İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağıldan bəla

1482 16.02.2024 12:27 Yazarlar A A

Ağıllınız kimdir, qabaqda gedən zəncirli. Bir dəli bir quyuya daş atdı, min ağıllı yığışdı, çıxarda bilmədi. Dəli aydan qorxar. Dəlini apardılar toya, dedi bura bizim evdən yaxşıdır. 

Hələlik bu qədər bəsdir. Çünki hamısını yazmağa yer qalmır. Azərbaycan folklorunda dəliliklə bağlı 100-ə yaxın ata sözü var. Bəs ağıllılar haqda neçə dənədir? Bir əlin barmaq sayı qədər.  Məncə, problemin köklərini həm də buradan qazmalıyıq. Rəhmətlik Koroğlunun yeddi yüz yetmiş yeddi dəlisi var idi, bəs neçə ağıllısı vardı, bu haqda mənbələr susur. O cümlədən Dəli Domrula bir salavat zikr edək. 

Prinsipcə, indi kiməsə dəli deməyə də haqqımız yoxdur. Səhv eləmirəmsə, psixi xəstə deməliyik. Bunun dəli sözündən nəyi yaxşıdır, şəxsən mən bilmirəm. Ağlım o qədər deyil.

Başqa tərəfdən, əgər sən ağılı gündəm eləməyi bacarmırsansa, ekran-efirindən, dəftər-kitabından, qəzet-jurnalından bir sürü heyvərə, zırrama boylanırsa, başqa nə gözləyirdin? Zırramaya ayrılan efir vaxtı günün birində təbii səbəblərdən kəlləçarxa qalxmalıydı. 

Hərtərəfli sərfəli vəziyyətdir. Məsələn, heç kimin ağlına (ağıl var ki?) gəlmir, bəlkə heç o beş nəfəri öldürən bu adam deyil? Bəs istintaq, məhkəmə, nə bilim, təqsirsizlik prezumpsiyası-zad hara cəhənnəm oldu? Elə ilk dəqiqədən hamı, jurnalistlər qarışıq, qətliamı Əhməd müəllimin belinə şəlləmişdir. Zırramasansa, ayrı yolun yoxdur, səndən görəcəklər. Halbuki qanunlar tələb edirdi: biz adamı “şübhəli şəxs” adlandırmalıydıq. Amma yuxarıda yazdım, sərfəli deyil. Çünki əziyyət çəkmək lazımdır, təqsiri sübut eləmək lazımdır. 

Hərçənd bizim ipimizə odun yığılası deyil, görərsiniz, az keçməz, hamı şübhələrini ortaya fırıldadar: “Ola bilər öldürən bu deyil, boynuna qoyurlar”, “Şübhəli məsələ çoxdur”, “Evin böyründə uçan boşqab görüblər”, “Yer yastıdır” və sairə. Tovuz tərəflərdə uşağı qətlə yetirənin əhvalatı yadınıza gəlirmi? Orada axırda hökm də çıxdı, ancaq heç kim inanmadı.    

Qatilin qurbanlarından birinin məktəb direktoru olmağını xüsusi vurğulayırlar, halbuki cəmi bir-iki il qabaq başqa məktəb direktoru 3 nəfəri öldürəndə heç mövzu bu qədər vurğulanmadı. Şübhəli şəxsin taksi sürməyini elə tükürpədici fonda danışırlar, sanarsan başqa peşə sahiblərimizin hamısı ağıl fəvvarəsidir. O cümlədən günahı səhiyyənin, polisin, nə bilim, internetin-filanın üstünə yıxmağa nə var? Ən asan yoldur. Ancaq mövzuya ağılla yanaşmaq istəsək, belə hadisələr “dünyanın hər yerində olur”. İnsan şüurunda nə baş verir, bunu proqnozlaşdırmaq çox çətindir. Sadəcə, ətraf mühiti saf saxlamalıyıq. Bu bir ekologiya məsələsidir. Mənəvi mühitimizin ekologiyası xarabdır. 

Yazını 2022-ci ilə aid xəbərlə bitirirəm. O vaxt bu xəbəri heç yarım gün də müzakirə edən olmamışdı:

“Son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı xeyli artıb. 

Belə ki, əgər 2020-ci ildə 4039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onlar 4751 nəfərə, 2022-ci ildə isə 6983 nəfərə çatıb. 

Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106299 nəfər, 2021-ci ildə 109107 nəfər idi".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR