İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya və Hollandiya dağıldı, Braziliya son saniyədə “dirildi” - növbə Fransanındır? - Bütün dünya bu gecəni gözləyir...

1379 30.06.2026 14:31 İdman A A

Dünya Çempionatı-2026 sanki dünən axşam və bu gün səhər saatlarına doğru yenidən başladı. Futbolsevərlər əsl futbol bayramı yaşadılar. Əvvəlcə Braziliya-Yaponiya qarşılaşması ilə nəfəslər tutuldu. Beşqat dünya çempionu 1:1-lik bərabərliyin şokunu əsas vaxta əlavə olunmuş 6-cı dəqiqənin elə son dəqiqəsində vurduğu qolla adlada bildi. Bununla da böyük ümidlərlə mundiala gələn yaponlara Braziliya kimi bir nəhəngin qarşısında dirənişlərindən dolayı alqış qazanmaq qaldı...

Bu nəticənin ardından azarkeşlər hələ pley-off mərhələsinin ilk böyük sensasiyalarına saatlar qaldığından xəbərsiz idilər. Mundialın dördqat qalibi Almaniya futbol dünyasına bu turnirin ilk şokunu yaşatdı. Paraqvayla 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırdı. Halbuki, oyundan öncə proqnozlarda 95 faiz almanların turu keçəcəyi ehtimal edirdi...

WhatsApp Image 2026-06-30 at 13.40.47.jpeg (170 KB)

Daha bir Avropa nəhəngi, dünya çempionatında üç dəfə final yaşamış, son iki mundialda ¼ və yarımfinal mərhələlərində Messinin Argentinasına penallarda uduzan Niderland bu dəfə də bu kabusu üzərindən ata bilmədi. Hollandlar Mərakeş qarşısında son dəqiqələrdə qələbəni əldən verdi və penaltilər seriyasında uduzaraq mundialla gözlənilmədən vidalaşdı. Bu iki nəticə bir daha göstərdi ki, 2026-cı il Dünya Çempionatında favorit statusu heç nəyi təmin etmir.

İndi isə diqqətlər 30 iyun və 1 iyul gecəsi keçiriləcək son dərəcə maraqla gözlənilən üç qarşılaşmaya yönəlib.

WhatsApp Image 2026-06-30 at 12.37.56.jpeg (99 KB)

Kot d'İvuar-Norveç görüşü bu axşam saat 21:00-da başlayır. Günün ilk qarşılaşması fərqli futbol məktəblərinin duelidir.

Erlinq Haalandın liderlik etdiyi Norveç uzun illərdən sonra dünya çempionatında yenidən iddialı komanda kimi çıxış edir. Skandinaviyalılar fiziki gücü, sürətli keçidləri və Haalandın fərdi ustalığı hesabına favorit göstərilsələr də, Kot d'İvuar sürpriz etməyə qadir kollektivdir. Afrika təmsilçisi qrup mərhələsində intizamlı müdafiəsi və sürətli əks-hücumları ilə seçilib. Onlar rəqibə topa sahib olmağa imkan versələr də, boş zonalardan maksimum istifadə etməyi bacarırlar.

WhatsApp Image 2026-06-30 at 12.37.55 (1).jpeg (60 KB)

Norveç isə oyuna nəzarət etməyə çalışan, cinahlardan çox istifadə edən komandadır. Bu səbəbdən qarşılaşmanın taleyini bir epizod və ya Haalandın fərdi keyfiyyəti həll edə bilər. Bununla belə, penaltilərə qədər uzanacaq gərgin mübarizə ehtimalı da kifayət qədər yüksək görünür.

Gecənin mərkəzi oyunu isə heç şübhəsiz ki, saat 01:00-da Fransa ilə İsveç arasında baş tutacaq.

WhatsApp Image 2026-06-30 at 12.38.10.jpeg (135 KB)

Almaniya və Hollandiya şokunun ardından bu oyuna maraq birə on qat artıb. Doğrudur, fransızlar mundialın əsas favoriti qismində çoxları tərəfindən təqdim olunur. Amma “sən saydığını say, gör fələk nə sayır” məsəlinin təkrarlana biləcəyini birmənalı şəkildə inkar etmək mümkün deyil. Kilian Mbappenin liderlik etdiyi Fransa qrup mərhələsini inamla keçərək turnirin ən məhsuldar komandalarından biri olub. Mbappe son turnirdə olduğu kimi bu dəfə də bombardir olmaq uğrunda həm də savaşır. Onun üçün də diqqətlər bu oyunda daha çox onun üzərində olacaq. O, Ronaldo və Messinin qarşısında “mən də varam” demək istəyir...

Didye Deşamın komandası həm hücum gücü, həm də heyət dərinliyi baxımından əsas çempionluq namizədləri sırasında göstərilir. İsveç isə daha çox kollektiv oyunu və intizamı ilə seçilir.

WhatsApp Image 2026-06-30 at 12.38.11.jpeg (135 KB)

Skandinaviyalılar fiziki futbol oynamağı sevir, standart vəziyyətlərdən təhlükə yaratmaq bacarığına malikdirlər. Lakin Fransa fərdi ustalıq baxımından rəqibini üstələyir. Mbappe, Dembelenin sürəti və orta sahədə yaradıcı futbol Fransanı favoritə çevirir. Bununla belə, pley-off mərhələsində bir səhv bütün turnirin sonu demək olduğundan Fransa maksimum diqqətli olmağa çalışacaq.

Günün ən emosional qarşılaşmalarından biri səhər saatlarında - 05:00-da yaşanacaq. Meksika ilə Ekvador üz-üzə gələcək.

Turnirin ev sahiblərindən olan meksikalılar doğma azarkeşlərin möhtəşəm dəstəyi altında çıxış edir və qrup mərhələsini üç qələbə, buraxılmayan qol ilə tamamlayaraq böyük inam qazanıblar. Lakin Ekvador asan rəqib deyil. Cənubi Amerika təmsilçisi daha çətin qrupdan çıxıb və Almaniya ilə oyundakı əzmkar çıxışı ilə 2:1 hesablı qələbə əldə etmələri onların psixoloji cəhətdən nə qədər hazırlıqlı olduğunu göstərdi.

Baş məşqçi Xavyer Aqirre də etiraf edib ki, Ekvador turnirin ən aqressiv və ən çox pressinq edən komandalarından biridir. Bu oyunda əsas mübarizə orta sahədə gedəcək. Meksika topa nəzarət etməyə çalışacaq, Ekvador isə yüksək pressinq və sürətli əks-hücumlarla rəqibi səhvə məcbur etməyə çalışacaq. Bir sözlə, bu qarşılaşma günün ən balanslı dueli də hesab edilə bilər və əlavə vaxt ehtimalını istisna etmir. Qalib komanda növbəti mərhələdə İngiltərə-Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq.

CEMPİON.jpg (142 KB)

Yekunda qeyd edək ki, Almaniya və Niderlandın gözlənilməz şəkildə mübarizəni dayandırmasından sonra bütün favoritlər üçün xəbərdarlıq siqnalı verilib. İndi Fransa, Norveç və Meksika kağız üzərində üstün görünsələr də, Dünya Çempionatı artıq sübut edib ki, pley-off mərhələsində adlar yox, meydandakı performans həlledici rol oynayır. Hər üç qarşılaşmanın yüksək gərginlik, taktiki mübarizə və yeni sensasiya ehtimalı ilə yadda qalacağı gözlənilir.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR