Avstriya-Amerika klassik bəstəkarı və yazıçısı Arnold Şönberqin orijinal əsərləri Los-Ancelesdə baş verən meşə yanğınlarında məhv olub.
Musavat.com "The Times"a istinadən bildirir ki, bu barədə "Pacific Palisades" məhəlləsində yerləşən "Belmont Music Publishers" nəşriyyatı məlumat yayıb. Məlumatda "bütün satış və icarə materialları inventarının" məhv olduğu bildirilib.
Bu itkiyə orijinal notlar, əlyazmalar və çap əsərləri də daxildir. Nəşriyyat əlavə edib ki, bəzi musiqi partituraları və ifa materialları rəqəmsal formada skan edilib.
"Ümid edirik ki, yaxın gələcəkdə tamamilə rəqəmsal formatda, sanki 'kül içindən yenidən doğularaq' fəaliyyətimizi bərpa edə biləcəyik".
Qeyd edək ki, 1874-cü ildə Avstriyada anadan olan Şönberq, 20-ci əsrin əvvəllərində İkinci Vyana Məktəbi kimi tanınan və 12 tonlu kompozisiya texnikasını inkişaf etdirən bəstəkarlar qrupunun üzvü idi. Onun ən məşhur əsərləri arasında "Erwartung", "Gurre-Lieder" və "Verklärte Nacht" yer alır.
Nasistlərin hakimiyyətə gəlməsindən sonra ABŞ-a köçən bəstəkar, 1951-ci ildə vəfat edib.
Xalidə Gəray
Musavat.com