İsveçrədə keçirilən ABŞ–İran memorandumuna dair danışıqlarda ilk texniki mərhələ başa çatıb, tərəflər məsləhətləşmələr üçün fasilə götürüblər.
Musavat.com xəbər verir ki, Fars agentliyinin məlumatına görə, İsveçrədə ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən memorandum danışıqları 80 dəqiqəlik məsləhətləşmələrdən sonra müvəqqəti dayandırılıb.
Bildirilib ki, danışıqlar hələ yekunlaşmayıb. Fasilə tərəflərin öz nümayəndə heyətləri daxilində əlavə məsləhətləşmələr aparması zərurəti ilə əlaqədardır.
Bu arada ABŞ Prezidenti Donald Tramp İranı Livandakı qüvvələrinin fəaliyyətinə görə sərt şəkildə tənqid edib. O bildirib ki, İran Livandakı yüksək maliyyələşdirilən qüvvələrini dərhal cilovlamalı və təxribat xarakterli addımlara son qoymalıdır.
Tramp xəbərdarlıq edib ki, əks halda ABŞ ötən həftə olduğu kimi yenidən İrana zərbə endirəcək, lakin bu dəfə daha böyük güclə.
Məlumata görə, İran nümayəndə heyəti Trampın son bəyanatları ilə əlaqədar İsveçrədə ABŞ tərəfinə rəsmi etiraz təqdim edib.
Musavat.com






