İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistinin evi söküldü, arxivi dağıntılar altında qaldı – VİDEO

952 08.06.2026 13:10 Hadisə A A

Xalq artisti Qəzənfər Xalıqovun Bayırşəhərdə yerləşən yaşadığı ev sökülüb.

Musavat.com xəbər verir ki, sakinlərin sözlərinə görə, söküntü zamanı görkəmli rəssama məxsus arxiv materialları dağıntılar altında qalıb.

Bildirilir ki, həmin ünvanda Əməkdar rəssam Nazim Babayev də yaşayıb.

Qeyd edək ki, Xalq artisti Qəzənfər Xalıqov Azərbaycan təsviri sənətinin ilk peşəkar nümayəndələrindən biri hesab olunur. O, 16 dekabr 1898-ci ildə Bakının Qobu qəsəbəsində anadan olub. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib.

Qəzənfər Xalıqov 1929–1930-cu illərdə “Molla Nəsrəddin”, 1953–1958-ci illərdə isə “Kirpi” jurnallarında, eləcə də “Gənc işçi” qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərib. O, 1934-cü ildə Firdovsinin 1000 illik yubileyinə həsr olunmuş sərgi üçün “Firdovsinin dəfni” əsərini yaradıb.

1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə çəkdiyi “Nizaminin portreti” əsəri ilə Azərbaycan rəssamlıq tarixində şairin ilk portret müəllifi kimi tanınıb. Bundan başqa, “Leyli və Məcnun”, “Əsli və Kərəm” kimi tamaşaların səhnə və geyim tərtibatını hazırlayıb, çoxsaylı plakatların, teatr eskizlərinin və “Neft” qrafik silsiləsinin müəllifi olub.

Xalıqov.jpg (54 KB)

Qəzənfər Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat edib. Abşeron rayonunun Qobu qəsəbəsində onun adını daşıyan orta məktəb və küçə mövcuddur.

Rəssamın “Xosrov və Şirin” (1940) və “İsgəndərnamə” (1953) akvarel işləri Azərbaycan Milli İncəsənət Muzeyində, “Nizaminin portreti” əsəri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunur. Onun 17 əsəri isə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR