1934-cü ildə Moskvada memarların və alimlərin etirazlarına baxmayaraq, Stalinin şəxsi göstərişi ilə Suxarev qülləsi tamamilə sökülüb. Rəsmi səbəb kimi onun "nəqliyyat magistralının inkişafına mane olması" göstərilib. Lakin həmin dövrdə Moskvada qorxulu şayiələr yayılıb: sovet rəhbərliyi Yakov Bryusun dünyaya hökm etməyə imkan verdiyi deyilən sirli əlyazmanı - “Qara kitab”ı axtarıb.
Yakov Vilimoviç Bryus (1670–1735) - rus dövlət xadimi, sərkərdə, diplomat, alim və I Pyotrun ən yaxın silahdaşlarından biri olub. O, həmçinin öz dövrünün ən savadlı və hərtərəfli bilikli şəxslərindən sayılıb. Bryus ordu islahatlarında fəal iştirak edib, Avropa alimlərinin elmi əsərlərini rus dilinə tərcümə etdirib. Onun əsas maraq dairəsinə astronomiya, riyaziyyat, kartoqrafiya, fizika və kimya daxil olub. Elmi fəaliyyətinə və qeyri-adi biliklərinə görə müasirləri onu tez-tez “Rus Faustu” adlandırıblar.

Xalq arasında isə Yakov Bryus haqqında tamamilə fərqli təsəvvür formalaşıb. Sadə insanlar onun elmi təcrübələrini sehr və cadugərlik kimi qəbul edib, onu sehrbaz, cadugər və qara magiya kitablarını bilən adam hesab ediblər. Məhz bu səbəbdən Bryusun adı zaman keçdikcə mistik əfsanələrlə, o cümlədən məşhur "Qara kitab" rəvayəti ilə əlaqələndirilib.
Tədqiqatçılar bildiriblər ki, Yakov Bryus mexanika və astronomiya sahəsində Avropanın ən son nailiyyətləri ilə yaxından tanış olduğundan mürəkkəb mexanizmlər hazırlamaq qabiliyyətinə malik olub. Onun müasiri, şotland mühəndisi Ceyms Ferqyuson yalnız vaxtı deyil, həm də Ayın fazalarını, Günəş və Ay tutulmalarını, eləcə də planetlərin mövqeyini göstərən oxşar "astronomik saatlar" haqqında yazıb. İlkin təyinatına görə bu saatlar elmi və praktik məqsədlərə xidmət etməli olub. Lakin zaman keçdikcə onların ətrafında müxtəlif əfsanələr yaranıb və rəvayətlərdə bu saatlar "qaranlıq qüvvələrlə əlaqənin rəmzi" kimi təqdim edilməyə başlanıb.

Yakov Bryus bütün cadugərlik reseptlərini və gələcəklə bağlı proqnozlarını xüsusi bir "Qara kitab"da yazıb. Rəvayətlərə əsasən, mətn nadir heyvanların dərisindən hazırlanmış qalın perqament üzərində xüsusi mürəkkəblə qeyd olunub. Deyilənlərə görə, kitabın üz qabığı dəmirlə və ya gümüşlə örtülüb, iri qıfıllarla bağlanıb. Həmin qıfılların isə yalnız xüsusi bir mərasimdən sonra açıldığı iddia edilib. İnanılıb ki, bu əlyazma vaxtilə Solomona məxsus olub, Bryus isə onu "sehrli kilidlə" qoruyub. Təsadüfi bir insan kitabı açmağa cəhd etsə, mətn yoxa çıxar və ya bədbəxt adam ağlını itirər.
Kitabda isə müvafiq sirlər yazılıb: əbədi gəncliyin sirri və "dirilik suyu"nun hazırlanma resepti; Rusiyanın gələcək əsrlərdə qarşılaşacağı əsas geosiyasi sarsıntıların dəqiq tarixləri; bütün xalqların iradəsini tabe etməyə imkan verən sehrli dualar və mərasimlər.
1735-ci ildə ölümündən əvvəl Bryus birbaşa varis qoymayıb. Onun rəsmi kitabxanası Rusiya Elmlər Akademiyasına verilib, lakin sənədlərin arasında "Qara kitab" tapılmayıb. Ehtimal edilib ki, Bryus həmin əlyazmanı Suxarev qülləsindəki gizli otaqlardan birində divara hördürüb. Bundan sonra isə bu sirli əlyazmanın axtarışı əsl "ov"a çevrilib.

II Yekaterina gizli şəkildə qüllənin bəzi otaqlarının divarlarının sökülməsi və zirzəmilərinin axtarılması barədə göstəriş verib, lakin bu axtarışlar nəticəsiz qalıb. Binanın ətrafında uzun illər silahlı mühafizə dəstəsi yerləşdirilib və bu mühafizə yalnız bolşeviklər hakimiyyətə gəldikdən sonra götürülüb. 1930-cu illərdə keçmişin mistik irsinə maraq yenidən güclənib. Suxarev qülləsinin sökülməsi prosesi ciddi nəzarət altında aparılıb. Açılan hər bir boşluq və keçid SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşları tərəfindən yoxlanılıb.
Onlar kitabı tapa biliblərmi? Rəsmi arxivlər bu barədə susur. Versiyalardan birinə görə, Bryusun əlyazması bu gün də Suxarev meydanının altındakı yeraltı labirintlərdə divara hörgülü vəziyyətdə qalıb. Çünki qüllənin dərin zirzəmiləri heç vaxt tam şəkildə açılıb-araşdırılmayıb.

Bundan başqa, 1986-cı ildə tarixçi Tixomirovun gündəliyi aşkar edildikdə, Bryusun “Qara kitab”ının hekayəsinə işıq salmaq üçün ümid yenidən yaranıb. Professor Tixomirov İmperator Tarix Cəmiyyətinin üzvü olub və qədim xəzinələrin axtarışı və qədim əlyazmaların deşifrə edilməsi ilə məşğul olub. Professor XIX əsrin sonlarında sirli şəraitdə faciəvi şəkildə ölüb, lakin qeydləri hələ də qalmaqdadır və alim orada Yakov Bryusun “Qara kitab”ını kəşf etdiyini və onun məzmunu ilə bağlı başqa bir sirri həll etdiyini göstərib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün






