İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Qafqaz danışıqları rəsmisi regiona hansı təkliflə səfər edib - MÜHÜM GƏLİŞMƏ

732 05.08.2023 10:27 Siyasət A A

Ağ Ev Vaşinqton danışıqlarını şantaj edən Ermənistana, nəhayət, ciddi xəbərdarlıq edəcəkmi; illər uzunu antiterror koalisiyasının üzvü olaraq fəaliyyət göstərən Azərbaycanın sərhəd bütövlüyünü təmin etməsinə ABŞ-ın birmənalı dəstək verəcəyini gözləyirik; ekspertlər deyir ki...

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona səfəri reaksiyalarsız ötüşmədi. Əslində belə həssas münasibət tamamilə təbiidir, xüsusilə də bölgəmizdə cərəyan edən proseslərin fonunda Qərbin önəmli dövlətinin diplomatının Bakıya səfəri sıradan məsələ deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Dövlətimizin başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini görüş zamanı davam etdirib. Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlədi və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Vaşinqton və Brüsselin moderatorluğu ilə keçirilən danışıqlara etimad göstərdiyi barədə dəfələrlə bəyan olunub. Ermənistan isə Rusiyanın şantajından ehtiyatlanaraq Qərb paytaxtlarının təşəbbüslərini pozmaq xəttini tutub. Təsadüfi deyil ki, yaz aylarından indiyədək keçirilən görüşlər ərəfəsində, yaxud elə danışıqların keçirildiyi saatlarda Ermənistan itkilərlə müşayiət olunan təxribatlara əl atıb. Odur ki, ABŞ-ın nəhayət, Ermənistana ciddi xəbərdarlıqlar etməsinə zərurət var. Amma təəssüf doğuran hal budur ki, son zamanlar Laçın sərhəd nəzarət nəntəqəsindəki vəziyyət, yaxud Azərbaycan əhalisinə qarşı soyqırım cinayəti törətmiş Vaqif Xaçaturyanın saxlanması ilə əlaqədar ABŞ Dövlət Departamentinin sözçüsü səviyyəsində yersiz açıqlamalar və çağırışlar eşidirik. Hansı ki, ABŞ özü sülhün əldə olunmasını gerçəkdən istəyirsə, Azərbaycanın öz sərhəd bütövlüyünü təmin etməsi, terrorçulara qarşı amansız mübarizə aparmasını dəstəkləməlidir, kəsəsi, ədalətin yanında yer almalıdır. Xüsusilə ona görə ki, Azərbaycan özü də antiterror koalisiyasının üzvü olaraq ABŞ-ın yanında yer alıb illər uzunu...

Ermənistanın “TIR şousu” qurduğunu hətta bəzi ayıq ermənilər özləri də etiraf etdiyi halda, dünyanın superdövlətinin bu şouda yer alması utancverici hal olardı. Azərbaycan dövləti bəyan edib ki, Qarabağdakı erməni vətəndaşlarına Ağdam yolu ilə humanitar yardım çatdırılmasına hər cür şərait yaratmağa hazırdır və artıq Xankəndiyə doğru yolun abadlaşdırılmasına başlanılıb. Belə olan halda Laçın yolunun açılması barədə avantürist mövqedən əl çəkmək lazımdır.  

Qeyd etdiyimiz kimi, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin regiona səfəri kifayət qədər həssas bir məqama təsadüf edir. Hazırda Azərbaycan-Ermənistan danışıqlarının həm gərgin, həm də kövrək mərhələsidir, eyni zamanda reintqerasiya üzrə danışıqları intensivləşib, bunun paralelində isə Ermənistanda bəzi qüvvələr xarici təsirlərlə təxribat cəhdləri edirlər. Belə bir məqamda Bonunun regiona hansı təkliflərlə gəlməsi maraq doğurur.

Prezidentin yasil enerji istehsaliyla bagli verdiyi proqnoz ozunu  dogruldacaq" - Sahib Alıyev

Sahib Alıyev 

Deputat Sahib Alıyev bunu Musavat.com-a açıqlamasında deyib ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun məhz belə bir ərəfədə regiona səfəri də hər şeyi deməsə də, çox şeyi deyir: “Əlbəttə, BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycan əleyhinə qətnamə və yaxud da başqa bir sənədin ortaya çıxacağı istisna olunmur. Ancaq bu bizi öz torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi tam təmin etmək əzmindən döndərməyəcək ki, o yol da elə məhz Laçından keçir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə eyni gündə İtaliyanın ”Leonardo" şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul etməsi və müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin bir neçə hərbi hissədə döyüş hazırlığını yoxlaması, məncə, elə-belə deyildi. Laçın yolunu Azərbaycanın suverenliyinə təhdid dəhlizinə çevirmək istəyənlər anlamalıdırlar ki, bu istəkləri də içlərində qalacaq".

S.Alıyevin toxunduğu daha bir vacib məqamı oxucularımızın nəzərinə çatdırırıq: “Yeri gəlmişkən, İtaliyanın hərbi sənaye kompleksinin aparıcı şirkəti sayılan ”Leonardo"nun direktorlar şurası sədrinin Azərbaycan Prezidentinə ölkəsinin müdafiə nazirinin də salamını çatdırmasının nə anlam daşıdığını açıqlamağa yəqin ehtiyac yoxdur. Yəqin onu da açıqlamağa ehtiyac yoxdur ki, “Leonardo” süni peyk istehsalı və aerokosmik xidmətlər sahəsində Fransanın uyğun şirkətindən heç də geri qalmır. Bəlli səbəbdən yəqin gələcəkdə biz bu sahədə məhz İtaliya şirkəti ilə əməkdaşlığa üstünlük verəcəyik".

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir ki, ABŞ Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononun Azərbaycan və Ermənistana səfəri, əsasən, iki ölkə arasında vasitəçilik missiyasını yerinə yetirir: “Amma Ermənistan tərəfindən danışıqları pozmaq cəhdləri edilir. İrəvan ”humanitar yük" şousu yaradaraq prosesi ləngidir. Nəticədə ABŞ Cənubi Qafqaz siyasəti sabotaj edilir. Halbuki ABŞ çalışır ki, iki ölkə arasında sülh müqaviləsi tezliklə bağlansın. Lui Bononun regiona səfəri növbəti danışıqlar prosesi istiqamətində irəliləyişə nail olmaq, hazırkı böhrandan çıxmaq üçün çıxış yolları təqdim etməkdir".

Ekspert güman edir ki, ola bilsin amerikalı diplomat Ermənistana təkliflərlə gəlib: “Azərbaycanın təklifləri və şərtləri ortadadır. Bu təkliflər və şərtlər ABŞ tərəfindən də qəbul edilib. Azərbaycan üçün hazırda heç bir təklif məqbul deyil. Həm də təklifi Azərbaycan verir. ABŞ rəsmisi ola bilər ki, Laçın yolu ilə əlaqədar təkliflər versin. Ancaq bu da bizim üçün məqbul sayıla bilməz. Ümumiyyətlə, regiona Qarabağ və Laçın yolu ilə təkliflərlə gəlibsə, onun səfərinin indidən nəticəsiz olacağını deyə bilərik. Biz belə bir təklifləri qəbul etmirik”. M.Əsədullazadə hesab edir ki, Lui Bononun səfəri ciddi əhəmiyyət kəsb etmir: “Belə bir səfərlər dəfələrlə olub. Yaxşı olardı ki, Ermənistana təklif və şərtlər versinlər ki, sülh müqaviləsi tezliklə bağlansın”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR