçının aksiyalara qatılması müxalifətin nüfuzunun az olması ilə əlaqədardır. Keçirilən sorğular hər şeyi göstərir. Ana müxalifət hesab olunan Vahid Milli Hərəkat Partiyası 15-20 faiz elektrota sahibdir. "Gürcü Arzusu"nun elektrotı bir neçə dəfə bundan çoxdur. Seçkilərdə də bu özünü açıq şəkildə göstərdi. Bu gün ölkənin taleyi üçün çox mühüm olan bir məsələ ətrafında müxalifət öz məqsədləri naminə birləşib nəyəsə nail olmaq istəyir. 2012-ci ildə hakimiyyətə gələndə "Gürcü Arzusu" öz platformasında göstərmişdi ki, əsas məqsədləri avroatlantik məkana inteqrasiya etməkdir. Konkret olaraq NATO və Avropa İttifaqına üzv olmaq hədəfi göstərilmişdi. Bu illər ərzində də bu istiqamətdə ciddi uğurlar əldə olunub. Ən böyük uğurumuz Avropa İttifaqı ilə assosiativ sazişi imzalamaq oldu. Məhkəmə, siyasi sistemdə ciddi islahatlar həyata keçirildi. Bu gün Gürcüstandan fərqli olaraq, Ukrayna və Moldovaya üzvlük üçün status verilirsə, bu ilk növbədə, həmin regionda baş verən proseslərlə bağlıdır. Yəni o ölkələrə bu status avans olaraq verildi. Bu gün bütün dünya Ukraynanı dəstəkləyir. Bu da dəstəyin bir növüdür. Moldovada bu gün Ukraynadan gələn 1,7 milyon qaçqın var. Kiçik bir ölkə böyük proseslərdən bu qədər əziyyət çəkir. Bütün bunlar da daxil bir növ Moldovaya dəstək xarakterli bu status verildi. Amma tam əminliklə söyləyirəm ki, bu statusa ən layiqli ölkə Gürcüstandır. Gürcüstanın Qərbdəki tənqidçiləri və eləcə də, gürcü müxalifəti bizi ən çox iqtidarın Rusiyaya qarşı sanksiyalara qoşulmamasına görə ittiham edirlər. Bu sanksiyaların Rusiyaya təsir faizi olduqca azdır. Əslində bu sanksiyalar Rusiyadan daha çox Gürcüstanın özünə zərbə vura bilər. Digər tərəfdən bilirsiniz ki, Gürcüstan ərazisinin hardasa 20 faizi ruslar tərəfindən işğal olunub. Tiflisdən Batuma tərəf gedənlər bunu görüblər. Rusiya Gürcüstanın ərazisini işğal edib və işğalçıdır. Bunu biz hər zaman demişik. Amma bu iqtidar Saakaşvili iqtidarından fərqli olaraq, döyüş, söyüş ritorikasından uzaq olub. Biz Rusiya ilə münasibətləri normallaşdırmaq istəyirik. Bu yöndə də əlimizdən gələni edirik. Anti-Rusiya mövqeyi ilk növbədə, Gürcüstanın milli maraqlarına böyük zərbə vurardı. Amma Ukraynanın haqq işini bu iqtidar, gürcü xalqı hər zaman müdafiə edib. Bir məsələni də deyim. Biz hakimiyyətə gələndən sonra Ukrayna bir növ gürcü müxalifətinin yuvasına çevrilib. Gürcü müxalifətinə Ukrayna rəhbərliyi müxtəlif yollarla dəstək verib. Açıq şəkildə Gürcüstanın daxili işlərinə müdaxilə ediblər. Bizim iqtidarı qıcıqlandıran məqamlardan biri də budur".

M.Dərziyev "Gürcü Arzusu" iqtidarını Avropa İttifaqının dəyişmək istəmədiyini də söylədi: "Açığı deyim ki, Gürcüstanda Avropa tərəfindən hakimiyyət dəyişikliyi etmək elə də asan məsələ deyil. Çünki "Gürcü Arzusu" xalqın böyük dəstəyinə malikdir. Gürcüstan Avropa İttifaqının dostudur. İttifaqın irəli sürdüyü 12 bəndin içərisində önəmli hissələr var. Bunlardan biri ölkədə oliqarxların hakimiyyətdən uzaqlaşdırılmasıdır. Bu da daha çox gürcü müxalifətinin xidmətidir. Belə ki, keçən müddət ərzində bu müxalifətin təmsilçiləri Avropada qapılar döyərək, İvanişvili başda olmaqla, gürcü oliqarxlarına qarşı sanksiyaların tətbiq olunması xahişlərini edirdilər. Belə görünür ki, xeyli dərəcədə buna nail də oldular. Digər vacib məsələ fikrimcə ölkədə qütbləşmənin aradan qaldırılmasıdır ki, bu da müxalifətdən çox asılı olan bir məsələdir. Müxalifət iqtidara qarşı birmənalı şəkildə barışmaz mövqe tutur. Belə bir şəraitdə düşərgələr arasında danışıqların baş tutması çox çətin olacaq. Amma bir daha bildirirəm ki, Avropa İttifaqının Gürcüstanda hakimiyyət dəyişikliyi planı yoxdur. Avropada Saakaşvilini dəstəkləyənlərin planları öncədən uğursuzluğa düçar olub. Ölkəmiz birmənalı olaraq üzünü Avropaya tutub, biz özümüzü avropalı sayırıq. Rusiyaya qarşı sanksiyalara qoşulmamağımız uğursuzluq ola bilməz. Bu gün gürcü əhalisinin əksəriyyəti bu addımımızda bizim yanımızdadır".

Sabiq deputat gürcü müxalifətinin xalq tərəfindən dəstəklənməsini qeyri-mümkün sayır: "Müxalifətin dəstəklənməsi ölkədə qütbləşmənin daha da dərinləşməsinə səbəb olardı. Onların texnokrat hökumət təklifləri aldadıcıdır. Guya bu hökumət tərəfsiz olacaq. Bunun Gürcüstan şəraitində həyata keçirilməsi qeyri-mümkündür. "Gürcü Arzusu" yetərincə özünə arxayındır, özünü çox güclü hesab edir. Heç bir halda istefa tələbi qəbul olunmayacaq. Texnokrat hökumət təklifi illüziyadan başqa bir şey deyil. Bir də onu deyim ki, Avropadakı tərəfdaşlarımız onu da yaxşı bilməlidirlər ki, "Gürcü Arzusu" hakimiyyətdən gedərsə, onun alternativi yoxdur. Hakimiyyətə kim gələcək?Kim ölkəni idarə edəcək?".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR