Erkin Qədirli: “Ukraynalıların sona qədər döyüşəcəyinə əminəm”
Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirlinin Ukraynaya səfər etdiyi günlərdə Erkin bəylə bir neçə dəfə əlaqə saxlamaq imkanı olmuşdu.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşan səfərin Rusiya-Ukrayna müharibəsinin gərgin günlərinə təsadüf etməsi və Kiyevə, digər şəhərlərə zərbələr endirilməsi fonunda deputatlarımızın bu ölkədə olması əlavə risklər yaradırdı. Amma şükürlər olsun, səfər salamatlıqla başa çatdı və Milli Məclis üzvləri geri döndülər. Ukraynada olduqları zaman müsahibə üçün müraciət etdiyim Erkin Qədirli qayıdandan sonra söhbətimizi reallaşdırmağı məsləhət gördü və razılaşdıq. Sonrakı günlərdə də parlamentin iclasları, gərgin qrafik Ukrayna təəssüratlarını bölüşməyimizi ertələdi. Nəhayət, alındı. Çox maraqlı müşahidələr, detallar var:

(Əvvəli burada: https://musavat.com/news/ukraynadan-qayidan-deputatdan-sok-aciqlamalar-hemin-gece-qaldigimiz-hotelin-yanina_1276014.html)
(Müsahibənin 2-ci bölümü)
- Qaldığınız hotel tərəfdə heç olmasa sakitlik idi?
- Hotelin yanına da bir dron, bir raket düşdü. Həmin gecə, ümumiyyətlə, Kiyevə çox dron və raket atdılar. Biz sonradan getdik dağıntılara baxdıq...
- Atəş vaxtı sizi başqa bir ünvana, yaxud sığınacağa köçürtdülərmi?
- Yox, orada artıq, yenə deyirəm, şəhər o qədər o ritmə alışıb ki...
- Neçənci mərtəbədə qalırdınız?
- Yaxşı sualdır, fikirləşir. (Gülür) Hə, səkkizinci mərtəbədə.
![]()
- Təşviş-filan yaşanırdımı?
- Yox, artıq dediyim kimi. Əslində, mənim də şəxsi təcrübəmdə ilk raket atəşi deyildi. Ermənilər Gəncəyə raket atanda həmin gecə mən də orada, Gəncədə idim.
- Kiyevdə raket qaldığınız hoteldən nə qədər kənara düşdü?
- Bir neçə yüz metr
- Ölüm-itim çox oldu?

- Bəli. Biz getdik, baxdıq, çox təəssüf ki... Təkcə bir binada 20 nəfərə yaxın insan həlak olmuşdu. Ora deyəsən, ballistik raket düşmüşdü. Ertəsi gün matəm elan olundu. Bütöv bir blok dağılmışdı. Qonşu binalar, həyətdə hər nə var idisə, hamısı dağılmışdı. Biz ən çox dağılan və tələfat olan yerə baş çəkdik, yerli sakinlərlə görüşdük, ürək-dirək verdik.
- Siz Ukraynada olanda azərbaycanlı tələbə qız da öz diplomunu götürməyə gedərkən faciəli şəkildə həlak oldu...
- Bəli. Xarkovda. Biz orda olanda baş verdi. Elə parlamentdə görüşdə idik. Xəbərlərdən oxuduq ki, belə bir bədbəxt hadisə baş verib, bizim azərbaycanlı tələbəmiz Xarkova diplom almağa gedəndə faciəli şəkildə həlka olub.

- Azərbaycanlılar, həm Ukraynada həlak olurlar, həm də çox təəssüf ki, Rusiya tərəfdə döyüşənləri də itiririk. Hər iki tərəfdə azərbaycanlılar həlak olur bizim olmayan bu müharibədə…
- Ukrayna tərəfdən vuruşan etnik azərbaycanlılar bu ölkənin vətəndaşlarıdır. O baxımdan bu, onların vətəndaş borcudur, öz vətənlərini müdafiə edirlər. Yeri gəlmişkən, Birinci Qarabağ müharibəsində də Azərbaycan ordusunda vuruşmuş etnik ukraynalılar var idi. Onların, ikisinin məzarı deyəsən Şəhidlər Xiyabanındadır.
- Bəli, Qarabağ uğrunda döyüşlərdə Azərbaycan vətəndaşı olan ukraynalılar, ruslar, digər millətlərin nümayəndələri də qəhrəmanlıqla həlak olublar. Amma Qarabağ uğrunda müharibədə həlak olan rus və ukraynalıların sayı Rusiya-Ukrayna müharibəsində həlak olan, itkin düşənlərdən çox deyildi...
- Əlbəttə, say etibarilə, mütləq rəqəmlərə gələndə müqayisədə onların sayı azdır. Çünki əhalimiz də azdır. Onların əhalisi və ərazisi görün bizdən nə qədər çoxdur. Rusiya tərəfdən vuruşanlar - o artıq biraz şübhəli məsələdir. Çünki orda daha çox muzdlulardır, mən belə başa düşürəm. Bizim də hökumət dəfələrlə bunu bildirib və bu doğru bir bildirişdir. Bizim vətəndaş, fərq etməz hansı məqsədlə, başqa dövlətin silahlı qüvvələrinin tərkibində müharibəyə qatılırsa, bu, cinayətdir. Bir tərəfdən soydaşlarımız orada həyatlarını itirirlər, bu, özlüyündə bir acı haldır və onların burdakı yaxınları üçün bir faciədir. Amma dövlətin gözündə hüquqi baxımdan bu, bir cinayətdir. Bizim vətəndaşlarımızdan söhbət gedir. Çünki başqa dövlətin vətəndaşı olan etnik azərbaycanlılar, əlbəttə ki, o dövlətə bağlıdırlar, məsələn, Ukraynadakı kimi.

- Ukraynada azərbaycanlılar, nə qədərdir? Vaxtilə yarım milyon deyirlər.
- Sayla bağlı bir söz deyə bilmərəm. Açığı görüşlərimiz o qədər sıx oldu ki, heç diasporla da görüşə bilmədik. Bundan əlavə, Ukrayna Ali Radasının AŞPA-dakı deputatları ilə ayrıca bir görüşümüz olduq. Ondan sonra biz Kiyev vilayətinin qubernatoru ilə də görüşdük. Həmçinin, Kiyev Ticarət Sənaye Palatasında da görüşümüz oldu. Ukrayna sahibkarları, Azərbaycanla iqtisadi əlaqələr qurmaq istəyən iş adamları ilə bir araya gəldik, onlar tərəfindən ölkəmizə böyük marağı müşahidə etdik. Azərbaycan tərəfdən də Ukrayna ilə iqtisadi əlaqələri gücləndirmək niyyəti və hazırlığı var və o hazırlıq görülür. Payızda Ukrayna ərazisində hökumətlərarası komissiyanın növbəti görüşü olacaq. Orada sahibkarlar, şirkətlər də iştirak edəcəklər.
- Azərbaycan təkbaşına müharibə aparıb, qalib gəldikdən sonra həm Qarabağı tikir, həm də Ukraynaya yardım əlini uzadan bir ölkədir. Bəs Ukraynadan Qarabağla bağlı hansısa bir niyyət və təşəbbüs varmı?
- Birincisi, Azərbaycanın Ukraynaya göstərdiyi yardıma görə bütün görüşlərdə, bütün səviyyələrdə minnətdarlıq bildirilir. Bizim öz səviyyəmizdə də bunu gördük. Azərbaycan da onları ilk gündən dəstəkləyir, həmçinin Ukaynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir. Ukrayna tərəfi bütün görüşlərdə deyirlər ki, biz Azərbaycanın təcrübəsini öyrənməyə çalışırıq. Yalnız hərbi deyil, həm də qaçqınlarla necə işləməklə bağlı. Gələcəkdə onlar öz ərazilərini azad edəndən sonra bərpa işlərini necə görməklə bağlı da Azərbaycan təcrübəsini öyrənirlər. Məsələn, mən də orda gördüm ki, onlar bizim etdiyimiz bəzi doğru işləri görməyiblər və onların bəziləri üçün yenilik oldu. Soruşurdular ki, “siz doğrudanmı belə elədiniz? Gərək biz də edərdik”.

İndi yəqin ki, gələcəkdə edəcəklər. Yəni təcrübə mübadiləsi var. Ukrayna şirkətlərinin, o cümlədən, bəli, Azərbaycana marağı var, biz onu gördük. Sadəcə, orda logistik problemlər var. Çünki bilirsiniz, əvvəllər Qara dənizlə bərə əlaqəsi var idi – Odessadan Gürcüstan limanlarına, ordan da dəmir yolu ilə, ya da tırlarla Azərbaycana daşınırdı mallar. İndi o əlaqə kəsilib, çünki Qara dənizdə vəziyyət gərgindir...

- Bəli. Azərbaycanlıların olduğu gəmilər də vaxtaşırı vurulur.
- Bəli, ona görə o əlaqə hələ ki, yoxdur. Yəni bu isə şirkətlərdən, sahibkarlardan asılı olan bir problem deyil. Ona görə vəziyyəti anlayırlar.

- Onlar heç olmasa azərbaycanlıların bu savaşın qurbanı olduqlarına görə təəssüflənirlərmi? Atəş açırlar və həmvətənlərimiz gəmidə həlak olur. Düzdür, onun içərisindəki hansı heyətdir, bilinmir, amma…
- Biz o məsələni müzakirə eləmədik. Həm də biz ölkəyə qayıdandan sonra gəminin vurulması barədə xəbərlər yayıldı. Biz daha çox siyasi dövlətlərarası, parlamentlərarası, o cümlədən, təbii ki, münasibətləri müzakirə edirdik.
- Yəqin ki, görüşlərdə Şuşadakı Qlobal Forumdan da bəhs olundu, Prezident İlham Əliyevin ukraynalı jurnalistə: “İşğalla heç vaxt barışmayın”, deməsi də xatırlandı, eləmi?

- Bəli, bəli çox danışıldı. Prezidentlərin görüşləri - ən son Qəbələdə oldu, Zelenskinin Azərbaycana səfəri zamanı - orda ruh yüksəkliyi ilə qarşılandı və bu günə qədər xatırlanır. Bir var onlar özləri özlərinə əmindirlər, bir də var ki, qıraqdan belə bir dəstək almaq da çox önəmlidir. Sizə deyim, heç də hər bir dövlət Ukraynaya belə dəstək vermir. Sözdə bir, əməldə başqa olurlar. Bunu özləri də görür... Üstəlik, onların birbaşa qonşuları olan ölkələrlə son zamanlar problemlər artır.
- Polşa ilə...
- Bəli. Yəni ki, bu kimi hallar da onların özlərini müdafiə etmək qabiliyyətlərinə çox mənfi təsir edir.
- Erkin bəy, belə anlaşıldı ki, Ukraynanın sona qədər döyüşəcəyinə əminliyiniz var. Bəs, sizcə, döyüşlərdən qalib çıxa biləcəkmi?
- Mən ukraynalıların sona qədər döyüşəcəyinə əminəm. Yenə deyirəm, onlar bunu ciddi müzakirə edirlər. Yəni Azərbaycanın təcrübəsini öyrənmək dedikdə, həm də ola bilsin… Bizdə necə oldu? 1994-cü ildə Bişkek protokolu imzalandu, atəşkəs elan olundu və Azərbaycan o atəşkəs rejimindən istifadə elədi, gücləndi, iqtisadi baxımdan zənginləşdi, ordusunu qurdu, beynəlxalq səviyyədə ittifaqlar yaratdı. Ondan sonra torpaqlarını azad etdi.

- Atəşkəs dövründə həm də Rusiya toparlanacaqsa, onda necə?
- İndi Rusiyanın sanksiyalar altında qalacağı məsələsi də var. Onları, əlbəttə ki, bu, narahat edir. Onlar bildirirlər ki, Ukraynanın ərazisi ərazi bütövlüyü şübhə altına alınmayan hər hansı bir atəşkəs haqqında danışmağa - nail olmaq demirəm - hazır olduqlarını bildirirlər. Amma Rusiya tərəfi buna hazır deyil. Rusiya ərazi bütövlüyünü şübhə altına alır, konkret olaraq işğal eləyib və rəsmən öz ərazisi kimi konstitusiyalarına bunu yazıblar. Ona görə bu məsələ xeyli dərəcədə çətindir. Amma Ukrayna öz ərazisindən imtina edəsi deyil. O baxımdan, bu müharibə nə qədər çəkəcək - məsələn, bizdə 30 ilə yaxın çəkdi, atəşkəslə bir yerdə - bunu heç kəs deyə bilməz. Soruşsan, ukraynalılar da hamılıqla istəyirlər ki, müharibə tez bitsin. Amma bu arzudan başqa bir şey deyil. Amma hərbi səhnədə baş verənlər biraz ümidləndiricidir. İndi Krımda xüsusilə...Hətta belə gümanlar da var ki, ola bilsin Ukrayna Krımı o biri ərazilərdən daha tez azad edə bildi. Yəni ola bilsin orada nisbətən daha rahat ola biləcək. Amma dediyim kimi, bu, hələ uzun zaman çəkəcək...
Elşad Paşasoy,
Musavat.com






