ABŞ və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin qorunması üçün beynəlxalq koalisiyanın yaradılmasını müzakirə edəcəklər. Bu barədə “Axios” öz mənbələrinə istinadla xəbər yayıb. "ABŞ və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin qorunması üçün mümkün beynəlxalq koalisiyanın yaradılmasını müzakirə etmək üçün gələn (bu – red.) həftə Londonda yüksək səviyyəli görüş keçirməyi planlaşdırıblar”, - portal Avropa diplomatlarından sitat gətirib.

Qarşıdakı danışıqlarda Qərb və Yaxın Şərq ölkələrindən müdafiə nazirləri və yüksək rütbəli hərbi komandirlər iştirak edə bilər. ABŞ-ni Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin təmsil edəcəyi gözlənilir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-İran müharibəsi ilə bağlı rəsmi itki statistikasını yeniləyib. Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sisteminə (DCAS) 140-dan çox yaralı hərbçi əlavə edilib. Bununla yanaşı, iyulun 7-dən etibarən həlak olan və yaralanan hərbçilər üçün "Xarici əməliyyatlar" (Overseas Operations) adlı yeni kateqoriya yaradılıb. Yenilənmiş məlumatlara əsasən, münaqişənin ilk mərhələsi kimi təqdim olunan və "Operation Epic Fury" (Epik Qəzəb) adlandırılan əməliyyat zamanı 14 ABŞ hərbçisi həlak olub, 400-dən çox hərbçi isə yaralanıb.
Yeni statistikaya əsasən, ABŞ-nin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından indiyədək ümumilikdə 18 hərbçi həlak olub, 624 hərbçi isə yaralanıb.
Bəs bu dəfə İrana qarşı geniş koalisiya mümkün olacaqmı və o halda İranı nə gözləyə bilər?

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, Böyük Britaniya vaxtilə İran rejimini gizli şəkildə himayə edib və bunu Fransa üzərindən həyata keçirib: "Bu gün bir sıra məsələlərdə Britaniya ilə ABŞ arasında fikir ayrılığı var. Xüsusən də Trampın İran siyasəti ilə bağlı onunla razılaşmırlar. Düşünmürəm ki, belə bir koalisiya mümkün olsun. Hazırda tərəflər arasında gedən qarşıdurmaya İsrail də qoşulmur. Britaniyanın iştirakını az ehtimal hesab edirəm".
Təhlilçi ümid edir ki, münaqişə tezliklə başa çatacaq: "Hazırda gərginlik ən yüksək səviyyədədir. Hətta müharibənin genişlənməsi riski var. Amma bu, İrana sərf etmir. Daha böyük coğrafiyada müharibə İran üçün əlavə resurslar xərclər deməkdir. Ümumiyyətlə, resursların tükəndirilməsi savaşı gedir. ABŞ hesab edir ki, İranın gücü tükənəcək və hərbi potensialı qalmayacaq. Ona görə məsələni daha tez həll etmək üçün Britaniyanı da eskalasiyaya qoşmaq niyyətindədir".
Emil Salamoğlu
Musavat.com






