Avropa İttifaqı israfçılığın qarşısını almaq və resurslardan daha səmərəli istifadə etmək üçün yeni qərar qəbul edib.
Musavat.com xəbər verir ki, Ekodizayn Qaydalarına (ESPR) əsasən, satılmayan geyim və ayaqqabılar artıq məhv edilə bilməyəcək. Belə məhsullar təkrar istifadə, xeyriyyə məqsədləri və ya təkrar emal üçün yönləndirilməlidir.
Qərar problemin miqyası ilə əlaqədardır. Hər il Avropada yüz minlərlə ton istifadə olunmamış tekstil tullantı poliqonlarına göndərilir. Məsələn, təkcə Almaniyada 2021-ci ildə geri qaytarılmış təxminən 17 milyon geyim və digər məhsul məhv edilib.
Aİ istehsalçıları daha uzunömürlü, təmirə və təkrar istifadəyə yararlı məhsullar istehsal etməyə təşviq etməklə resurs israfını azaltmağı hədəfləyir.
Yalnız məhsulun istifadəsi təhlükəli olduqda və ya texniki baxımdan onun yenidən istifadəsi mümkün olmadıqda utilizasiyaya icazə veriləcək.
Musavat.com






