Vaşinqtonda yüksək səviyyəli qalmaqal gündəmə gəlib.
Musavat.com xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ əmək naziri Lori Chavez-DeRemerin həyat yoldaşı Şon DeRemer cinsi təqib iddiaları ilə bağlı araşdırma altındadır.
Məlumata əsasən, ABŞ Əmək Nazirliyinin iki əməkdaşı DeRemerin onlara qarşı qeyri-etik davranış nümayiş etdirdiyini bildirib. İddia olunan hadisələrdən biri dekabr ayında baş verib, yanvar ayında isə məsələ Vaşinqton polisinin diqqətinə çatdırılıb və istintaq başladılıb.
Şon DeRemer WSJ-yə açıqlamasında ittihamları qəti şəkildə rədd edib: “Mən bunların heç birini etməmişəm, bütün ittihamları tamamilə inkar edirəm.”
Nəşrin yazdığına görə, yanvar ayında DeRemerin Əmək Nazirliyinin binasına girişi qadağan edilib. Həmçinin o, ABŞ-ın birinci xanımı Melania Trump haqqında sənədli filmin premyerasına dəvət siyahısından çıxarılıb. Lori Çaves-DeRemer filmi həyat yoldaşı olmadan izləyib.
“The Wall Street Journal” qeyd edir ki, nazirin özü də daxili araşdırma obyektidir. O, büdcə vəsaitlərindən düzgün istifadə etməməkdə və əməkdaşlarından biri ilə “uyğunsuz münasibətlərdə” şübhəli bilinir.
Musavat.com






