Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2026-cı ilin ilk həftələrinin “təsiredicilik baxımından bütün rekordları qıracağını” bəyan edib.
Musavat.com xəbər verir ki, Lavrov bu fikirləri keçirdiyi mətbuat konfransında beynəlxalq vəziyyəti dəyərləndirərkən səsləndirib.
Nazirin sözlərinə görə, Rusiya tərəfi Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün heç vaxt xoş niyyət çatışmazlığı göstərməyib. O iddia edib ki, məhz Avropa dövlətləri ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı təşəbbüslərini də pozmağa çalışır və münaqişənin uzanmasında maraqlıdır.
Lavrov NATO-nun Rusiyaya qarşı real müharibəyə ciddi şəkildə hazırlaşdığını bildirib. Onun fikrincə, beynəlxalq arenada artıq əvvəlki qaydalar faktiki olaraq silinib və dünya “kim güclüdürsə, o haqlıdır” prinsipi ilə idarə olunur. Bu kontekstdə nazir Donald Trampın beynəlxalq davranış qaydalarını “müstəqil şəkildə yazmaq” xəttinin Avropa üçün ciddi sarsıntıya çevrildiyini vurğulayıb.
Musavat.com qeyd edir ki, Lavrov Qərb cəmiyyətinin daxilində dərinləşən böhranlı tendensiyalara da diqqət çəkib. Onun sözlərinə görə, Qrenlandiya ətrafında yaranmış mübahisələr bu daxili parçalanmanın bariz nümunəsidir. Rusiya XİN rəhbəri bildirib ki, əgər Qərb ölkələri öz aralarında “anlayışlara görə” danışmaq istəyirlərsə, bu, onların seçimidir, lakin Rusiya yalnız bərabərhüquqlu prinsiplər əsasında dialoqa hazırdır.
Lavrov Avropa liderlərinin Rusiyaya strateji məğlubiyyət yaşatmaq niyyətindən hələ də əl çəkmədiklərini iddia edib. O, həmçinin Qərbin İranda rejim dəyişikliyinə nail olmağa çalışdığını açıq şəkildə bəyan edib.
Almaniya kansleri Fridrix Mertzin Rusiyaya qarşı sərt bəyanatlarına toxunan Lavrov tarixə istinad edərək, “alman rəhbərliyinin özünə həddindən artıq güvənməsinin” keçmişdə bir neçə dəfə ağır nəticələrə gətirib çıxardığını xatırladıb.
Ekspertlər hesab edirlər ki, Lavrovun bu açıqlamaları Rusiyanın 2026-cı ilə son dərəcə gərgin və qarşıdurmalarla dolu bir dövr kimi hazırlaşdığını göstərir. Nazirin “rekord qıracaq həftələr” ifadəsi isə yaxın gələcəkdə qlobal miqyasda ciddi siyasi və geosiyasi silkələnmələrin anonsu kimi dəyərləndirilir.
Musavat.com






