İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA və Mehdiyevi bitirən, elmə “nəfəs verəcək” qərar - Prezident fərmanındakı hədəflər

1101 30.07.2022 11:40 Gündəm A A

Ekspertlərdən maraqlı gözləntilər; “Yeni nazirlik elm və təhsilimizə yeni ab-hava gətirəcək...”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 28-də “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. Sənədin əsas məqsədi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsidir.

Fərmanla Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.

Lakin Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri ilə bağlı institututları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına gəlmir. Humanitar institutlar AMEA-nın balansında qalır. AMEA-nın Gəncə, Naxçıvan bölmələri, eləcə də Şəki və Lənkəran elmi mərkəzləri öz fəaliyyətini bu qurumun tabeliyində davam etdirəcək.

Beləliklə, Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir.

Alimlərin, elmi müəssisələrdə çalışan işçilərin ixtisarı nəzərdə tutulmur və qurumun yeni statusu onun yeni nizamnaməsi ilə müəyyənləşdiriləcək. AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər.

AMEA-nın elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin  tabeliyinə verildi - SİYAHI - Turkic World

Prezidentin fərmanına əsasən, həmçinin Nazirlər Kabineti (NK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu və işçilərinin say həddini 3 ay müddətində təsdiqləməlidir. AMEA-ya isə qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

İyulun 29-da fərmanın icrası ilə bağlı AMEA Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bir sıra elmi müəssisə və təşkilatların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi AMEA-nın elm və istehsalat qurumlarının işinin tənzimlənməsinə xidmət edəcək. Onun sözlərinə görə, dünyada Təhsil Nazirliyinin ayrıca fəaliyyət göstərdiyi ölkələr azlıq təşkil edir: “Dünyada Elm və Təhsil Nazirliyinin yaranması təcrübəsi artıq genişlənməkdədir. Bir çox ölkələrdə Elm və Təhsil Nazirliyi və yaxud da Elm və Təhsil Komitəsi, bəzi ölkələrdə Elm, Təhsil və İdman Nazirliyi, digər ölkələrdə isə Elm,Təhsil, İnnovasiyalar, İdman və Gənclər Nazirliyi kimi formatlar mövcuddur. Hətta inkişaf etmiş ölkələrdə bir nazirliyin statusunda və ya əhatə dairəsində yaxın istiqamətlərin birləşdirilməsi indiki dövrün reallığıdır. Çünki artıq isbat olunub ki, bir-birinə yaxın olan sahələrin qarşılıqlı inteqrasiyasına nail olmadan real elmi nəticə əldə etmək mümkün deyil. Prezident İlham Əliyevin imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin yaradılması dünya təcrübəsində özünü təsdiq etmiş son illərin mühüm reallıqlarından biridir. Bundan əlavə, ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək”.

Etibar Əliyev

Etibar Əliyev

Milli Məclisin üzvü, təhsil üzrə ekspert Etibar Əliyev bildirir ki, elmlə təhsilin vəhdətdə fəaliyyət göstərməsinin vacibliyi daim diqqət mərkəzində olub: “Tarixə ekskurs edək: hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur.  Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır”.

Ekspertin sözlərinə görə, elm və təhsil siyasətinin vahid mərkəzdən idarə olunması dünya təcrübəsində geniş yayılıb: “Almaniyada Təhsil və elm siyasətini həyata keçirən qurumun adı Təhsil və elmi tədqiqatların Federal Nazirliyi, Rusiyada Elm və Ali Təhsil Nazirliyi, Qazaxıstanda Təhsil və Elm Nazirliyi, Ukraynada Təhsil və Elm Nazirliyi, Moldovada Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Gürcüstanda Təhsil  və Elm Nazirliyi və sair adlanır. Yəni Elm və Təhsil Nazirliyinin yaradılması zamanın tələbidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş ”Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir: ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir: 1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması; 2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak.

Elm və Təhsil Nazirliyinin yaradılmasından öncə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı"nda ölkədə tədqiqat potensialı yüksək olan iki universitetin bazasında 2 tədqiqat universiteti yaradılması əksini tapıb. 2023-2025-ci illərdə ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artması, dövrün sonuna qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat universitetinin fəaliyyət göstərməsi təmin ediləcək. Ölkədə elm və təhsilin vəhdəti və tədqiqat universitetlərinin yaradılması barədə cənab Prezidentin qərarları təqdirəlayiqdir və birgə inkişafa yeni üfüqlər açır. Təcrübə göstərir ki, İnsan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir. Elm və Təhsil Nazirliyinin yaradılması alimlərin pedaqoji fəaliyyətlə yanaşı effektiv tədqiqatlarla da məşğul olmalarına şərait yaradacaq.  Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlayacaq. Eyni zamanda ölkəmizdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması və attestasiyasının səmərəliliyini artıracaq".

E.Əliyev onu da bildirir ki, yeni nazirlik elm və təhsilimizə yeni ab-hava gətirəcək: “Qalır idarəçilərin, pedaqoqların, alimlərin və təhsil mütəxəssislərinin birgə çalışmaları”.

Maraqlıdır, niyə AMEA-nın yalnız dəqiq elmlər üzrə ixtisaslaşan qurumları nazirliyə verildi?

E.Əliyevin sözlərinə görə, dünyada ayrıca humanitar və ictimai elmlər akademiyaları fəaliyyət göstərir: “Onlar dövlət qurumları olmayıb, müstəqil fəaliyyət göstərən mərkəzlərdir. Bu gün nazirliyin balansına verilən institutlara müəyyən müstəqillik verilməlidir, akademiya onların fəaliyyətini xeyli dərəcədə məhdudlaşdırırdı. Yeni şəraitdə onların qrantlar, subsidiyalar almaları üçün imkanlar açılmalıdır. Qloballaşma elmlə təhsilin birgə inkişafını tələb edir”.

Osman Gündüz — Vikipediya

Osman Gündüz

Multimedia İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzün fikrincə, hazırda ciddi maraq doğuran məsələ nazirliyin tabeliyinə verilən elmi institutların fəaliyyətinin necə səmərəli qurulmasıdır: “Son zamanlar aparılan müzakirələrdən, Prezidentin fərmanından və ”Azərbaycan -2026" Strategiyasından belə qənaətə gəlmək olar ki, nazirlik qısa müddətdə tabeliyindəki elmi institutların fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək. Yəni, məsələn, düşünmək olar ki, artıq nazirliyin tabeliyində olan İqtisadiyyat İnstitutu UNEC tabeliyinə, Riyaziyyat və mexanika institutu BDU tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika institutu AzTU tabeliyinə, Neft və Qaz İnstitutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər.

Son zamanlar nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya yönümlü, araşdırma istiqamətində fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin universitetlərin bir çoxu universitet- sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar. Düşünmək olar ki, nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali gəhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə üstünlük verəcək. Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat yönümlü, innovasiya yönümlü fəaliyyət çox zəif olduğundan düşünürəm ki, yeni yaradılan Elm və Ali təhsil üzrə Dövlət Agentliyi də bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməli olacaq".

Mərkəz rəhbərinin fikrincə, bu proseslər ağrısız da ötüşməyəcək: “Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir. Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı . Təbii ki, yeni yanaşmalara görə elmi institutlarda aparılacaq optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər. Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə nazirlik tərəfindən təyin olunması da məntiqli və ağlabatan olardı. İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adı çəkilən Strategiyada elm və təhsilin inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək və sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər məyyənləşdirəcək”.

Dünya SAKİT,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR