Musavat.com xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə xüsusi sənədli film hazırlanıb.
“60 ilin adamı” adlanan film Yeni Müsavat Media Qrupunun əməkdaşlarının birgə əməyinin nəticəsidir. Ekran əsərində Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, media rəhbərləri, jurnalistlər və Rauf Arifoğlunun müxtəlif dövrlərdə çiyin-çiyinə çalışdığı insanlar onun şəxsiyyəti, fəaliyyəti və Azərbaycan mediasındakı yeri barədə fikirlərini bölüşüblər.
Filmdə, eyni zamanda, Rauf Arifoğlunun indiyədək heç bir platformada yayımlanmayan səmimi açıqlamaları, müxtəlif illərdə çəkilmiş müsahibələri, şəxsi arxiv görüntüləri və müxtəlif zamanlarda lentə alınmış unikal kadrlar yer alıb. Beləliklə, ekran əsəri təkcə bir yubiley filmi deyil, həm də uzun illəri əhatə edən media salnaməsinə çevrilib.
Filmin süjeti 2025-ci ilin noyabr ayında Tovuz rayonunda çəkilmiş payız mənzərələri ilə başlayır. Bu mənzərələr fonunda, ocaq başında R. Arifoğlu danışır...
Bu seçim təsadüfi deyil. Çünki Rauf Arifoğlunun həyatında və Yeni Müsavatın tarixində payız, özəlliklə də noyabr ayı xüsusi məna daşıyır. Yeni Müsavat qəzetinin ilk nömrəsinin işıq üzü görməsi, qəzetin yaranışı ilə bağlı taleyüklü hadisələr, eləcə də Rauf Arifoğlunun özəl həyatında və fəaliyyətində mühüm dönüş nöqtələrinin bir çoxu məhz bu fəsilə təsadüf edir.
Filmin növbəti hissələrində isə zaman xətti bu günə qədər uzanır. Son günlərdə lentə alınmış kadrlar da ekran əsərinə daxil edilərək keçmişlə bu gün arasında bütöv bir körpü yaradılıb və nəticədə tam, bitkin və emosional sənədli film ərsəyə gətirilib.
Filmin rejissoru İlkin Zəfərli, ssenarist və redaktoru Sevinc Telmanqızı, prodüseri Ələsgər Süleymanov, intro müəllifi Tofiq Balayev, montaj rejissoru isə Rafət Şahbazovdur.
Musavat.com oxucularına və izləyicilərinə “60 ilin adamı” sənədli filmini təqdim edir. Bu ekran əsəri təkcə bir jurnalistin ömür yolundan bəhs etmir, həm də son 37 ildə Azərbaycan mətbuatının keçdiyi mürəkkəb və maraqlı yolun canlı salnaməsini təqdim edir.
Musavat.com






