İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbaszadə gedir, Əmrullayev də?

141 08.08.2023 08:00 Siyasət A A

Hələ 2011-ci ildə müəllimlərin yaş həddi ilə bağlı danışarkən DİM rəhbəri “65 yaşıma çatanda mən də gedəcəyəm” demişdi; elm və təhsil naziri işdən çıxarılarsa...

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. Yenisabah.az-a xəbər verir ki, DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı gözlənilir. “Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var”, - deyə saytın xəbərində bildirilir.

İddia olunur ki, Məleykə Abbaszadənin vəzifəsi Emin  Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın da yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir.

İndiyədək 5 təhsil naziri ilə işləmiş DİM sədrinin vəzifədən çıxarıla biləcəyi ilə bağlı iddialar yeni deyil. Son aylar isə bu mövzuda xəbərlərin intensivləşdiyi də nəzərə çarpır. İddialara görə, qəbul imtahanları da daxil, DİM ətrafında son günlər artan müzakirələr M.Abbaszadənin vəzifəsi ilə vidalaşacağını mümkün edir. 

 Ekspertlər xüsusilə qeyd edir ki, DİM-də ictimai nəzarət çox zəifdir. Yəni Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum kifayət qədər qapalı xarakter daşıyır, digər qurumlarda  ictimai nəzarət şuraları fəaliyyət göstərsə də, DİM-də bu, çox zəifdir. Qeyd edək ki, DİM sədri Məleykə Abbaszadənin artıq 70 yaşı tamam olub. O, 29 ildir bu vəzifədə çalışır. M.Abbaszadə hələ 2011-ci ildə müəllimlərin yaş həddi ilə bağlı danışarkən “hər bir insan davamçılarını özü hazırlamalı və buna çox normal hal kimi baxmalıdır. 65 yaşıma çatanda mən də gedəcəyəm” demişdi. 

Emin Əmrullayev 2020-ci ilin iyulun 27-də təhsil naziri təyin edilib. 2022-ci ilin iyununda Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Yəni Əmrullayevin səlahiyyətləri də, nəzarət etdiyi sahə də genişlənib. Artıq bir müddətdir ki, Emin Əmrullayevin də adı tez-tez işdən çıxarıla biləcək nazirlər sırasında hallanır.  Buna səbəb kimi isə təhsil sektorunda yaranmış narazılığın sürətlə böyüməsi göstərilir.  

Ekspertlər də o düşüncədədir ki, ümumilikdə təhsil sistemində mühüm dəyişikliklərin edilməsinə ehtiyac var. Çünki son zamanlar təhsil sahəsində ciddi problemlər yaşanır və bu vəziyyət aradan qaldırılmalıdır.

Bəziləri də o fikirdədir ki, Əmrullayevin təhsil sistemində böyük dönüş olacağı ilə bağlı gözləntiləri doğrulmayıb, aparılan islahatlar heç bir nəticə və fayda vermir.

Ekspert Təhsil Tələbə Kredit Fondunun yaradılmasını şərh edir - 20.06.2021,  Sputnik Azərbaycan

 İlqar Orucov

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov ötən ay bu mövzu ilə “Yeni Müsavat”a açıqlamasında demişdi ki, E.Əmrullayevin hədəfdə olmasının bir neçə səbəbi var: “Səbəblərdən biri ondan ibarətdir ki, Emin müəllimin Mikayıl Cabbarovun və Ceyhun Bayramovun başladığı islahatları davam etdirməsi, onları bir az da dərinləşdirməsi onu hədəfə gətirir. Fikrimi əsaslandıracağam. Direktorların, müəllimlərin işə qəbulunda şəffaflıq, son olaraq sertifikasiyann təşkili bu qədər qanunsuz vəsaitin aradan çıxarılması ilə nəticələnib. Bu gün heç kim deyə bilməz ki, hansısa müəllimi işə təyin etdirmişəm. Kimsə deyə bilməz ki, direktorları rüşvətlə məktəbə təyin edirlər. Ümumiyyətlə, təhsil sektorunda rüşvətlə mübarizə naziri hədəfə gətirib. Hamımız cəmiyyətdə təhsilin təəssübkeşləri kimi özümüzü göstəririk. Amma əməli işə gələndə bunu edirikmi? Nazirin çıxışında böyük həqiqət var. Etibar Əliyev də dostumdur, onun da çox maraqlı fikirləri var. Düşünürəm ki, təhsil sahəsində təcrübəli adamlar tez-tez aktual problemləri müzakirə etməlidir. Emin Əmrullayev bu gün nazirdir, sabah başqası ola bilər, yanaşma təhsil naminə olmalıdır. Fərdlər hədəfə götürülməməlidir”.

 Nazirin işdən çıxarılacağı barədə iddialar avqustun 7-də Prezident İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak etməməsi fonunda diqqət çəkir. Bildirilir ki, təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayevin əvəzinə, onun müavini Firudin Qurbanov iştirak edib.

Orxan ƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR