ABŞ prezidenti Donald Trampın administrasiyasının İrana qarşı 13 gün davam edən intensiv hava əməliyyatlarından sonra bombardmanlara gözlənilmədən fasilə verməsi beynəlxalq mediada və hərbi ekspert dairələrində geniş müzakirələrə səbəb olub.
Rəsmi Vaşinqton bunu diplomatik səylərlə izah etsə də, “Reuters”, “The Wall Street Journal” (WSJ), “Associated Press”, eləcə də bir sıra hərbi analitiklər bu qərarın arxasında ABŞ-ın yüksək dəqiqlikli sursat ehtiyatları ilə bağlı narahatlıqların da dayandığını yazırlar.
Musavat.com xəbər verir ki, bu mövzu əslində yeni deyil. ABŞ-ın silah ehtiyatlarının sürətlə azalması barədə ilk ciddi xəbərdarlıqlar hələ Ukrayna müharibəsinin ilk illərində səsləndirilmişdi. Lakin İran ətrafında yaranan yeni müharibə bu problemi ilk dəfə real döyüş əməliyyatları fonunda gündəmin əsas mövzularından birinə çevirib.
“Reuters”: 13 günlük bombardmandan sonra ilk fasilə
“Reuters” yazır ki, ABŞ ordusu ardıcıl 13 gecə İran ərazisində genişmiqyaslı hava zərbələri endirdikdən sonra əməliyyatlara fasilə verib. Agentliyin məlumatına görə, İran da bəyan edib ki, ABŞ bombardmanı bərpa etmədiyi müddətdə cavab hücumlarını dayandıracaq.
“Reuters” qeyd edir ki, Vaşinqton bombardmanı dayandırmasının səbəbini rəsmi şəkildə açıqlamayıb. Ağ Ev diplomatik kanalların açıq saxlanıldığını vurğulasa da, ABŞ hərbi rəhbərliyi daxilində əməliyyatların davam etdirilməsinin strateji nəticələri barədə ciddi müzakirələr aparılır.
“Wall Street Journal”: əsas müzakirə mövzusu Patriot və digər raket ehtiyatları olub
Mövzuya ən geniş işıq salan nəşrlərdən biri “The Wall Street Journal” olub.
WSJ yazır ki, Tramp administrasiyası əvvəlcədən hazırlanmış 10–14 günlük yeni hərbi kampaniyanı təxirə salarkən əsas müzakirə mövzularından biri ABŞ-ın hava hücumundan müdafiə sistemləri üçün istifadə olunan Patriot interceptor raketlərinin, eləcə də digər yüksək dəqiqlikli sursatların sürətlə azalması olub.
Nəşrin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Dan Keyn (Dan Caine) mövcud ehtiyatların uzunmüddətli əməliyyatlar üçün risk yaratdığı barədə Ağ Evə məlumat verib. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Brad Kuper (Brad Cooper) isə zərbələrin davam etdirilməsinin hərbi baxımdan mümkün olduğunu bildirsə də, bunun strateji ehtiyatlara təsirinin nəzərə alınmasını vacib hesab edib.
Tramp: “ABŞ-ın kifayət qədər silahı var”
Donald Tramp isə silah çatışmazlığı ilə bağlı iddiaları rədd edib. Prezident son açıqlamasında ABŞ ordusunun kifayət qədər sursata malik olduğunu bildirib və bombardmanlara fasilənin silah qıtlığı ilə əlaqələndirilməsinin doğru olmadığını deyib.
Lakin maraqlıdır ki, “Wall Street Journal” administrasiya daxilində yüksək dəqiqlikli raketlərin istifadə tempinin gözləniləndən xeyli yüksək olduğunu yazır. Nəşrin məlumatına görə, Pentaqon hazırda həm mövcud ehtiyatları qorumağa, həm də müdafiə sənayesinin istehsal imkanlarını sürətlə artırmağa çalışır.
Bu narahatlıq ilk dəfə deyil
ABŞ-ın silah ehtiyatlarının azalması barədə son aylarda yalnız “Reuters” və “WSJ” yazmayıb.
"ABC News Australia" geniş təhlilində bildirir ki, ABŞ və müttəfiqləri son iki ildə elə həcmdə yüksək texnologiyalı raketlərdən istifadə ediblər ki, onların yenidən istehsalı bəzi hallarda bir neçə il tələb edə bilər.
Təhlildə xüsusilə aşağıdakı silah növləri qeyd olunur:
* “Tomahawk” qanadlı raketləri;
* “Patriot interceptor” raketləri;
* “THAAD” sistemləri;
* “SM-3” və “SM-6” zenit raketləri.
Ekspertlərin fikrincə, bu sistemlər müasir ABŞ hərbi strategiyasının əsasını təşkil edir və onların sürətlə tükənməsi gələcək əməliyyatlara təsir göstərə bilər.
“Al Jazeera”: istehsal tempi müharibə tempinə çatmır
“Al Jazeera” da ABŞ müdafiə sənayesi ilə bağlı araşdırmasında oxşar nəticəyə gəlib.
Nəşrin hesablamalarına görə, hazırkı istehsal tempi ilə:
* “Tomahawk” raketlərinin əvvəlki ehtiyat səviyyəsinə qaytarılması bir neçə il,
* “Patriot” və “THAAD interceptor”larının bərpası isə uzunmüddətli istehsal proqramları tələb edir.
Bu isə o deməkdir ki, ABŞ tarixində ilk dəfə olaraq yüksək texnologiyalı silahların istehsal sürəti onların döyüş meydanında istifadə tempindən geri qalmağa başlayıb.
Pentaqon üç cəbhədə eyni vaxtda resurs sərf edir
Hərbi analitiklərin diqqət çəkdiyi digər mühüm məqam ABŞ-ın eyni vaxtda bir neçə istiqamətdə böyük həcmdə silah sərf etməsidir.
Hazırda Vaşinqton:
* Ukraynaya genişmiqyaslı hərbi yardım göstərir;
* İsrailin müdafiəsini dəstəkləyir;
* İran ətrafında birbaşa hərbi əməliyyatlar aparır;
* eyni zamanda Hind-Sakit okean bölgəsində Çinlə mümkün qarşıdurmaya hazırlaşır.
“Wall Street Journal” yazır ki, Yaxın Şərqdə istifadə olunan sursat ehtiyatlarının tam bərpası bəzi silah kateqoriyaları üzrə altı ilə qədər vaxt apara bilər.
Silah ehtiyatları müharibənin yeni strateji amilinə çevrilir
Son hadisələr göstərir ki, XXI əsrin böyük müharibələrində yalnız orduların sayı və texnologiyası deyil, hərbi sənayenin istehsal gücü də əsas strateji üstünlük amillərindən birinə çevrilib.
“Reuters”, “Wall Street Journal”, “Associated Press” və digər nüfuzlu nəşrlərin son günlər dərc etdikləri materiallar göstərir ki, ABŞ administrasiyası bombardmanlara fasiləni rəsmi olaraq diplomatik səbəblərlə izah etsə də, hərbi ekspertlər və administrasiya daxilindəki müzakirələr yüksək dəqiqlikli sursat ehtiyatlarının sürətlə azalmasının da mühüm amillərdən biri olduğunu göstərir.
Başqa sözlə, Tramp administrasiyası hazırda təkcə İranla qarşıdurmanı deyil, həm də ABŞ-ın strateji silah ehtiyatlarının gələcək aylarda və illərdə hansı səviyyədə saxlanılacağını hesablayır. Müharibənin görünməyən cəbhəsi artıq döyüş meydanında deyil, ABŞ müdafiə sənayesinin istehsal xətlərində və Pentaqonun silah anbarlarında davam edir.
R. Abbasov,
Musavat.com






