İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolları qana boyayan sürücülər, köhnə rus maşınları, tras problemləri

574 09.07.2022 09:20 Gündəm A A

Nəqliyyat eksperti çıxış yollarını sadaladı; “Bəzi sürücülər  radarlara çatanda olurlar ”mülayim", “nümunəvi” sürücü, yəni yalnız qazanc, insan həyatı yaddan çıxır..."

Ölkədə yol-nəqliyyat qəzaları narahatedici miqyasda artıb. Təksə iyul ayının ilk 4 günündə yollarımızda baş verən qəzalarda 22 nəfər ölüb. Ölümlə nəticələnən qəzalar daha çox Rusiya istehsalı olan avtomobillərlə törədilib.

Məsələn, son 4 gün ərzində Ucarda iki “VAZ-21011" toqquşub, elə ağır qəza olmasa da sürücü olan yol polisi həlak olub. Həmçinin Göygöldə bir ailənin məhvi ilə nəticələnən qəzanı ”VAZ 2107" törədib. Son olaraq Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəzanı - 06 və 07-lər törədib. Çünki Rusiya maşınlarının tormoz sistemi bərbaddır, təhlükəsizlik yastıqları isə yoxdur.

Ancaq bu, məsələnin bir tərəfidir, istənilən halda qəzanı sürücü törədir. Burada sürücünün nəticələrin nə olacağını düşünmədən sürməsi ilə yanaşı, yollarda da problemlərin olduğu faktı var.

Yol qəzalarını azaltmaq üçün nəqliyyat ekspertləri nə təklif edir?

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, yol nəqliyyat hadisələrinin sayı yay aylarında xüsusən artır. Əsas səbəb sürücülərin çoxunun qeyri-peşəkarlığı, yol hərəkət qaydalarını pozmasıdır. Eyni zamanda yol təsərrüfatının, hava və iqlim şəraitinin də təsiri var: “Sovetdən qalma, Rusiya istehsalı olan kondisionersiz avtomobildə hərəkət edən sürücü ilə kondisionerli, komfortlu avtomobildə hərəkət edən sürücü arasında yola diqqət məsələsində böyük fərq var. Yayda bu məqam yol-nəqliyyat hadisələrinə səbəb olan amillərdən biridir. Ona görə bütün dünya üzrə mütəxəssislər tövsiyə edir ki, kondisioneri olmayan və ya işləməyən avtomobillərdə sürücülər günün qaynar vaxtlarında yola çıxmasınlar. Belə nəqliyyat vasitəsindən mümkün qədər az istifadə etsinlər və ya qısa mənzilli yola çıxa bilərlər. Yəni bu cür avtomobillərlə uzaq rayonlara bir neçə yüz kilometri qət etmək risklidir. Amma təəssüflər olsun ki, xüsusən taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər qənaət etmək məqsədilə kondisioner olsa da, istifadə etmirlər. Günün istisi vurur və təbii ki, insanda artıq reaksiya qabiliyyəti azalır. Bunu mütəxəssislər də sübut edib ki, günün təsirindən, kondisionerin olmamasından avtomobildəki o qızmar mühit sürücünü süstləşdirir və beləliklə, reaksiya azalır. Ona görə yaz-yay aylarında qızmar hava şəraitində yol-nəqliyyat hadisələrinin sayı artır. Kondisionersiz avtomobillərin sürücüləri qayda pozmağa daha çox meyllidirlər. İstinin təsirindən qurtulub tez bir zamanda mənzil başına çatmağa çalışırlar. Hansısa bir sürücü ona yol vermədikdə aqressiv bir reaksiya göstərir, dalaşırlar, bir-birini təhqir edirlər. Və sonda da qayda pozub yol-nəqliyyat hadisələrinə gətirib çıxarır, ölümlərə səbəb olurlar.

Elməddin Muradlı: “Qiymət müəyyən qədər dizel mühərrikli avtomobillərə  təsir göstərə bilər”

 Elməddin Muradlı

Bununla belə, sürücülərin davranışından da çox şey asılıdır. Yəni normal təfəkkürü, normal düşüncə tərzi olan, yol hərəkət qaydalarını bilən, ona əməl edən, özünə və ətrafdakılara hörmətlə yanaşan sürücülər çox nadir halda qəza törədir və yaxud da onların düşdüyü qəzalar çox cüzi maddi zərərlə nəticələnir. Görülən tədbirlərə rəğmən, Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı hələ də azalmır və bu bizi ciddi narahat edir. Xüsusən sürət həddini aşma çox yayılıb. Çox təəssüf olsun ki, bəzi sürücülər, harada kamera, radar və polis postu və yaxud da polis əməkdaşı, polis maşını varsa, orada normal sürücüyə çevrilir, amma sadalananlar olmayan yerdə qayda pozurlar, təhlükəsizlik kəmərindən istifadə etmirlər, mobil telefonla danışırlar, sürət həddini aşırlar. Ona görə yol polisi müəyyən təşəbbüslər irəli sürdü, hətta yol polisi avtomobillərinin maketlərini yollara quraşdırdı. Bu da effekt vermədi. Maketlərin üstündə sayrışan effektləri sökdülər, başqa hərəkətlər etdilər".

Ekspert çıxış yolunu yollarda əlavə kamera və radarların quraşdırılmasında görür: “Yolları ya biz radar və kamera ilə bəzəməliyik, ya da radarların yeri tez-tez dəyişdirilməlidir. Rayonlar, şəhərlərarası taksi fəaliyyəti ilə, qanunsuz və yaxud da qanuni sərnişin daşıma ilə məşğul olan şəxslər radar və kameraların yerini əzbər bilir. Ona görə o kameralara, radarlara çatanda olurlar ”mülayim", “nümunəvi” sürücü. Yəni ancaq qazanc, insan həyatına dəyər vermək yaddan çıxır, nə özünə, nə də daşıdığı sərnişinlərə dəyər vermir bu adamlar. Ona görə stasionar radarlardan əlavə, həm də mobil radarlar olmalıdır. Müxtəlif vasitələr var, onlardan istifadə etmək lazımdır ki, bu cür hadisələrin sayı azalsın. Amma əsas məqam təbliğat işidir. Təbliğat və nəzarət mexanizmi gücləndirilməlidir".

Ekspert baş verən yol-nəqliyyat hadisələrinin digər bir səbəbini sürücülərin yuxusuzluğu ilə izah edir: “Təhlillər göstərir ki, Azərbaycanda xüsusən səhər saatlarında və günün qaranlıq vaxtlarında daha ağır yol-nəqliyyat hadisələri baş verir. Gecə yola çıxan sürücülər səhərə yaxın artıq yuxusuzluqdan əziyyət çəkirlər. Yorğun halda yuxulayıb idarəetməni itirib ağır qəzalara səbəb olurlar. Çox təəssüf ki, bəzən onların özləri də həlak olur və yaxud da sərnişinlər arasında ölənlər, yaralananlar olur. Yol polisinin stasionar postları məhz belə sürücülərin orada dayanıb, qısa müddətli istirahət etməsi üçün nəzərdə tutulur. Sürücülər bu şansdan səmərəli istifadə edə bilərlər. Polis postları təhlükəsiz yerdir. Yollarda sürücülərin istirahəti üçün xüsusi dayanacaqlar da yaradılıb”.

Bir gündə 4 qəza 6 can aldı

Ekspertə görə, yol-nəqliyyat hadisələrinin baş verməsində sürət həddini aşma başlıca səbəblərdəndir: “Bəzi yerlərdə sürət həddi yenidən müzakirə edilməli və endirilməlidir. Yaşayış məntəqələrində daha aşağı sürətlə getmək lazımdır. Yaşayış məntəqələrində artıq 60 km yox, saatda 30 km sürət tövsiyə olunur. Düzdür, bizim sürücülər buna çox gec və ağır bir mərhələdən sonra vərdiş edəcəklər. Amma bu olmalıdır. Çünki yaşayış məntəqələrində piyadaların vurulması və toqquşmalarda ağır fəsadlar baş verir. Aşağı sürətlə baş verən qəzalarda ölüm, xəsarət riski daha aşağı olur. Yollarımızda vəziyyət heç də ürəkaçan deyil. Yolların işıqlandırılmaması böyük problem yaradır. Sürücülərin işıq cihazlarından düzgün istifadə etməməsi, yolun qaranlıq olması, göz qamaşdıran işıqlar ağır qəzalara gətirib çıxaran səbəblərdir. Bəzi yollarda sürücülər səbrsizlik edərək, ötmə əməliyyatı aparırlar. Ancaq qanuna görə, sürücü 150-300 metr məsafəni görmürsə, ötmə əməliyyatı edə bilməz. Buna baxmayaraq, çox zaman sürücülər 5 metr qabağı görmür, manevr edib, qarşı yola çıxır və qəzalara səbəb olurlar. Bununla yanaşı, bəzən ən ağır qəzalar minik avtomobillərinin yük maşınları ilə toqquşması nəticəsində baş verir. Yük maşınlarında arxa mühafizə qurğusu olmalıdır. Bu bəzi avtomobillərdə var, bəzilərində yoxdur. Yol polisi buna ciddi nəzarət etməlidir. Bəzi yük avtomobillərində bu qurğu olmur. Qəzalar zamanı avtomobillər yarıya qədər yük avtomobillərinin altına girir. Belə qəzalar zamanı sürücülər ağır xəsarətlər alır, bəzən başları qopur”. 

Ekspert deyir ki, yaxın zamanda köhnə avtomobillərin utilizasiyası prosesinə başlanacaq: “Prezident İlham Əliyev tərəfindən ”Yol hərəkətinin təhlükəsizliyinə dair qanun" təsdiqlənib. Qanunda açıq şəkildə göstərilir ki, köhnə, təhlükəsizlik parametrləri müasir standartlara cavab verməyən, ekoloji cəhətdən günün tələblərinə uyğun gəlməyən avtomobillər utilizasiya olunacaq. Avtomobillərdəki texniki nasazlıq yol-nəqliyyat hadisələrində ölüm və xəsarət riskini də artırır. Odur ki, belə avtomobillərin istismarda olması təhlükəlidir".

Ekspert qeyd edib ki, bəzi ölkələr köhnə avtomobili alır və ya aşağı faizlə yeni avtomobilləri kreditlə təqdim edir və beləcə, köhnə nəqliyyat vasitələrini istismardan çıxarırlar. Bu, Azərbaycanda real görünmür, çünki özümüzdə avtomobil istehsalı yoxdur. Yalnız başqa ölkələrlə müştərək istehsal var. Yəqin ki, stimullaşdırıcı addımlar kimi bizdə də aşağı kredit şərtləri ilə avtomobillərin təqdim və təklif olunması irəli sürüləcək. Düşünürəm ki, ilk növbədə ətraf mühiti daha az çirkləndirən hibrid avtomobillərə, infrastruktur qurulandan sonra elektromobillərə üstünlük verilməlidir".

Həmsöhbətimizin fikrincə, təşviq üsullarından biri də istehsal ili qismən yeni olan avtomobillərin ölkəyə gətirilmsində güzəştlərin tətbiq edilməsidir.

“Köhnə avtomobil sahibi avtomobilini təhvil verərkən dövlət tərəfindən ona çek təqdim edilir və o, çeki göstərməklə ölkəyə az işlənmiş ikinci əl Avro 5 və ya 6 standartına uyğun avtomobil gətirir. Gömrük rəsmiləşdirilməsində və ya DYP tərəfindən qeydiyyata alınmada vətəndaşa güzəştlər tətbiq olunur. Adi vətəndaş bunun üçün 10 min manat xərc çəkirsə, həmin vətəndaş  5 min manat xərc çəkməklə avtomobili əldə edəcək”. Ekspert sonda əlavə edib ki, istənilən halda bu maşınların artıq istismar dövrü bitib və ətraf mühiti çox çirkləndirirlər, təhlükəsizlik elementləri isə yox səviyyəsindədir. Buna görə belə maşınları idarə etmək ölümə daha da yaxınlaşmaq deməkdir. Bu baxımdan belə nəqliyyat vasitələrinin utilizasiyası ən optimal çıxış yoludur". 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR