Böyük Britaniya hökuməti uşaqları internetdəki zərərli məzmunlardan qorumaq məqsədilə 16 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdıracaq yeni qanun layihəsi üzərində işləyir. Yerli mətbuatın məlumatına görə, qərarın yaxın 10 gün ərzində rəsmi şəkildə elan ediləcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, məlumata əsasən, Baş nazir Keir Starmer tərəfindən dəstəklənən təşəbbüs 16 yaşdan kiçik uşaqların sosial media platformalarına girişinin qadağan edilməsini nəzərdə tutur. Layihənin ölkə üzrə aparılan məsləhətləşmələrdən sonra sürətləndirildiyi bildirilir.
Britaniya hökumətinin bu məsələdə ötən il oxşar addım atan Australia təcrübəsini araşdırdığı qeyd olunur. Hazırlanan qaydalarda bəzi tətbiqlər üçün istisnaların mümkün ola biləcəyi də vurğulanır.
Müzakirələr zamanı Sadiq Khan da təşəbbüsə dəstək verərək texnologiya şirkətlərinin xidmətlərinin uşaqlar üçün təhlükəsiz olduğunu sübut etməli olduqlarını bildirib. Onun sözlərinə görə, bunu edə bilməyən platformalar daha sərt məhdudiyyətlərlə üzləşə bilər.
Eyni zamanda, İngiltərənin Uşaq Hüquqları üzrə Komissarı Rachel de Souza yaş həddinin daha da artırılmasını təklif edib. O, 16 və 17 yaşlı yeniyetmələrin də əlavə müdafiəyə ehtiyacı olduğunu bildirərək məhdudiyyətin 18 yaşadək genişləndirilməsini istəyib.
Mütəxəssislər hesab edirlər ki, sosial media platformalarında yaş təsdiqləmə sistemlərinin tətbiqi və uşaqlara yönəlmiş alqoritmlərin məhdudlaşdırılması gələcəkdə bir çox ölkədə daha geniş yayılmış təcrübəyə çevrilə bilər.
Musavat.com






