İnsanlara hürriyət, millətlərə istiqlal!

Valeh Kərimovdan zarafatyana cavab: "Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…"

3585 19.07.2026 14:39 Mədəniyyət A A

“Sumqayıt Dövlət Dram Teatrı ilə müqaviləm bu mövsüm başa çatdı. Növbəti mövsümdə isə mənimlə iş birliyinin davam edib-etməyəcəyinə teatr rəhbərliyi qərar verəcək. Müqavilə yenilənsə, fəaliyyətimi davam etdirəcəyəm”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.

82 yaşlı aktyor bildirib ki, yeni müqavilənin bağlanması teatrın gələcək planlarından asılıdır:

“Əgər mənə ehtiyacları olsa, dəvət edəcəklər, olmasa, etməyəcəklər. Müqavilənin şərtləri belədir”.

Yay tətilini necə keçirəcəyi ilə bağlı suala isə Xalq artisti özünəməxsus yumorla cavab verib:

“Nə bilim, vallah. Sərin yer axtarıram. Deyirlər ki, Mingəçevirdən sərin yer yoxdur. Tanışdan, dostdan dəvət edən olsa, gedərəm, Kürün qırağında, ağacların altında oturub söhbət edərik. Artistin nə planı olur ki? Həyat necə gətirsə, qismətə nə düşsə, onunla kifayətlənirik. Vaxt və imkan olanda da harada alınsa, orada dincəlirik”.

Qeyd edək ki, Valeh Kərimov Azərbaycan teatrı və kinosunun tanınmış simalarındandır. O, çoxsaylı yaddaqalan obrazlar yaratsa da, xüsusilə “Bəxt üzüyü” filmində canlandırdığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşında xüsusi yer tutub.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR