Rusiyanın Orenburq şəhər rəhbərliyi kommunal təsərrüfatda yaranan kadr çatışmazlığını aradan qaldırmaq üçün əvvəlcə Şimali Koreyadan, daha sonra isə Seneqaldan işçi cəlb etməyə çalışıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Orenburq meri Albert Yumadilov bildirib ki, şəhər rəhbərliyi Şimali Koreya vətəndaşlarını küçə təmizləyicisi kimi işə götürmək istəsə də, danışıqlar nəticəsiz qalıb.
Onun sözlərinə görə, Orenburqda təklif olunan 55 min rubl maaş Şimali Koreya tərəfini qane etməyib. Hər işçi üçün 150 min rubla qədər əməkhaqqı tələb olunub.
"Onların Şimali Koreyada maaşı bundan 2-3 dəfə yüksək imiş. Onlar bizim təklif etdiyimiz məbləğə işləməyə razı olmadılar", – deyə mer bildirib.
Yumadilov eyni zamanda, Şimali Koreya işçilərini "robot kimi işləyən və yüksək məhsuldarlığa malik" əməkdaşlar kimi xarakterizə edib.
Danışıqlar uğursuz başa çatdıqdan sonra Orenburq bələdiyyəsi Afrikadan işçi cəlb etməyə başlayıb. Hazırda şəhərdə 31 Seneqal vətəndaşı küçə təmizləyicisi kimi çalışır, daha bir neçə nəfərin isə yaxın günlərdə gələcəyi bildirilir.
Mer qeyd edib ki, afrikalı işçilər təklif olunan maaşa razılaşır və əsasən qanunsuz tullantı sahələrinin təmizlənməsi, kolluqların yığışdırılması kimi ən ağır kommunal işləri yerinə yetirirlər.
Rusiyada əmək bazarında yaranan ciddi kadr çatışmazlığı fonunda kommunal xidmətlərdə vəziyyət daha da ağırlaşıb. Rosstatın məlumatına əsasən, 2025-ci ilin sonuna ölkədə işçi qüvvəsi çatışmazlığı 2,7 milyon nəfərə çatıb. Bu səbəbdən Rusiya hakimiyyəti xarici işçi kvotalarını artıraraq Cənubi Asiya və Afrika ölkələrindən əmək miqrantlarının cəlbini genişləndirir.
Musavat.com






