İnsanlara hürriyət, millətlərə istiqlal!

Atasının oğlu: vəliəhd Rza Pəhləvi İranda rejimin alternativinə çevrilə biləcəkmi - TƏHLİL

2054 07.01.2026 18:00 Siyasət A A

Deyilənə görə, 1923-cü ildə çevriliş edərək Əhməd Şah Qacarı taxtdan salıb hakimiyyəti ələ keçirən İran Kazak Alayının komandiri Rza xan – daha sonra Pəhləvi soyadını götürdü – İranda Türkiyə tipli milli respublika yaratmaq istəyirmiş. Ancaq nüfuzlu din xadimləri Rza xanı bu fikirdən daşındırıb, ona deyilib ki, ruhaniyyət onu bir halda dəstəkləyə bilər: İranda şahlıq sistemi qalsın.

Mollaların istədiyi olur. Ancaq 10 il keçmir, İranın yeni şahı Rza xan Pəhləvi başlatdığı islahat dalğasında ilk olaraq dini vəqf və qurumları hədəfə alır. 1941-ci ildə ingilislər tərəfindən taxtdan salınaraq Cənubi Afrikaya sürgün edilən Rza xanı oğlu Məhəmməd Rza şah əvəz edir.

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını  canlandırır, məşuqələrindən yazırlar » Reyting.az

Amma oğul Pəhləvi atasını da kölgədə qoyaraq despota çevrilir. Hətta 1953-cü ildə İran millətçisi Məhəmməd Müsəddiq neft sənayesini milliləşdirəndə ABŞ və Böyük Britaniya birgə əməliyyat keçirərək Müsəddiqi devirib şahı geri qaytarır. Bütün bunlar tədricən İranda Şahlıq rejiminə qarşı kütləvi narazılığa çevrilir və son nəticədə İranda bütün siyasi qruplar – sağçılar, solçular, dindarlar – ayağa qalxaraq Şah rejiminə son qoyur.

İran şahının oğlu Rza Pə

İndi isə Məhəmməd Rza şahın 65 yaşlı oğlu və varisi Rza Pəhləvi hakimiyyət iddiasındadır; daha doğrusu, hər dəfə İranda sosial və siyasi yönlü aksiyalar olanda vəliəhd-şahzadə efirə çıxır, İran xalqına müraciət edərək rejimi dəyişmək üçün hərəkətə keçməyə çağırır. Ancaq təbii ki, bu çağırış İranda xüsusi dəstək tapmır.

Əlbəttə, İranda monarxistlər var və xüsusən də fars rayonlarında etiraz aksiyalarında az da olsa, Pəhləvilərə simpatiya şüarları gözə dəyir. Lakin bu, bir qayda olaraq, kütləvi hal almır. Bunun isə bir neçə səbəbi var.


1. Keçmiş xatirələr. İranda şah rejiminin tarixi çox uzaq keçmiş deyil və Şah zamanı qanunsuzluqlar, gizli polisin (Savak) işgəncələri, xüsusən də azərbaycanlılar, kürdlər və digər etnik qrupların məruz qaldığı qətliam və zorakılıqları çoxları unutmayıb. Yəni başqa sözlə, Şah dövrü İran üçün güllük-gülüstanlıq olmayıb.

2. Şahzadə birləşdirici fiqur deyil. Doğrudur, əvvəlki illərlə müqayisədə Rza Pəhləvinin, xüsusən də xaricdəki iranlılar arasında reytinqi artır. Burada həm də ABŞ və İsrailin şahzadəyə dəstəyi xüsusi rol oynayır. Ancaq əvvəlki illərdə keçirilən sorğular və araşdırmalar oğul Pəhləvinin, xüsusən də etiraz hərəkatının lokomotivi olan tələbələr və ziyalılar arasında reytinqinin aşağı olduğunu göstərir.

İranın sonuncu şahının oğlu Rza Pəhləvi İsrailə səfər edir

3. Təşkilatlanmış müxalifətin olmaması. Rza Pəhləvi 40 il əvvəl, 1 may 1986-cı ildə özünün “sürgün hökuməti”ni elan edib. Ancaq şahzadə Pəhləvi çoxmillətli İranı əhatə edən siyasi hərəkat yarada bilməyib. Xüsusən də qeyri-fars etnik qruplarla bağlı hər hansı plan və proqrama malik deyil. Halbuki azərbaycanlılarla yanaşı kürdlərin, ərəblərin və bəlucların İran daxilində güclü hərbi-siyasi hərəkatı var. Kürd, bəluc və ərəblər ən azı muxtariyyət və ya müstəqillik üçün silahlı mübarizə çağırışları edirlər. Pəhləvinin bu qruplarla bağlı hər hansı münasibəti bəlli deyil, onun vahid İran çıxışı isə elə də rəğbət doğurmur.

Hazırkı məqamda Rza Pəhləvinin yeganə üstünlüyü onun Qərb, xüsusən də ABŞ və İsrail tərəfindən açıq şəkildə dəstəklənməsidir. Lakin qətiyyətsiz və siyasi fəaliyyətindən çox şəxsi həyatı ilə gündəmə gələn Rza Pəhləvinin hazırkı İslam Respublikası üçün ciddi alternativə çevriləcəyi və bütün narazı qüvvələri öz ətrafında toplaya biləcəyi sual altındadır. Ən azı indiki şərtlərdə real görünmür.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR