"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın 14-15 yanvar tarixlərində Vaşinqtonda işgüzar səfəri və burada dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun fikrincə, çünki bu görüşdən bir neçə gün sonra Entoni Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək.
"Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları yeni simalarla doldurulacaq. Belə olan halda, Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir?
Daha əvvəl belə bir xəbər yayılmışdı ki, ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırır. Ancaq Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki, Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Belə çıxır ki, ya Ararat Mirzoyan, ya da Dövlət Departamenti yalan danışır", deyə Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, əgər Ararat Mirzoyan ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək ki, ortada nəsə var:
"Rəsmi İrəvan, Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Görünür, indidən Vaşinqtonla hansısa sazişi imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki razılaşmaya sadiq qalsın. Lakin Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur".
Xalidə Gəray
Musavat.com