Vətəndaş Həmrəyliyi Partiyası (VHP) "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunu 60 illik yubileyi münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, təbrikdə deyilir:
"Tarix yalnız dövlət adamlarının, sərkərdələrin və siyasətçilərin fəaliyyəti ilə yazılmır. Zamanı qələmə alan, cəmiyyətin yaddaşını qoruyan, hadisələri gələcək nəsillərə çatdıran insanlar da tarix yaradırlar. Belə insanlardan biri də uzun illərdir Azərbaycan mətbustının ön sıralarında yer alan Rauf Arifoğludur.
Rauf Arifoğlunun həyat yolu Azərbaycanın Milli Azadlıq Hərəkatının ən qaynar dövrü ilə üst-üstə düşür. O, 1980-ci illərin sonlarından etibarən xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsinin fəal iştirakçılarından biri kimi çıxış edib. Bu mübarizə yalnız meydanlarda deyil, həm də söz cəbhəsində aparılırdı. Sovet senzurasına qarşı azad sözün, milli düşüncənin və istiqlal ideyalarının müdafiəsi həmin dövrün ən çətin, eyni zamanda ən şərəfli missiyalarından idi.
1989-cu ildə təsis edilən “Yeni Müsavat” qəzeti məhz bu idealların tribunalarından birinə çevrildi. Müstəqillik, demokratiya və milli maraqların müdafiəsini əsas xətt seçən qəzet illər boyu Azərbaycan mətbuatında özünəməxsus yer tutdu. Rauf Arifoğlu isə jurnalist, publisist və media rəhbəri kimi azad mətbuatın formalaşması, inkişafı və qorunması uğrunda ardıcıl fəaliyyət göstərdi.
Jurnalistika asan fəaliyyət sahəsi sayılmır. Bu peşə insandan yüksək məsuliyyət, möhkəm prinsip, səbir və cəsarət tələb edir. Bu çətin yolun enişli-yoxuşlu mərhələlərini yaşayan Rauf Arifoğlu fəaliyyətini daim sözə, həqiqətə və milli maraqlara xidmət üzərində qurmağa çalışıb. İllər ərzində minlərlə məqalə, yüzlərlə müsahibə və analitik yazı onun peşəkar fəaliyyətinin məhsulu olub.
Bu gün arxaya nəzər salanda görünən mənzərə zəngin bir ömür yoludur. Bu yol təkcə şəxsi uğurların deyil, həm də Azərbaycan mediasının, Milli Azadlıq Hərəkatının və müstəqil dövlətçilik tarixinin mühüm səhifələrinin ayrılmaz hissəsidir.
Bu gün ömrünün 60-cı zirvəsinə çatan, həyatını milli mübarizəyə, azad söz savaşına və Azərbaycan mətbuatının inkişafına həsr edən Rauf Arifoğlunu yubileyi münasibətilə təbrik edirik. Ona möhkəm cansağlığı, uzun və sağlam ömür arzulayırıq. 60 yaşınız mübarizələrlə zəngin bir ömrün şərəfli davamı, yeni nailiyyətlərin və yeni zəfərlərin başlanğıcı olsun!"
Musavat.com