İnsanlara hürriyət, millətlərə istiqlal!

Zalujnı barədə “Zelenski sxemi”, Trampın andiçməsindən sonra...  

321 13.01.2025 18:15 Siyasət A A

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı, Vladimir Zelenski nümunəsində olduğu kimi – qeyri-siyasətçi birinin seçkilərdə qalib gəldiyi modelə əsaslanaraq böyük siyasətə gələ bilər.

Musavat.com xəbər verir ki, “RBK-Ukrayna”ya danışan adı açıqlanmayan ekspertin məlumatına görə, Zalujnının kampaniyası Zelenskinin 2018-2019-cu il kampaniyasının nümunəsi üzrə aparılır. Məlumata əsasən, Zalujnının taktikası ilə Zelenskinin əvvəlki seçki kampaniyası arasında əhəmiyyətli oxşarlıqlar var: yeni sima, uzunmüddətli intriqa, şəxsiyyətə yüksək maraq, “brend” kampaniyası. Lakin bu dəfə fərqli olaraq köhnə baş komandanın trilogiya olacağı anonsu verilən kitabı yox, televiziya serialı var.

Agentliyin analitikləri bildirir ki, Zalujnı artıq öz kampaniyasına başlayıb. Rəsmi açıqlamaların olmaması isə yanlış başlanğıcdan qaçmaq və intriqanı uzatmaq məqsədi daşıya bilər. Lakin keçmiş baş komandanın yekun qərarını hələlik vermədiyi də ehtimal edilir.

Ekspertlərə görə, Zalujnının hazırda öz komandası yoxdur, lakin artıq bir çox siyasi fiqur ona ittifaq təklif edir. “RBK-Ukrayna”nın iki mənbəsi bildirib ki, Zelenskinin ofisi Zalujnını potensial təhlükə kimi görür və onun Böyük Britaniyaya “sürgün” edilməsinə baxmayaraq, ictimaiyyətdən uzaqlaşdırılmadığını qeyd edir. Onların sözlərinə görə, Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Londona səfəri zamanı Zalujnıya prezidentliyə namizəd olmayacağı təqdirdə Ali Radaya seçkilərdə Zelenskinin partiyasına rəhbərlik etməyi təklif edib.

Digər siyasi qüvvələr də keçmiş baş komandanı öz tərəfinə çəkməyə çalışırlar. Bunlara keçmiş prezident Pyotr Poroşenko, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko və Kiyev meri Vitali Kliçko daxildir.

Xatırladaq ki, 2023-cü ildə Ukraynada prezident seçkiləri keçirilərsə, Zalujnının Zelenskiyə rəqib ola biləcəyi barədə fərziyyələr səslənmişdi. Qərb mediası onun ordudakı populyarlığına və bəzi Qərb tərəfdaşlarının dəstəyinə işarə etmişdi.

2024-cü ilin fevralında Zelenski “döyüş zonasında durğunluğu” əsas gətirərək Zalujnını vəzifəsindən azad etdi və onu Böyük Britaniyaya səfir təyin etdi.

Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatır. Lakin parlament və prezident seçkilərinin keçirilməməsi fonunda hökumətin legitimliyi müzakirə olunur. Hakimiyyət hərbi vəziyyət zamanı seçkilərin keçirilməsinin mümkün olmadığını bildirir.

Eyni zamanda, Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra Ukraynada seçkilərlə bağlı şayiələr yenidən gündəmə gəlib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR