Xəbər verildiyi kimi, rus ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib. Binadan 200-250 metr məsafəyə, "Lukyanovka" metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavandan çatlar əmələ gəlib. Xoşbəxtlikdən səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.
Musavat.com xatırladır ki, müharibə dövründə Kiyevə edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib. Həmçinin SOCAR-ın Ukraynadakı bəzi obyektləri hava zərbələrinə məruz qalıb.

Maraqlıdır ki, sonuncu belə fakt xarici işlər naziri Ceyhun Bayramovun Rusiya səfərindən cəmi bir gün sonra qeydə alınıb.
Moskva bununla nəyin siqnalını verir?
Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, müharibənin başlanmasından cəmi 2 gün öncə - 22 fevral 2022-ci il tarixində Azərbaycanla Rusiya arasında müttəfiqliyə dair Moskva bəyannaməsi imzalanıb: “Bununla yanaşı, müharibənin ilk günündən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Şuşada keçirilən forumda da cənab İlham Əliyev bu prinsipial mövqeyini beynəlxalq ictimaiyyət önündə bir daha ifadə etdi. Bu da Rusiyada xoş qarşılanmır və Azərbaycana təzyiq olunur”.
Onun sözlərinə görə, Rusiya ilə gərginliyin ən pik həddi təyyarəmizin vurulmasından sonra yaşanıb: “Lakin bundan öncə də gərginlik müşahidə olunurdu. Xüsusilə, Azərbaycan diasporuna qarşı təzyiqlər, etnik azərbaycanlıların Rusiyada sıxışdırılması, informasiya məkanında, hətta ali dövlət kürsülərindən ölkəmizə qarşı çoxsaylı çağırışlar bu fonda qeyd oluna bilər. Putinin törədilən cinayətə görə üzr istəməsi, daha sonra bu ilin aprelində AZAL hadisəsinə görə kompensasiyanın ödənməsinə dair razılaşmanın əldə olunması münasibətlərin yoluna qoyulması istiqamətində mühüm addımlar oldu”.

Ş.Cəlilzadə qeyd edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskva səfəri və bu çərçivədə verilən bəyanatlar, 2026-2027-ci illər üçün Məsləhətləşmələr Planının qəbul edilməsi, o cümlədən prezidentin Şuşada Rusiya ilə münasibətlərə dair söylədikləri münasibətlərin normallaşması istiqamətində mühüm göstəricilərdir:
“Bununla belə Rusiya ənənəvi imperial baxışlarından imtina etmədiyi müddətdə Azərbaycana qarşı davranışları da birmənalı olmayacaq. Nə təsadüfdürsə, Azərbaycanın Ukraynadakı səfirliyi ilk dəfə məhz Azərbaycan-Ukrayna dövlət rəhbərlərinin telefon danışığı və SOCAR-la Ukraynanın neft şirkəti arasında sazişin imzalanmasından dərhal sonra, yəni 2025-ci ilin iyulunda hədəfə alınmışdı. Daha doğrusu o vaxt da səfirliyimizin 100 metr yaxınlığında raket düşmüş və binaya zərər dəymişdi. Daha sonra SOCAR təsisatları raket hücumlarına məruz qalmışdı. Hazırda Ukrayna-Azərbaycan-Türkiyə arasında üçlü formatda, o cümlədən Azərbaycan-Ukrayna arasında ikili formatda iqtisadi, enerji, hərbi, humanitar və s. sahələri əhatə etməklə münasibətlər inkişaf etdirilməkdədir. Bu, təbii olaraq, Rusiyanın sərt siyasət xəttinin tərəfdarları arasında Azərbaycana qarşı təzyiqi artırmağa dair çağırışlarla müşayiət olunur. Odur ki, Kiyevin bombalanması fonunda Azərbaycan səfirliyi yaxınlığında da raket partlayır”.
Nigar Həsənli,
Musavat.com






