İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Şəhidlər xiyabanında - sırada Şuşaya səfərdir?

684 23.12.2023 11:22 Siyasət A A

Politoloq: “Yeni səfirin proseslərə daha həssas yanaşacağı və Azərbaycanın maraqlarına toxuna biləcək açıq davranışlar nümayiş etdirməyəcəyi gözləniləndir”

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi dekabrın 20-də Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb. Diplomat şəhidlərin xatirəsinə ehtiramını ifadə edib. O, münaqişə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı verib.

Ancaq hörmətli səfir bilməmiş deyil ki, Şəhidlər xiyabanında uyuyanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keşənlərdir. Odur ki, ənənəvi sual yenidən ortaya çıxır: ABŞ səfiri ərazi bütövlüyümüzə sayğı əlaməti olaraq Şuşaya da gedəcəkmi, yoxsa Ermənistanla sülh müqaviləsinin imzalanmasını gözləyəcək? ABŞ-dan başqa nüfuzlu dövlətlərin demək olar hamısının səfirləri Şuşaya səfər ediblər. ABŞ səfiri indiyə qədər getməyib. Bu da Azərbaycan cəmiyyətində narazılıq yaradır. Yeni səfirin şəhidlər xiyabanına getməsi buzların əriməyə başlaması və prosesin Şuşa səfərinin gerçəkləşməsi ilə nəticələnəcəyini düşünməyə əsas verirmi?

İran Azərbaycana qarşı niyə düşmən mövqeyindədir?- “Bunun iki səbəbi var”-Anar  Əliyevlə MÜSAHİBƏ - Editor.az

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, uzun müzakirələrdən sonra nəhayət Azərbaycan yeni səfir təyin olundu. Bu səfir fəaliyyətə başladıqdan az sonra Bakıda Şəhidlər xiyabanını ziyarət edib və bu, diplomatik etiket və protokol çərçivəsində atılan bir addımdır: “Son dövrlər ABŞ-la Azərbaycan arasında yaranmış kifayət qədər gərgin münasibətlərin, xüsusilə də Amerikanın rəsmi şəxslərinin dilindən Azərbaycana qarşı əsassız iddia və ittihamlarla bağlı formalaşmış gərginliyin aradan qaldırılmasında böyük təcrübəyə sahib diplomat Mark Libbi ciddi təşəbbüslər irəli sürəcək. Azərbaycanda demək olar ilk günlərdən Şəhidlər xiyabanını ziyarət etməsini müəyyən mənada səfirin diplomatik fəaliyyətinə xoş niyyətlərlə başlamaq mesajı kimi qəbul etmək olar. Amma unutmayaq ki, Şəhidlər xiyabanımızda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğullarımız, qızlarımız uyuyur və onların şəhid olduqları torpaqlara - Qarabağa, Şuşaya, Xankəndiyə hələ ki, ABŞ-ın ölkəmizdəki heç bir səfiri səfər etməyib. Torpaqlarımızın işğalçılardan və terrorçulardan üç ildən artıqdır azad olunmasına baxmayaraq demokratiya carçısı, dünya dövlətləri üçün demokratiyanın beşiyi olduğunu elan eləyən bir dövlətin səfirinin işğaldan azad olunmuş ərazilərimizə - həm də beynəlxalq aləmin və ABŞ-ın özünün də rəsmən Azərbaycan əraziləri kimi tanıdığı həmin ərazilərə səfər etməməsi Amerikanın məkrli niyyətlərini, erməni diaspor lobbi təşkilatlarının etirazlarından çəkindiyini göstərir”.

Politoloq dedi ki, Amerikanın əsas strateji hədəf kimi elan etdiyi dövlətlər və o dövlətlərlə sərhəd ölkələrə səfir təyin edilməsi xüsusi müzakirələrlə araşdırılmalardan sonra təyin olunur. Belə ərazilərdən biri də Cənubi Qafqazdır: “Cənubi Qafqaz Rusiya ilə sərhəd olmaqla yanaşı həm də Ermənistana, ABŞ-ın xarici siyasətinə kifayət qədər ciddi təsir etmək gücündə olan, xüsusilə də Dövlət Departamentinə və Konqresə, Senata təsir edə bilmə imkanında olan Erməni Milli Komitəsinin marağında olan bir bölgə kimi qiymətləndirilir. Bu mənada Cənubi Qafqaz respublikalarına, o cümlədən Azərbaycana səfir göndərilərkən ABŞ-ın əsas rəqiblərindən biri olan Rusiya ilə sərhəddə yerləşən bir dövlət olmaqla yanaşı, həm də ABŞ-da yaşayan ermənilərin maraq və istəkləri də göz önünə alınır. Bu mənada hesab edirəm ki, yeni səfirin də təyin olunmasında və Azərbaycanda gələcək fəaliyyətlə bağlı ona verilən tapşırıqlarda da erməni məsələsinə, Ermənistanla əlaqələrə, bir sıra həssas məqamlara daha diqqətlə yanaşılması tapşırılıb. Ona görə də hesab edirəm ki, yaxın gələcəkdə ABŞ-ın yeni səfirinin Şuşaya səfər edəcəyi elə də inandırıcı görünmür. Amma təbii ki, son aylar Amerikanın ortaya qoyduğu destruktiv münasibətə əks olaraq Azərbaycanın sərgilədiyi qətiyyətli yanaşmadan sonra Vaşinqtonun münasibətlərin normallaşması istiqamətində atdığı addımlar, xüsusilə də noyabrın sonlarına yaxın dövlət katibi Blinkenin Prezident İlham Əliyevə zəng etməsi, Ceyms O-Braynın səfər etməsinə razılıq verilməsini xahiş etməsi, O-Braynın Bakıya gəlməsi müzakirələr aparması ABŞ-ın Azərbaycanla da bağlı daha diqqətli olmağa məcbur olduğunun əlaməti idi. Yeni səfirin proseslərə daha həsas yanaşacağı və Azərbaycanın maraqlarına toxuna biləcək açıq davranışlar nümayiş etdirməyəcəyi gözləniləndir”.

Bununla belə A.Əliyev hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin tənzimlənməsi, xüsusilə də Rusiyanın nəzarətindən kənar tənzimlənmə mexanizmlərinin tapılmasına qədər ABŞ səfirinin Qarabağa, Şuşaya səfər etməsi inandırıcı görünmür: “Bu, təbii ki, Amerikanın təqdim etdikləri demokratik mahiyyətindən daha çox neoimperialist iddialarından irəli gəlir, beynəlxalq hüququn prinsiplərinə və BMT prinsiplərinə əks davranışlar nümayiş elətdirdiyini göstərir”.    

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ ki, Mark Libbinin etimadnaməsini qəbul etməyib. Səfir yalnız ötən həftə öz etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR