İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil sorğusuna cavab verilməməsi qanunsuz hesab edildi – QƏRAR

439 27.07.2026 12:00 Dünya A A

Bakı İnzibati Məhkəməsi Ədliyyə Nazirliyinin qeydiyyat qurumunun vətəndaşın müraciətinə və vəkil sorğusuna verdiyi imtinanı qanunsuz hesab edib. Məhkəmə dövlət orqanının məsələyə formal yanaşdığını müəyyən edərək, tələb olunan doğum və ölüm haqqında sənədlərin təkrar nüsxələrinin və ya arayışların təqdim edilməsini qeydiyyat qurumunun üzərinə qoyub.

Musavat.com xəbər verir ki, iş vətəndaş A.N.-nin xarici ölkədə təhsil və digər rəsmi prosedurlar üçün səfirliyə təqdim etmək məqsədilə yaxın qohumlarına aid doğum və ölüm haqqında sənədlərin təkrar nüsxələrini almaq istəyi ilə başlayıb. Vətəndaşın maraqlarını müdafiə edən tanınmış vəkil Cavad Cavadov da qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyat qurumuna rəsmi vəkil sorğusu göndərərək ailə və qohumluq əlaqələrini təsdiq edən vətəndaşlıq vəziyyəti aktlarına dair sənədlərin təqdim olunmasını istəyib. Lakin qeydiyyat orqanı həmin məlumatların ailə həyatına aid məhdud məlumat olduğunu əsas gətirərək həm vətəndaşın müraciətini, həm də vəkil sorğusunu təmin etməkdən imtina edib. Bundan sonra məsələ məhkəməyə çıxarılıb.

Bakı İnzibati Məhkəməsi iş materiallarını araşdırarkən müəyyən edib ki, iddiaçı ilə sənədlərin aid olduğu şəxslər arasında qohumluq əlaqələri təqdim edilən sübutlarla təsdiq olunur. Qərarda qeyd edilir ki, mövcud sənədlər təkrar şəhadətnamələrin və ya arayışların verilməsi üçün kifayət edib.

Məhkəmə vurğulayıb ki, inzibati orqan müraciətin düzgün həlli üçün bütün halları hərtərəfli, tam və obyektiv araşdırmalı idi. Bunun əvəzinə isə əlavə sübutların toplanması və zəruri araşdırmaların aparılması yükünü vətəndaşın üzərinə qoyaraq formal imtina verib.

Qərarda xüsusi olaraq qeyd olunub ki, təqdim edilən sənədlərin həqiqiliyinə dair şübhə yaranarsa, onların yoxlanılması inzibati orqanın öz vəzifəsidir və bu araşdırma dövlət qurumunun hesabına aparılmalıdır.

Qərardan sonra açıqlama verən vəkil Cavad Cavadov bildirib ki, vəkil sorğusu hüquqi yardımın təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş mühüm vasitədir.

Onun sözlərinə görə, dövlət orqanı belə sorğulara cavab verməkdən imtina edərkən bunu ümumi və şablon ifadələrlə deyil, konkret hüquqi əsaslarla izah etməlidir.

"Vəkil sorğusu sadəcə məlumat almaq üçün göndərilən adi məktub deyil. Bu, şəxsin hüquqlarının müdafiəsi və ona peşəkar hüquqi yardım göstərilməsi məqsədilə qanunla nəzərdə tutulmuş hüquqi vasitədir. Məlumatın ailə həyatına aid olması avtomatik olaraq həmin məlumatı onu əldə etmək hüququ olan şəxsdən və ya onun vəkilindən gizlətmək anlamına gəlmir", – deyə vəkil bildirib.

Onun fikrincə, ilk növbədə müraciət edən şəxsin həmin məlumatla hüquqi əlaqəsi, qohumluğu və sənədlərə ehtiyacının məqsədi araşdırılmalıdır.

Cavad Cavadov hesab edir ki, dövlət qurumlarının vətəndaş müraciətlərinə və vəkil sorğularına formal münasibəti yalnız vətəndaşların hüquqlarını pozmur, həm də inzibati məhkəmələrin iş yükünü süni şəkildə artırır.

Vəkilin sözlərinə görə, dövlət orqanları ilkin mərhələdə qanuni və əsaslandırılmış qərarlar qəbul etsələr, çoxsaylı inzibati mübahisələrin məhkəməyə daşınmasına ehtiyac qalmaz.

Onun fikrincə, hazırkı vəziyyətdə məhkəmələr bəzən dövlət orqanlarının yerinə ilkin araşdırma aparmaq məcburiyyətində qalır ki, bu da həm məhkəmə sisteminə əlavə yük yaradır, həm də digər işlərə baxılmasını gecikdirir.

Bakı İnzibati Məhkəməsi iddianı təmin edərək qeydiyyat orqanına vətəndaşın ərizəsində və vəkil sorğusunda göstərilən doğum və ölüm haqqında sənədlərin təkrar şəhadətnamə və ya arayış formasında təqdim edilməsini tapşırıb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR