İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?

622 27.07.2026 13:02 Siyasət A A

Qazaxıstan prezidenti Qasım Comərd Tokayev Rusiya-Ukrayna münaqişəsindən fərqli olaraq, Azərbaycan və Ermənistan arasındakı münaqişənin mahiyyəti və mənşəyinin tamamilə aydın olduğunu deyib. “Azərbaycan və Ermənistan arasındakı münaqişənin mahiyyəti və mənşəyi bizim üçün tamamilə aydın idi: onların dərin tarixi kökləri var idi. Lakin bunu anlamaq çox çətindir”.

Qazaxıstan prezidenti əlavə edib ki, Vladimir Putin Alyaskadakı görüşdə “maksimum diplomatik çeviklik nümayiş etdirib”.

Qarabağ üçün “Donbas ssenarisi” – versiya

Doğurdanmı keçmiş Qarabağ münaqişəsi ilə Donbas müharibələrinin mahiyyətində fərq var? Hər ikisi işğal və təcavüz aktları deyildirmi? Tokayev bəlkə haqlıdır - azərbaycanlılarla ermənilərin tarixi düşmənçiliyi olub, ruslar və ukraynalılar isə qohum xalqdırlar, dünənə qədər bir yerdə yaşayıblar...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, Tokayev Putini kifayət qədər çətin vəziyyətə salıb: “Tokayevin bu mövqeyi mahiyyət etibarilə Ukraynanın yanaşması ilə üst-üstə düşürdü. Çünki Kiyev də dəfələrlə atəşkəsə hazır olduğunu bəyan edərək müharibənin dayandırılmasının vacibliyini vurğulayıb. Tokayev də eyni mesajı verdi. Lakin o, çıxışının sonunda Putini qəzəbləndirməmək və balansı qorumaq üçün tərəfləri İstanbul danışıqlarına qayıtmağa çağırdı. Bu hissə isə daha çox Rusiyanın maraqlarına uyğun görünürdü”.

Politoloq hesab edir ki, əsas məqam Tokayevin fikrinin birinci hissəsi idi: “Yəni onun müharibənin dayandırılması ilə bağlı açıq çağırışı. Bu, həm də Qazaxıstanın milli maraqlarına tam uyğundur. Çünki Rusiya-Ukrayna müharibəsi uzandıqca və coğrafiyası genişləndikcə bunun mənfi təsirləri qonşu dövlətlərə də sirayət etməyə başlayıb. Məsələn, Qazaxıstan əsas neft ixracını Rusiyanın Novorossiysk limanı vasitəsilə Qara dəniz üzərindən dünya bazarlarına çatdırır. Hazırda isə Novorossiysk limanı və həmin limana yaxınlaşan neft tankerləri mütəmadi olaraq pilotsuz uçuş aparatlarının hücum təhlükəsi ilə üz-üzədir. Bu isə Qazaxıstanın enerji ixracı və iqtisadi maraqları üçün ciddi risk yaradır”.

Ukrayna müharibəsi: Baxmut Rusiya və Ukrayna üçün niyə önəmlidir? - BBC  News Azərbaycanca

Onun sözlərinə görə, Qazaxıstan prezidenti "Mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm" deməklə iki mesaj verib: “Bununla o, bir tərəfdən Putinə dolayısı ilə "müharibəni dayandırmaq lazımdır" mesajını verdi, digər tərəfdən isə münaqişənin tərəfi olmadığını və prosesə qarışmaq niyyətində olmadığını xüsusi vurğuladı ki, Kreml sonradan onu hansısa mövqeyə görə ittiham etməsin”.

Politoloqun fikrincə, Tokayevin Qarabağ münaqişəsi ilə Rusiya-Ukrayna müharibəsi arasında apardığı müqayisə də təsadüfi deyildi: “O bildirdi ki, Qarabağ münaqişəsi, yəni Azərbaycan-Ermənistan qarşıdurması anlaşılandır, amma Rusiya-Ukrayna müharibəsini anlamaq çətindir. Məncə, Tokayev bununla onu nəzərdə tuturdu ki, Ermənistan uzun illər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmişdi və Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmək uğrunda mübarizə aparırdı. Bu münaqişə təxminən 30 il davam etdi və nəticədə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Əslində burada başqa bir paralel də var. Çünki Rusiya da Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsini nəzarəti altına alıb. Fərq ondadır ki, Azərbaycan öz məqsədinə nail olaraq ərazi bütövlüyünü bərpa edə bildi. Təəssüf ki, Ukrayna isə bütün müqavimətinə və müdafiə qabiliyyətinin artmasına baxmayaraq, hələlik qarşısına qoyduğu məqsədə tam şəkildə çata bilməyib. Bu paralelin daha bir maraqlı tərəfi ondan ibarətdir ki, artıq beynəlxalq birlik Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir. Vaxtilə Ermənistana dəstək verən bir sıra dövlətlər də bu reallığı qəbul ediblər. Bu baxımdan Tokayevin Qarabağ məsələsini xatırlatması təsadüfi deyildi və yerinə düşən bir mesaj idi”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR