İnsanlara hürriyət, millətlərə istiqlal!

“Adama ağır gəlir ki, Messi və Ronaldo…” – Ağasəlim Mircavadovla mundial SÖHBƏTİ

1399 08.07.2026 12:57 İdman A A

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını AFFA-nın Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi Ağasəlim Mircavadov cavablandırıb. Mircavadovla söhbətimizin mövzusu dünəndən futbolsevərlərin müzakirə etdiyi Argentina-Misir (3:2) qarşılaşmasıdır. Sonuncunun baş məşqçisi hakimi ədalətsizlikdə günahlandırıb. Azərbaycanlı azarkeşlər arasında da bu qənaətdə olanlar var.

Müsahibəni təqdim edirik:

- Ağasəlim müəllim, hakimin Misirə qarşı ədalətsiz qərarları var idimi?

- Əvvəla, oyunu idarə edən hakim fransızdır. O, Çempionlar Liqasında çoxlu oyun idarə edib və təcrübəsi var. Dünənki qarşılaşmada Misir əks hücumda qol vurdu, VAR da onu baxmağa məcbur etdi. Doğurdan da həmin epizodda misirli oyunçu argentinalı rəqibini tapdalamışdı. Yəni hakim səhv edə bilər, amma VAR sistemi özünü yüksək səviyyədə göstərir ki, biz təmiz işləyirik. Bundan başqa, Misirin qapısına penalti verilmişdi. O da hakimin qərarı deyildi, VAR baxaraq bu nəticəyə gəldi. Ona görə hakimi günahlandırmağın tərəfdarı deyiləm. Salaha qarşı da qayda pozuntusu var idisə, yenə də VAR buna baxa bilərdi.

Ən əsası, 2:0-dan sonra Misir vaxtı uzada bilmədi. Elə komandalar var ki, topu saxlamaqla vaxt qazana bilir. Hətta 1:0 üstün olanda sona qədər vaxt qazana bilən komandalar olub. Misir isə bunu bacarmadı. Ümumiyyətlə, fikir verirəm, bu mundialda müdafiədə ciddi səhvlərə yol verilir. Məsələn, dünənki oyunda son qola baxın, misirli müdafiəçi argentinalı oyunçuya baxmırdı. Ona görə də müdafiəçinin başının üstündən ötürmə edildi. Əslində, müdafiədə topa yox, oyunçuya baxmaq, onu tutmaq lazımdır. Bu da onun səhvidir. Yəni Misir mövqe səhvlərindən uduzdu, hakimin oyuna ciddi təsir edən qərarını görmədim.

- Bu oyunları əhəmiyyətli edən həm də Messi-Ronaldo müqayisəsidir. Futbol ictimaiyyəti bu məsələdə ikiyə bölünüb. Sizcə, belə emosional müzakirələrdə kim haqlıdır?

- Mən Messi ilə Ronaldonu müqayisə etməzdim. Onlar fərqli tipi olan oyunçulardır. Messi liderdir, komandanın oyununu o aparır, kombinasiyanı özü qurur, özü yaradır. Ronaldo isə qol vurur, yəni komandanın oyununu özü qurmur deyə futbolçulardan asılıdır. Sadəcə, adama ağır gəlir ki, hər iki ulduz mundialla vidalaşır. Demək olar ki, Messi da futbolla vidalaşır, Ronaldo da mundial karyerasını başa vurmuş oldu. Ona görə adama təsir edir ki, Messi və Ronaldo kimi futbolun dünya liderləri olmayacaq. İndi Mbappe, Holland və digərləri onlara yaxınlaşmağa çalışır. Ancaq hələlik o iki lider var. Məsələn, Braziliya hər mundialda bir neçə oyunçu verirdi. Amma bu dəfə olmadı.

- Ümumiyyətlə, sizin üçün bu mundial əvvəlkilərdən nə ilə fərqləndi və sona qalan 8 komandadan ikisinin Avropadan olması ilə belə nəticəyə gəlmək olar ki, bütün hallarda futbolda üstünlük yenə də “qoca qitə”dədir?

- Dünya çempionatlarının öz inkişaf yolu var. İndi baxıram ki, futbolda cinahlar, yəni kənar hücumçular dövrünə qayıdırıq. Eyni zamanda, yüksək fiziki güc və pressinq vacibdir. Hazırda ən yaxşı pressinqi ingilislər edir. Bunun üçün orta xətt hərəkətdə olmalıdır. Futbol orta xəttin üzərində qurulmalıdır. Yəni köhnə dövrə qayıdırıq. Biz də bunda maraqlıyıq. Azərbaycan futbolu da geri qalmamalıdır. İkincisi, liderlərin oyunu əsasdır. Mən Pele dövrünə baxmışam. O zaman da orta xətt əsas rol oynamışdı. Yəni o dövrə qayıtdığımızı deyə bilərəm. Hətta ingilislər deyir ki, “göstər orta xəttini, deyim necə komandadır”. Bu, tarixi sözdür və neçə il əvvəl köhnə məşqçilərdən eşitmişəm. Amma çox heyfslənirəm ki, Niderland zəif oynadı. Bundan başqa, Portuqaliyada adları olan oyunçular var, amma komanda səviyyəsində oyun görmədik. Eləcə də Braziliya… Əgər Mərakeşlə görüşdə penaltini vura bilsəydi, bəlkə başqa cür ssenari olardı.

O ki qaldı, Avropa məsələsinə, futbolu Cənubi Amerika yaradırdı. Yəni Pele, Maradona, Ronaldinyo var idi. İndi onlar yoxdur. Almaniya kimi futbol ölkəsi başqa millətdən olanı milliləşdirirsə, deməyə söz qalmır. Almaniya həmişə yerli futbolçuya üstünlük verib. İndi isə Avropa komandalarında milli oyunçudan çox kənardan gətirilənlər var.

Emil Salamoğlu
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR