Ötən həftə ölkədə yumurtanın qiymətində müşahidə olunan rekord ucuzlaşma alıcıların diqqət mərkəzində oldu. Bir sıra iri market şəbəkələri yumurtanı simvolik qiymətlərlə satışa çıxararaq geniş müzakirələrə səbəb oldu. Bəzi satış məntəqələrində Hacıqabul istehsalı olan iri ağ yumurta 1 qəpiyə, kənd yumurtası isə cəmi 3 qəpiyə təklif edildi.
Mütəxəssislər bildirdilər ki, qiymətlərin bu həddə enməsi bazarda yumurta bolluğu və yay mövsümündə istehlakın azalması ilə bağlıdır. Təklifin tələbi üstələməsi marketlərin geniş endirim kampaniyalarına getməsinə şərait yaradıb.
Endirim kampaniyası alıcıların da marağına səbəb olub. Bir çox vətəndaş aşağı qiymətlərdən yararlanaraq yumurtanı ehtiyat üçün alıb. Bununla belə, məhsulların keyfiyyəti ilə bağlı fərqli fikirlər səsləndirilib. Bəzi alıcılar aldıqları yumurtalardan razı qaldıqlarını desələr də, digərləri məhsulun keyfiyyətinin gözləntiləri doğrultmadığını bildiriblər.
Bəs hazırda yumurta bazarında vəziyyət necədir? TV Musavatın əməkdaşı marketlərdə olub, qiymətlərlə maraqlanıb. Satıcıların sözlərinə görə, endirim kampaniyaları artıq başa çatıb və qiymətlər əvvəlki səviyyəyə qayıdıb.
Hazırda marketlərdə satışa çıxarılan ən ucuz yumurtanın qiyməti 19 qəpikdir. Kənd yumurtasını isə 40 qəpikdən aşağı qiymətə tapmaq demək olar ki, mümkün deyil.
Musavat.com






