İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirdi - FOTOLAR

586 19.01.2026 11:49 Ölkə A A

20 Yanvar - millətin vicdanına çevrilən tarix, xalqın sınmayan iradəsinin parlaq nümayişidir.

Musavat.com xəbər verir ki, bu fikirlər Vəhdət Partiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə keçirilən görüşdə səsləndirilib.

Faciənin 36-cı ildönümünə həsr olunan tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi naminə canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında 20 Yanvar faciəsini “Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi, qürur tariximiz” adlandırıb.

Həmin gecə ilə bağlı şəxsi xatirələrini bölüşən partiya sədri bildirib ki, 20 Yanvar hadisələrinə yalnız faciə prizmasından yanaşmaq düzgün deyil:

“O gecə bir milyona yaxın insan küçələrdə idi. Bu, xalqımızın sarsılmaz iradəsinin, azadlıq sevgisinin təntənəsi idi. Bakının küçələrinə çıxan insanlar silahsız idilər, amma qəlbləri Vətən sevgisi ilə silahlanmışdı. Bu gün azad və suveren dövlətimiz varsa, bunu məhz həmin şəhidlərin fədakarlığına borcluyuq.”

Adəm İsmayıl Bakuvi 20 Yanvar həqiqətlərinin dünyada tanıdılmasının, gənc nəsil arasında təbliğinin əhəmiyyətini də vurğulayıb.

Partiya sədri xatırladıb ki, 20 Yanvar faciəsi zamanı Ümummilli Lider Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və orada çıxış edərək bu hadisəni yalnız xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törədilmiş amansız cinayət kimi qiymətləndirib. O əlavə edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi və siyasi qiymət verilib.

Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələri və əlilləri dövlət qayğısı ilə əhatə olunub. Ulu Öndərin siyasi kursunu davam etdirən Prezidentin şəhidlərin xatirəsinə göstərdiyi ehtiram Azərbaycan dövlətinin mənəvi gücünün bariz nümunəsidir. Sədr Vəhdət Partiyasının şəhidlərin adını, amalını və müqəddəs yolunu hər zaman uca tutacağını vurğulayıb.

Daha sonra tədbirdə 20 Yanvar faciəsinin dəhşətini və həmin gecə yaşanan ağır anları əks etdirən film nümayiş etdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR