Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını iyulun 16-dan tədavülə buraxıb.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Maraqlıdır, 100 manatlıqların dizaynının dəyişməsinə səbəb nə olur? Yeni 100 manatlıqlar inflyasiyanı artıra bilərmi?
İqtisadçı Eldəniz Əmirov Musavat.com-a qeyd edib ki, Mərkəzi Bankın bu qərarı birbaşa texniki xarakter daşıyır və təhlükəsizliyin, eləcə də etibarlılığın təmin edilməsi məqsədinə xidmət edir: “Dünyanın bir çox mərkəzi bankları da oxşar addımlar atır və belə qərarların gələcəkdə də davam edəcəyi gözləniləndir. Mərkəzi Bankın özü də bildirib ki, əsas məqsəd saxtalaşdırmaya qarşı mübarizəni gücləndirməkdir. Buna görə də bu qərarı inflyasiyaya təsir göstərə biləcək hər hansı iqtisadi addım kimi qiymətləndirmək düzgün olmazdı”.
Onun sözlərinə görə, yeni 100 manatlıq əskinaslar dövriyyəyə buraxılıb, köhnə əskinaslar da dövriyyədə saxlanılarsa, bu, pul kütləsinin artmasına səbəb ola bilər: “Pul kütləsinin artması isə müəyyən hallarda inflyasiya riskini yüksəldə bilər. Lakin pul kütləsinin tənzimlənməsi Mərkəzi Bankın pul siyasətinin əsas tərkib hissələrindən biridir. Bu baxımdan, yeni əskinasların dövriyyəyə buraxılması köhnə əskinasların da eyni həcmdə dövriyyədə qalacağı anlamına gəlmir. Bu proses Mərkəzi Bank tərəfindən tənzimlənəcək. Ona görə də sözügedən qərara yalnız texniki xarakterli bir proses kimi yanaşmaq lazımdır”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, planlı şəkildə həyata keçirilən bir prosesdir: “Əskinasların dizaynının müəyyən dövrlərdə yenilənməsi dünyanın bir çox ölkəsində tətbiq olunan adi praktikadır. Lakin bunun inflyasiyaya səbəb olacaq hər hansı iqtisadi təsiri olduğunu düşünmürəm. Çünki dövriyyəyə buraxılan yeni əskinaslar əsasən köhnəlmiş, cırılmış, yararsız vəziyyətə düşmüş və ya sıradan çıxmış əskinasları əvəz edir. Bu isə pul kütləsinin artması anlamına gəlmir və inflyasiyaya ciddi təsir göstərmir. Ona görə də yeni dizaynlı manat əskinaslarının dövriyyəyə buraxılmasını daha çox texniki və planlı bir yenilənmə prosesi kimi qiymətləndirmək lazımdır. Bu, artıq bir çox ölkələrdə formalaşmış ənənədir və zaman-zaman milli valyutaların dizaynı yenilənərək müasir tələblərə, təhlükəsizlik standartlarına və texnoloji imkanlara uyğunlaşdırılır”.
Xalidə Gəray
Musavat.com






