İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkozi Fransanı məhkəməyə verdi

315 13.07.2026 17:23 Dünya A A

Fransanın sabiq prezidenti Nikola Sarkozi Fransa dövlətini məhkəməyə verib.

Musavat.com xəbər verir ki, onun ərizəsi kommunikasiyaya qəbul edilərək Fransa hökumətinə təqdim olunub.

Bu o deməkdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) şikayəti ilkin baxışdan əsaslı hesab edib və hökumətdən rəsmi izahat istəyib. İş eyni zamanda Sarkozinin vəkili Tyerri Erzoqun (Thierry Herzog) və Paris Vəkillər Kollegiyasının təqdim etdiyi oxşar ərizələrlə birlikdə araşdırılacaq.

Bu qərar Fransada "telefon dinləmələri işi" ("affaire des écoutes" və ya "Bismuth işi" - E.M) kimi tanınan və ölkənin son illərdə ən çox müzakirə olunan korrupsiya proseslərindən birini yenidən gündəmə gətirib.

Hadisələrin kökü 2013-2014-cü illərə gedib çıxır. Həmin dövrdə Fransa prokurorluğu Nikola Sarkozinin 2007-ci il prezident seçki kampaniyasının Liviyanın sabiq lideri Müəmmər Qəzzafi rejimi tərəfindən qanunsuz maliyyələşdirilməsi iddialarını araşdırırdı.

Bu istintaq çərçivəsində müstəntiqlər Sarkozinin telefon danışıqlarına nəzarət etməyə başlayıblar. Araşdırma zamanı məlum olub ki, sabiq prezident əsas telefonundan başqa, "Paul Bismuth" adı ilə qeydiyyata alınmış ikinci mobil nömrədən də istifadə edir. Bu nömrə vasitəsilə o, uzun illər şəxsi vəkili olmuş Tyerri Erzoqla əlaqə saxlayırdı.

Məhz həmin danışıqları Fransa xüsusi xidmət orqanları gizli şəkildə dinləyib və səs yazıları sonradan tamam başqa cinayət işinin başlanmasına səbəb olub.

İstintaq materiallarına əsasən, Sarkozi və vəkili Fransa Kassasiya Məhkəməsinin hakimi Gilbert Azibertlə əlaqə yaradaraq məxfi istintaq məlumatları əldə etməyə çalışıblar.

İddialara görə, Azibert Nikola Sarkozinin başqa bir məhkəmə işi barədə məxfi məlumat verməli, bunun müqabilində isə Nikola Sarkozi ona Monakoda nüfuzlu vəzifə əldə etməyə kömək etməli idi.

Fransa Prokurorluğu bunu korrupsiya və nüfuz alveri kimi qiymətləndirib.

2021-ci ildə Paris Məhkəməsi Nikola Sarkozini korrupsiya və qanunsuz təsir göstərməkdə təqsirli bilərək 3 il azadlıqdan məhrum edib. Cəzanın 2 ili şərti, bir ili isə elektron nəzarət qolbağı ilə evdə çəkilməli idi. Sonrakı apellyasiya və kassasiya instansiyaları da hökmü qüvvədə saxlayıb və qərar qəti xarakter alıb.

Sabiq prezident hökmün mahiyyətindən deyil, istintaq zamanı istifadə olunan sübutlardan şikayət edir.

Onun əsas arqumenti ondan ibarətdir ki, vəkili ilə apardığı telefon danışıqları vəkil-müştəri sirri ilə qorunurdu və dövlət həmin danışıqları dinləyərək, onların mətnini çıxarıb məhkəmədə sübut kimi istifadə etməklə fundamental hüquqlarını pozub.

Sarkozi hesab edir ki, vəkili ilə məxfi ünsiyyət hüququ pozulub. O, şəxsi həyat toxunulmazlığına müdaxilə edilməsi, müdafiə hüququnun zəiflədilməsindən və məhkəmə prosesinin ədalətli olmamasından şikayət edir.

Nikola Sarkozinin fikrincə, hüquq-mühafizə orqanları vəkil-müştəri münasibətlərinin toxunulmazlığını qorumalı idi.

Fransa məhkəmələri isə tam əks mövqe sərgiləyiblər.

Hakimlər hesab ediblər ki, vəkil-müştəri sirri cinayət törədilməsi üçün qalxan rolunu oynaya bilməz. Əgər telefon danışıqları yeni cinayət əməllərini üzə çıxarırsa və müdafiə strategiyası ilə bağlı deyilsə, həmin materiallardan sübut kimi istifadə qanunidir.

Məhkəmələr qeyd ediblər ki, bu işdə dinlənilən söhbətlər hüquqi müdafiə planı deyil, mümkün korrupsiya sövdələşməsini əks etdirirdi.

AİHM cinayət işini yenidən araşdırmayacaq və Sarkozinin günahkar olub-olmamasına qiymət verməyəcək.

Məhkəmə yalnız araşdıracaq ki, Fransa hakimiyyət orqanları Sarkozini dinləyərkən Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə əməl edibmi?

Xüsusilə vəkil-müştəri sirrinin pozulub-pozulmaması; telefon dinləmələrinin qanuni və zəruri olub-olmaması; şəxsi həyata hörmət hüququnun pozulması; ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi məsələləri araşdırılacaq.

Əgər AİHM pozuntu müəyyən etsə, bu, avtomatik olaraq Sarkozinin məhkumluğunun ləğvi demək olmayacaq. Lakin Fransa dövləti Konvensiyanın tələblərini pozduğuna görə məsuliyyət daşıya bilər və qərar gələcək oxşar işlər üçün mühüm hüquqi presedentə çevrilə bilər.

Fransa mediası və hüquq ekspertləri hesab edirlər ki, bu proses təkcə Nikola Sarkozi ilə bağlı deyil. Burada əsas məsələ Avropada vəkil-müştəri sirrinin sərhədlərinin harada başladığı və harada bitdiyidir.

Əgər AİHM Sarkozinin arqumentlərini qəbul etsə, gələcəkdə Avropa ölkələrində hüquq-mühafizə orqanlarının vəkillərlə müvəkkillər arasında aparılan telefon danışıqlarından sübut kimi istifadə etməsi daha ciddi məhdudiyyətlərlə üzləşə bilər.

Əksinə, Fransa hökumətinin mövqeyi dəstəklənərsə, bu, korrupsiya və nüfuz alveri kimi cinayətlərin istintaqında vəkil-müştəri sirrinin mütləq toxunulmazlıq yaratmadığını təsdiqləyən mühüm presedent olacaq.

Beləliklə, AİHM-də baxılacaq "Sarkozi Fransaya qarşı" işi bütün Avropa üçün vəkil sirri, telefon dinləmələrinin hüquqi hədləri və ədalətli məhkəmə prinsipləri baxımından mühüm sınaq hesab olunur. Bu səbəbdən Strasburqda qəbul ediləcək qərar həm Fransa hüquq sistemi, həm də Avropa məhkəmə təcrübəsi üçün xüsusi əhəmiyyət daşıyır.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR