İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə yaxın oliqarxın həbsinin arxasında milyardlıq liman savaşı? – şok iddialar

760 21.07.2026 00:54 Dünya A A

Rusiyalı iş adamı İlya Traberin həbsinin arxasında yüz milyardlarla rubl dəyərində liman aktivlərinin ələ keçirilməsi planının dayandığı iddia olunur. İddialara görə, altı il ərzində faktiki olaraq hərəkətsiz qalan cinayət işi Traberin Ust-Luqadakı liman aktivləri üzərində nəzarəti tam şəkildə öz əlində cəmləşdirməsindən sonra yenidən aktivləşdirilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, 75 yaşlı İlya Traber iyunun 17-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb. Onun 2020-ci ildə Vıborq şəhərindən olan iş adamı Aleksandr Petrovun sifarişli qətlində əli olduğu iddia edilir.

Lakin yayılan materialda Traberə qarşı cinayət işinin yenidən gündəmə gətirilməsinin əsl səbəbinin korporativ maraqlar və onun nəzarətindəki iri aktivlər olduğu irəli sürülür. İddiaların mərkəzində iş adamı Anatoli Yablonski və Ust-Luqa limanındakı aktivlər dayanır.

Məlumata görə, Traber liman biznesini “NKT” MMC vasitəsilə idarə edib. 2019-cu ilin sonunda Yablonski şirkətin 15 faizini alaraq onun tərəfdaşına çevrilib, 2021-ci ilə qədər isə payını 37,5 faizə çatdırıb.

Daha sonra Yablonski Antipinski Neft Emalı Zavodunun 110,8 milyard rubla alınmasından cəmi 11 gün əvvəl “NKT”dəki payından çıxıb. Nəticədə onun 37,5 faizlik payı yenidən Traberin nəzarətinə keçib və Traber şirkətin yeganə sahibi olub.

Material müəllifləri iddia edirlər ki, aktivlər Traberin əlində cəmləşdikdən sonra altı il ərzində hərəkətsiz qalan Aleksandr Petrovun qətli ilə bağlı cinayət işi yenidən aktivləşdirilib. Traber həbs edilib və indi onun əmlakının müsadirə edilərək başqa strukturların nəzarətinə keçə biləcəyi iddia olunur.

Yazıda bu prosesin əsas benefisiarı kimi Anatoli Yablonskinin adı çəkilir. Onun keçmişdə Ukraynada vergi müfəttişi işlədiyi, 1999-cu ildə barəsində həbs qətimkan tədbiri seçilərək axtarışa verildiyi bildirilir. Müəlliflər Yablonskinin sonradan Rusiya güc strukturlarının yüksək vəzifəli nümayəndələri ilə yaxın əlaqələr qurduğunu, FSB və İstintaq Komitəsində nüfuzlu şəxslərlə münasibətlərindən istifadə etdiyini iddia edirlər. Yazıda generallar Lovırev və Voroninin də adları çəkilir.

Yablonskinin maliyyə imkanlarının miqyasına nümunə kimi Antipinski Neft Emalı Zavodunun alınması göstərilir. İddialara görə, illik gəliri cəmi 16 milyon rubl olan Yablonskiyə bağlı “Rusinвест” MMC 110,8 milyard rubl dəyərində zavodu satın alıb. Sövdələşmənin maliyyələşdirilməsini isə “Sberbank” həyata keçirib.

Material müəllifləri İlya Traberin həbsini adi cinayət təqibi deyil, Rusiyanın güc strukturları daxilindəki əlaqələrdən istifadə etməklə yüz milyardlarla rubl dəyərində liman aktivlərinin yenidən bölüşdürülməsi cəhdi kimi qiymətləndirirlər.

Bir vaxtlar Kremlə yaxınlığı ilə tanınan və Rusiyanın kriminal dairələrində “Antikvar” ləqəbi ilə məşhur olan Traberin belə bir prosesin hədəfinə çevrilməsi isə Rusiyanın biznes və güc strukturları daxilində gedən mümkün nüfuz savaşının miqyasını göstərən hadisə kimi təqdim olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR