İnsanlara hürriyət, millətlərə istiqlal!

"Any Unboxing" fırıldağının sonu: Musavat.com yazdı, piramida çökdü! VACIB

3466 06.07.2026 11:45 Son xəbər A A

Musavat.com-un xəbərdarlığı reallaşdı, sayt bağlandı!

İyunun 5-də "Any Unboxing" platforması ilə bağlı etdiyimiz xəbərdarlıq, təəssüf ki, ən pis ssenari ilə gerçəkləşdi. Hələ bir ay əvvəl bu şəbəkənin növbəti bir maliyyə piramidası olduğunu, insanların etibarından sui-istifadə edərək böyük məbləğdə vəsait topladığını və yaxın zamanda çökəcəyini, yeni həbslərin qaçılmaz olduğunu yazmışdıq. Bu gün gələn son xəbərlər fırıldaqçıların növbəti planının da uğurla icra olunduğunu göstərir: "Any Unboxing" rəhbərliyi pulları götürərək qaçdı, platformanın saytı isə tamamilə bağlandı.

"Any Unboxing" piramidasının ifşası – Yeni həbslər olacaq

Məqaləmiz dərc olunduqdan sonra platforma rəhbərliyi və bəzi "liderlər" ciddi təşvişə düşmüşdülər. Onlar bir müddət insanları bu yazılanların yalan olduğuna, layihənin "qanuni və uzunömürlü" fəaliyyət göstərdiyinə inandırmağa çalışdılar. Lakin Musavat.com-da gedən ifşa yazısından sonra ayıq-sayıq istifadəçilər təhlükəni hiss edərək kütləvi şəkildə pullarını sistemdən geri çəkməyə başladılar.

Vəziyyətin nəzarətdən çıxdığını və kütləvi pul axınının dayandığını görən fırıldaqçılar son bir həmlə ilə daha çox pul qoparmaq üçün saxta "kampaniyalar" elan etdilər. İnsanlara fantastik qazanclar, hətta bahalı avtomobillər vəd edərək son qəpiklərinə qədər toplamağa çalışdılar. Bu "şirin vədlərə" aldanan yüzlərlə vətəndaş növbəti dəfə tələyə düşdü. Yetərincə vəsait topladıqdan və kütləvi pul çıxarılmasının qarşısını ala bilməyəcəklərini anladıqdan sonra rəhbərlik əvvəlcə pulların ödənilməsini tamamilə dayandırdı, bu gün isə rəsmi saytı birdəfəlik qapadaraq yoxa çıxdı.

İndi minlərlə aldadılmış vətəndaş çarəsiz vəziyyətdə qalıb. Lakin bu, prosesin sonu deyil. İyunun əvvəlində qeyd etdiyimiz kimi, hüquq-mühafizə orqanlarının bu şəbəkəyə qarşı araşdırmaları və əməliyyat tədbirləri davam edir. Vətəndaşların pullarını mənimsəyərək qaçan bu piramidanın yerli idarəçiləri və bu işdə əli olan şəxslər üçün qanun qarşısında cavab vermək vaxtıdır. Yaxın günlərdə bu fırıldaqçılıq şəbəkəsinin üzvlərinə qarşı yeni və səs-küylü həbslərin şahidi olacağıq.

Məhəmməd Türkmən / Musavat.com

Ekran şəkli 2026-07-06 112347.png (25 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR