Avropa İttifaqında Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı fikir ayrılığı yaranıb. Bu da Brüsseldə ciddi siyasi müzakirələrə səbəb olub.
Məlumatlara görə, yeni məhdudiyyətlər paketi ətrafında aparılan danışıqlarda bir sıra aparıcı Aİ ölkələrinin etirazı üzə çıxıb. Bu vəziyyət Ukrayna müharibəsi fonunda Avropa İttifaqının Rusiyaya qarşı vahid mövqeyinin nə dərəcədə davamlı olduğu barədə sualları yenidən gündəmə gətirib. Xüsusilə enerji təhlükəsizliyi, iqtisadi maraqlar və milli prioritetlər üzv dövlətlərin qərarlarına birbaşa təsir göstərir.
"Financial Times"ın Avropa rəsmilərinə istinadən yaydığı məlumata görə, Yunanıstan, Fransa, İtaliya, Almaniya, Avstriya və Portuqaliya Brüsselin hazırladığı yeni sanksiyalar paketinin bəzi müddəalarına etiraz edib. Bildirilir ki, həmin ölkələr təklif olunan məhdudiyyətlərin bir hissəsinin ya yumşaldılmasını, ya da tamamilə paketdən çıxarılmasını istəyirlər.
Avropa diplomatlarının sözlərinə görə, Aİ daxilində yeni sanksiyalar paketinə qarşı bu səviyyədə narazılığın yaranması son illərin ən diqqətçəkən hadisələrindən biridir. Müzakirələrin dörd gün davam etməsinə baxmayaraq, üzv dövlətlər ortaq mövqeyə gələ bilməyiblər.
Avropa İttifaqında Rusiyaya qarşı sanksiyalar yalnız 27 üzv ölkənin yekdil razılığı ilə qəbul olunur. Bu səbəbdən hər hansı bir ölkənin etirazı yeni məhdudiyyətlər paketinin qəbulunu çətinləşdirir. Xüsusilə, Yunanıstan Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına qadağa tətbiq ediləcəyi təqdirdə bütövlükdə sanksiyalar paketini dəstəkləməyəcəyini bəyan edib.
Qeyd edək ki, enerji təhlükəsizliyi, iqtisadi maraqlar və milli prioritetlər fonunda Avropa İttifaqında Rusiyaya qarşı vahid mövqenin qorunması əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb xarakter almağa başlayıb.
Aİ-də yaranan fikir ayrılığı Rusiyaya qarşı sanksiya siyasətinin gələcəyinə necə təsir göstərə bilər? Enerji amili Avropa İttifaqının vahid mövqeyini zəiflədir? Böyük Avropa dövlətlərinin etirazı Brüsselin qərarvermə mexanizmini dəyişə bilərmi? Yeni sanksiyalar paketinin taleyi necə olacaq?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a dedi ki, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başlayandan bəri Avropa İttifaqı Rusiyaya qarşı 20 sanksiya paketi qəbul edib: "Bu sanksiyalar ümumilikdə aşağıdakı sahələri əhatə edib: fərdi sanksiyalar, fiziki və hüquqi şəxslərin aktivlərini, Rusiya Mərkəzi Bankının ehtiyatlarının dondurulması, bank və maliyyə sektorunda məhdudiyyətlər, o cümlədən Rusiyanın SWIFT sistemindən çıxarılması, Rusiyadan enerji məhsulları, o cümlədən kömür, neft və qaz idxalına məhdudiyyətlər (RePowerEU proqramı isə 2027-nin sonunadək həm neft, həm təbii qaz, həm də maye qaz alımını sonlandırmağı nəzərdə tutur), neft qiymətinə tavan müəyyən olunması - Macarıstan və Slovakiya Rusiyadan neft idxalını davam etdirmək üçün güzəşt istəsə də, 44 dollar tavan qiyməti müəyyən olunub, nəqliyyat məhdudiyyətləri- Rusiyanın təyyarələrinə Avropaya enmək, neft tankerlərinə Avropa limanlarına yaxınlaşmaq və onlara xidmətin göstərilməsi qadağan olunub, strateji ikili təyinatlı malların (çip istehsalı və hərbi sənaye təyinatı olanlar) Rusiyaya ixracı qadağan olunub, Rusiyadan strateji məhsulların (polad, alüminium, qızıl, almaz, kimyəvi məhsullar və s.) idxalı məhdudlaşdırılıb, lüks malların idxalına qadağa qoyulub, kripto, informasiya, mədəni sahələri əhatə edən çoxsaylı məhdudiyyətlər tətbiq olunub, investisiya proqramlarına qadağa qoyulub. Bunlar demək olar bütün üzv dövlətlər tərəfindən qəbul edilsə də, artıq qeyd etdiyim kimi Macarıstan və Slovakiya Rusiyadan enerji məhsullarının idxalına güzəşt tələb edib və yalnız bu güzəşti əldə etdikdən sonra sanksiyanın qəbuluna razılıq verib. Həmçinin Yunanıstan da indiyədək Rusiyadan LNG idxalı üçün güzəşt əldə edə bilmişdi. Odur ki 21-ci sanksiyalar paketində birinci etiraz edən məhz Yunanıstan oldu. Avropa Komissiyasının Rusiyadan LNG idxalına məhdudlaşdırma tələb etməsi Yunanıstanın milli iqtisadiyyatında böyük çəkiyə malik şirkəti ciddi zərbə altına aldığı üçün hökümət buna etiraz etdi. Yunanıstanın etirazından sonra digər ölkələr də səslərini çıxardılar. Məsələn, Almaniya və Portuqaliya Rusiyadan dəniz məhsulları və balıq idxalının sonlandırılmasına qarşı çıxıblar. Bu mövqelərini milli iqtisadiyyat və müvafiq sənaye sektorlarının qorunması üçün həyati əhəmiyyətlə əsaslandırıblar. Beləliklə biz dövlətlərin milli maraqlarının vahid ittifaq maraqlarından gedərək daha çox önə çıxdığını görürük. Avropa rəsmilərinin sözlərinə görə rəsmi Brüssel sanksiya strategiyasının son həddinə artıq gəlib çıxıb. Lakin göründüyü kimi bu sanksiyalar Rusiyanın işğal siyasətini sonlandırmağa yetərli olmayıb. Məsələn, 2022-ci ildə Aİ-nin neft idxalının 27%-ni Rusiya təmin edirdisə, hazırda bu göstərici 2%-dir. Həmçinin Aİ-nin qazla təminatında Rusiya 2022-ci ildə 45% paya sahib idisə, hazırda bu göstərici 12-13% olub, ümumilikdə 75% azalmadan söz gedir. Beləliklə 2027-ci ilin sonunadək Avropada vəziyyət daha da kritik olacaq və real icra mexanizmləri tapmaq çətinləşəcək".
Ekspertin sözlərinə görə, hazırda Avropanın yeganə ümidi 2027-dək Rusiyanın tükəndirilməsidir: "Ukraynanın hərbi sənayesinin inkişafının dəstəklənməsi, o cümlədən Rusiyanın həyati - enerji sənaye infrastrukturunun vurulması bu baxımdan Avropanın ümidlərini artırır. Lakin hətta bu məsələdə də konsensus yoxdur. Belə ki, Macarıstan, Slovakiya və Çexiya NATO-da Ukraynaya hərbi dəstək üçün qəbul olunan 70 milyard avroluq yardıma qoşulmayacağını bəyan edib. Beləliklə, hazırki vəziyyətdə Avropanın vahid qərarvermə mexanizminin işləkliyinin gedərək itirildiyini görürük".
Cavanşir Abbaslı
Musavat.com






