İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spikerdən sensasion açıqlama - iqtidardakı “5-ci kolon”la əlbir müxalif dairələr...

1478 19.07.2022 08:50 Gündəm A A

Partiya sədri: “Deməli, məsələ o dərəcədə ciddi hal alıb ki, Adil Əliyev hakimiyyət içində ölkə əleyhinə fəaliyyətin olmasından danışmaq məcburiyyətində qalıb”

Milli Məclisin sədr müavini Adil Əliyev Musavat.com-a müsahibəsində olduqca ictimai rezonansa səbəb olan açıqlamalar verib. Adil Əliyev bildirib ki, kimlərsə müharibə əlillərinin psixoloji halından dövlətimizə qarşı qəsdən istifadə edirlər. Və bu zümrənin hamısı eyni mərkəzdən idarə olunur. Bəziləri müxalif düşərgədə, bəziləri isə hakimiyyət orqanlarında oturub təxribat törətməyə çalışırlar. Məqsəd isə Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq, insanlarımızın ordumuza münasibətini soyutmaqdır:

“Sirr deyil ki, Azərbaycan hələ də Vətən uğrunda savaşını tamamlamayıb. Ermənilər 44 günlük müharibədə əldə edilən razılaşmalara əməl etmir. Atəşkəs sazişinin şərtlərini pozur, sülh müqaviləsi bağlamaqdan yayınırlar. Hər an yenidən müharibə başlaya bilər. Azərbaycan Ordusu buna hazır olmalıdır. Bunun üçün isə insanlarımız mənəvi-psixoloji cəhətdən döyüşə hazır vəziyyətə gətirilməlidir. Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki ”5-ci kolon"un nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda "5-ci kolon"la bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-ci Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir".

Jurnalistin “Ciddi ittihamdır. Belə çıxır ki, Azərbaycan iqtidarı da monolit deyil. Hakimiyyətdə İlham Əliyevə qarşı fəaliyyət göstərən güclü komanda var...” sualına isə Milli Məclisin sədr müavini təsdiqləyici cavab verib: “Əlbəttə, bu, artıq sirr deyil ki. Bilirsiniz ki, uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz bu təxribatçı əməllərinə görə işdən qovuldu. Bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlətlə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurları ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyi zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə, bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək. Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var".

Arzuxan Əlizadə: “Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir”

Arzuxan Əlizadə

Müxalifət düşərgəsindən vitse-spikerin açıqlamalarına reaksiya verilib. AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirib ki, Adil Əliyevin açıqlamaları çox ciddi məsələdir: “Özü də bu açıqlamaları Milli Məclis sədrinin müavini verirsə, bu, artıq çox ciddi düşündürücüdür. Deməli, məsələ o dərəcədə ciddi hal alıb ki, parlamentin vitse-spikeri hakimiyyət içində ”5-ci kolon"un ölkə əleyhinə fəaliyyətinin olmasından danışmaq məcburiyyətində qalıb. İqtidar daxilində monolitliyin olmaması ilə bağlı suala təsdiqləyici cavab verməsi və fikrini əsaslandırması isə vəziyyətin xüsusilə ciddi və təhlükəli olduğunu düşünməyə vadar edir. Bu açıqlamalar sıradan bir şəxs tərəfindən deyil, yüksək ranqlı şəxsin dilindən səslənir. Adil Əliyev həm də kifayət qədər ciddi məlumatlara malik olan şəxsdir. O, həyəcan təbilini boşuna çalmır. Bilirsiniz ki, onun qardaşı general-polkovnik Məhərrəm Əliyev hakimiyyətdə çox ciddi əhəmiyyətli bir post tutur. Adil Əliyevin çox ciddi informasiyalara malik olması şübhəsizdir. O cür açıqlamalar verilirsə, ilk növbədə hakimiyyət ittiham hədəfi olan qüvvələri ifşa etmək istiqamətində əməli addımlara getməlidir. Ölkə daxilində xarici qüvvələrə işləyən “5-ci kolon”un olması barədə deyilənlərdən hər birimiz narahatıq. Bu “5-ci kolon” söhbəti uzun müddətdir gedir. Amma təəssüf ki, hələ bir nəfər də olsun həmin kolonun nümayəndəsi hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq konkret əməllərinə görə ifşa edilib xalqa adı açıqlanmayıb, qanuni cəzalandırılmayıb. Yalnız dolayısı ilə müxtəlif adlar çəkilir, ümumilikdə deyilir. Lakin konkretlik yoxdur. Hesab edirəm ki, Adil Əliyevin əlində konkret faktlar var və təkcə müsahibə ilə kifayətlənməyəcək, ölkənin rəhbərinə və müvafiq hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcək.

Biz fərqindəyik ki, xüsusi xidmət orqanları bu məsələləri nəzarətdə saxlaya bilir. Bunu 44 günlük müharibə zamanı da, ondan sonrakı dönəmdə də gördük. Terrorçu bir dövlətlə üz-üzə qalmağımıza baxmayaraq Azərbaycanda proseslər nəzarətdə saxlandı və heç bir daxili gərginliklə üzləşmədik. O baxımdan indi də hesab edirəm ki, xüsusi xidmət orqanları situasiyanı nəzarətdə saxlamaq imkanlarına malikdirlər".

Partiya sədri onu da dedi ki, Milli Məclis sədrinin sözlərindən Üçüncü Qarabağ müharibəsi və ya antiterror əməliyyatının olacağı da bəlli olur: “Əslində bir neçə gün öncə Prezident İlham Əliyevin ilin 6 ayının yekunları ilə bağlı müşavirədə dedikləri də bu qənaəti yaradıb ki, Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirməyə hazırlaşır. Bu cür kritik məqamda isə dövlətin daxilində müxalifətdə və ya iqtidarda olmasından asılı olmayaraq hər kəsin vahid mövqedən çıxış eləməsinə ehtiyac yaranır. Necə ki, biz 44 günlük müharibə zamanı monolit millətə çevrildik, eləcə də antiterror əməliyyatı həyata keçiriləcəksə, bu zaman da dövlətimizin daxilində hər kəsin vahid mövqedə olmasına ehtiyac olacaq. Görünür, hansısa qüvvələr bunun olmamasına çalışır. Lakin mən inanmıram ki, hansısa qüvvə dediyimiz an gəlib çatanda cürət edib fərqli mövqe tutacaq, açıq şəkildə başqa dövlətin mənafelərinə xidmət etməyə cürət eləyəcək. Çünki həmin qüvvələr bilirlər ki, onların belə bir cəhdi xalq tərəfindən, iqtidarlı müxalifətli siyasi qüvvələr tərəfindən linç olunmasına gətirib çıxarar. Həmin qüvvənin qarşısında biz olacağıq. Azərbaycanın milli maraqlarına zədə vurmağa çalışan istənilən qüvvə qarşısında ilk növbədə bizləri görəcək”.

A.Əlizadə onu da qeyd etdi ki, Adil Əliyev korrupsionerlərin ölkəmizə, xalqımıza rahat nəfəs almağa imkan vermədiyi haqda və həmin komandanın bütün üzvlərinin təmizlənməli olduğu barədə dediklərində haqlıdır: “Biz də bilirik və mütəmadi olaraq bəyan edirik ki, Azərbaycanda korrupsiya və rüşvətin kökü kəsilməlidir. Nə qədər ki, kəsilməyib, bu vəziyyət dövlətin əsaslarına təhdid yaradır. Korrupsiya, korrupsionerlər ölkə üçün təhlükədir. Bəli, Ramiz Mehdiyevin, Nəcməddin Sadıkovun təyin etdiyi və ya onların təqdimatı ilə vəzifələrə təyin olunan  xeyli sayda şəxslər hələ də vəzifədə qalırlar. Mən demirəm ki, onların hamısı bu gün Ramiz Mehdiyevin və Nəcməddin Sadıkovun adamlarıdır. Ancaq şübhəsiz ki, bir hissəsi hələ də onlara bağlıdır və onların uzantılarıdır. Bu uzantıların istər yerli hakimiyyət strukturlarında, istər orduda qanunsuz əməllərini davam etdirdiyi vaxtaşırı müxtəlif formalarda ortaya çıxır. Son zamanlar ordu daxilində yüksək rütbəli şəxslərin həbsi faktları da buna bir sübutdur. Eləcə də Tərtər hadisələrini yaradanlar var ki, bu gün vəzifələrdədir. Bir sözlə xalqı hakimiyyətdən, dövlətdən narazı salana müxtəlif çaplı məmurlar, vəzifəlilər var. Təhlükə məhz belələrindən gəlir. Ona görə də hesab edirəm ki, dövlət idarəçiliyində hətta şok effekti verə biləcək ciddi islahatlara gedilməlidir, bir sıra adamlar mütləq vəzifələrindən kənarlaşdırılmalı, nəzarətə alınmalıdırlar. Məhkəmə-hüquq sistemi əhalinin böyük hissəsinin narazı qaldığı sahədir. Bu sistemdə ciddi islahatlara gedilməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR